Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

O gözəl idi, çox gözəl...


-

Günel Hacı

O

Əslində, qara deyildi onun gözləri,

heç yaşıla da çalmırdı.

Sarının tonlarına bürünmüşdü sanki.

Bir az da bozdan almışdı.

Deyəsən, qonur idi, ya da heç o da deyildi,

ancaq gözəl idi, çox gözəl.

Kirpikləri sıxışmışdı göz qapaqlarının uclarında. Nə sürməsi vardı, nə də ənliyi.

Gözlərinin altında qaraltılar elə də görünmürdü. Xəfif bir tündlük almacıqlara doğru axıb gedirdi.

Sol gözünün altında, almacıq sümüyünün tam üstündə 3 xal sıralanıb izləyirdi bir-birini.

Çili yox idi, heç bir dənə də yox idi. Bənizi buğdayı, ya da bir az tünd və solğun görünürdü.

Üst dodağı adiydi, çox adi. Alt dodağında nəsə sükut yatırdı. Dolu idi, özü də büzməli. Hər zaman qarşılaşmırsan bu dodaqlarla, arzusunda da olmuş olarsan nə vaxtsa.

Pis deyildi, bəlkə də lap əntiqəydi, bilmirəm.

Saçlarını bir hörükdə pərçimləməyə çalışsa da, qıvrım qara tellər sözünə baxmamışdı deyəsən. Qalın idi hörüyü, bir az da beldən yuxarı, kürək nahiyəsində bitirdi. Gözünə çatmayan qıvrımları gicgahlarını örtürdü. Qəribədir, ancaq bu, ona yaraşırdı.

Gözlərim əllərini axtardı.

Biri qarşımdaydı, özü də lap mənə tərəf.

Sadə idi. Uzun və incə barmaqlar.

Bircə üzük vardı - firuzəyi qaşlı.

Şəhadət barmağına taxmışdı.

Dırnaqları boyasızdı. Xına çalarları qalmışdı sanki.

Səs qulaqlarıma dəyəndə təkrar üzünə baxdım. Büzməli dodaqlarının tərpəndiyini gördüm.

O dodaqlar mənə:

-Ay bacı, vermirsən nəzirimi?, - dedi və digər masalara doğru getdi.

(Hekayənin illüstrasiyası: İspan rəssamı Francisco Iturrino-nun "İki qaraçı" əsərindən fraqment)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG