Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:14

Parlament polisin elektroşokdan istifadəsinə icazə verdi


Azerbaijan -- Azerbaijani youth activists sentenced, supporters clash with police, Baku, 6 May 2014.

Azerbaijan -- Azerbaijani youth activists sentenced, supporters clash with police, Baku, 6 May 2014.

-

Azərbaycan polisinə elektroşok aparatından istifadə icazəsi verilir. Parlamentin 28 oktyabr iclasında «Polis haqqında» qanuna belə dəyişiklik edilib.

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev hesab edir ki, polisin elektroşokdan istifadəsi sivil ölkələrdə özünü doğrultsa da, Azərbaycanda bu, bəzi problemlər yarada bilər:

«Sivil, hüquqi dövlətlərdə belə qanun çoxdan var və bu alqışlanmalıdır. Çünki o ölkələrdə hüquqi demokratiya o dərəcədə güclüdür ki, polis öz fəaliyyəti çərçivəsindən kənara çıxmır. Həmin ölkələrin polisləri elektroşokdan necə istifadə olunmasını çox gözəl bilir. Gəlin görək, Azərbaycan polisi bu səviyyədədirmi? Avropa Şurasının üzvüyük deyə, o ölkələrə baxıb, qanun qəbul edirlər. Qəbul etmək bir şərtdir, ondan dürüst istifadə etmək ikinci. Qoy, özlərini dünyanın aparıcı ölkələrinə bənzətsinlər. Görək, polis də özünü o ölkələrdəki polislər kimi apara biləcəkmi?».

Mahmud Hacıyev hesab edir ki, bu üsuldan istifadə etməklə hakimiyyət səlahiyyətləri aşılacaqsa, ortada başqa məqsəd də ola bilər:

«Əsas budur ki, polis hakimiyyət səlahiyyətlərini aşmasın. Təxirə salınmayan hal olacaqsa, polisin özünü və digərlərini qorumaq üçün başqa yolu qalmayacaqsa, o zaman istifadə normal haldır. Polis bundan necə gəldi istifadə edəcəksə, bu yolverilməzdir. Bizim polislərin də fəaliyyəti göz qabağındadır. Elektroşokdan kütləvi aksiyalarda da yeri gəldi, gəlmədi istifadə olunacaqsa, bu artıq səlahiyyətin aşılması demək olacaq. Belə hal baş verəcəksə, deməli, bu qanun məqsədli qəbul olunub».

***

Oktyabrın 28-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib.

Sessiyada polis haqqında qanunun müzakirəsi zamanı Əli Hüseynli bildirib ki, polislərə elektroşok vasitələrdən istifadəyə icazə verilməlidir. Onun sözlərinə görə, təhlükəli vəziyyətlərdə polisin silaha əl atmasındansa, elektroşokdan istifadə etməsi daha məqsədəuyğundur:

«Amma polis bütün hallarda bundan istifadə edə bilməyəcək. Bunun üçün konkret hallar nəzərdə tutulub».

Əli Hüseynlinin dediyinə görə, ictimai təhlükəli əməl - odlu silah işlədilərsə, məhbus həsbdən qaçarsa, insan həyatına qəsd törədilərsə, yaralanan şəxs silahlı müqavimət göstərərsə, odlu silah başqası tərəfindən ələ keçirilərsə və adama hücum edən, real təhlükə yaradan heyvanı məhv etmək lazım olarsa polis elektroşokdan istifadə edə biləcək.

«BUNDAN XÜSUSİ İCAZƏSİ OLAN POLİSLƏR İSTİFADƏ EDƏ BİLƏR»

Deputat Çingiz Qənizadə elektroşok vasitələrin, xüsusi istifadə hüququ icazəsi olan polislərə veriləcəyini bildirib.

«Polis silahdan istidafə etsə, başqalarına zərər vura bilər. İctimai sabitliyin qorunmasında polislərin rolu böyükdür. Elektroşok vasitələrindən istifadəyə insan haqqlarının pozulması kimi baxmaq düzgün deyil. Bir çox inkişaf etmiş ölkələrin polisi də bundan istifadə edir».

Aqil Abbas isə təklif edib ki, polisə xəbərdarlıq olmadan atəş açmaq hüququ verilsin.

«ELEKTROŞOKUN TƏTBİQİ ANTİ-HUMANİST TƏDBİRDİR»

Gövhər Baxşəliyeva isə elektroşokun tətbiqini anti-humanist tədbir sayıb. Onun fikrincə cinayətkarın ayağından vurmaq daha yaxşıdır, nəinki ona qarşı elektroşokdan istifadə etmək. O qanunda belə dəyişikliyə səs verməyəcəyini bildirib.

«Bu, həmin adama fiziki, mənəvi, psixoloji zərbə vuracaq. Cəmiyyətimiz bunu bağışlamayacaq».

Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevanın rəyinə cavab olaraq bildirib ki, elektroşokun tətbiqi humanizmdən qaynaqlanır.

«Tutaq ki, hər hansı cinayətkarın əlində bıçaq var, ona ya silah tətbiq olunmalı, ya da elektroşokdan istifadə olunmalıdır. Hansı daha yüngül metoddur?»

Qüdrət Həsənquliyev Milli Şuranın üzvü Eldəniz Quliyevin son vaxtlar DİN əməkdaşları haqqında yazılarını xatırladaraq, onun təxribatçı olduğunu vurğulayıb:

«Nazir onu məhkəməyə verməklə düz edib. Eldəniz Quliyev təxribatçıdır. O Azərbaycan türkü ola-ola talışların hüquqlarını müdafiə komitəsi yaratmışdı. Bəs, indi yaratmır? Deməli, o zaman xaricdən sifariş almışdı. Bu adam peşəkar təxribatçıdır».

Müzakirələrdən sonra polis haqqında qanuna dəyişiklik qəbul olundu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG