Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

-
BİRGƏ QRUP HANSI MƏHBUS SİYAHISI İLƏ İŞLƏYƏCƏK?

Tanınmış məhbuslarla bağlı məsələlərin həlli üçün yaradılan, hökumət, parlament nümayəndələrinin, QHT təmsilçilərinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə Birgə Qrup hansı siyahını əsas götürəcək?

“Media forum” saytı İnsan Hüquqları üzrə Birgə Qrupda təmsil olunan hüquq müdafiəçiləri Səadət BənənyarlıNovella Cəfəroğlunu bu mövzuda danışdırıb. Səadət Bənənyarlı deyib ki, Birgə Qrup heç bir siyahı hazırlamayacaq:

“Qrup məhkəmələrdə hüquqları pozulmuş şəxslərin işlərinə baxacaq. Birgə Qrupda Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun bir neçə üzvü təmsil olunur. Monitorinq qrupunun siyasi məhbus siyahısı var. Birgə Qrupda olan üzvlər o siyahıda olan insanların azadlığa çıxması məsələsini qaldıracaq. Siyahıda 24 nəfərin adı yer alır. Biz monitorinq qrupunun üzvü olaraq o siyahının yenidən müzakirəyə çıxarılmasını istəyirik”.

Novella Cəfəroğlu bildirib ki, Birgə Qrupdan problemli məhbus kimi qəbul edilən bütün insanların məsələsinin həll olunacağını gözləyirlər:

“Hələ ki, iş gedir. İctimaiyyətə açıqlama verəcəyik. Kimin haqqı tapdanıbsa, çalışacağıq onun məsələsinə baxılsın”.

İŞÇİ QRUP SİYASİ MƏHBUSLARLA BAĞLI SİYAHİ HAZIRLAYIR

Arzu Abdullayeva musavat.com-a bildirib ki, birinci iclas olduğundan, əsasən, təşkilati məsələlər müzakirə edilib:

“Ancaq çoxlu məsələlər ortada durmuşdu. Müzakirələrdə siyasi məhbusların da adları çəkildi. Onlar başqa mövqedədirlər, biz başqa. Onlar məhbusları siyasi hesab etmirlər, tam başqa ad istifadə edirlər. Biz danışdıq ki, xəstə məhbuslar birinci azad olunmalıdırlar. İntiqam ƏliyevArif Yunusun məsələsinə baxılmasını təklif edirik, onların hər ikisi xəstədir. Xəstələrin ayrıca siyahısı hazırlanır. Hilal Məmmədov da xəstədir. Leyla Yunusun da səhhətində ciddi problemlər var. Hər bir işi müzakirə edəcəyik. Ümumiyyətlə, İşçi Qrupu təkcə siyasi məhbuslara görə yaranmayıb. İnsan haqları problemləri ilə bağlı işçi qrupudur. Bu da imkan verir ki, işgəncə məsələləri, ədalətsiz məhkəmələrlə bağlı məsələlər, siyasi olmayanların da işi müzakirəyə çıxarılsın. Ədalətsiz həbslər, ittihamlar da müzakirə predmeti olacaq. Sadə adamlar çox əzab çəkir, ələlxusus rayonlarda yaşayan adamlar. Çox zaman onlara qarşı haqsızlıq edirlər”.

AZƏRBAYCANDA NİYƏ KADR BÖHRANI YARANIB?

“Bizim Yol” ölkədə kadr çatışmazlığından yazır.

“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də açıq etiraf edib ki, kadr böhranı ilə üz-üzə qalıblar:

"Etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni heç cür qane etmir".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eks-sədri Vurğun Əyyub "Bizim Yol"a şərhində bildirib ki, kadrlarla bağlı problemlərin yaranmasının bir neçə səbəbi var:

"Başlıca amil təhsil səviyyəsinin aşağı olmasıdır. Burada əsas günahkar hakimiyyətin özüdür və indi etiraf olunur".

Onun fikrincə, savadlı mütəxəssislər olsa da, onlar idarəetməyə cəlb olunmur:

"Amma az və ya çox, savadlı kadrlar hələ də var. Ölkədəki rüşvət sistemi, tanışlıq məsələsi bilikli adamları kənarda qoyur. Belə bir sistem imkan vermir ki, bacarıqlı və savadlı kadrlar idarəetmədə öz yerini tutsun. Bunlar bir-birinə bağlı məsələlərdir".

DÖVLƏT İDARƏÇİLİK AKADEMIYASINDA NÖVBƏTİ DƏRS

“Azərbaycan” qəzeti "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcidin yazısını dərc edib. Müəllif Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi mərasimindəki çıxışından yazır.

“Bir qəzet redaktoru kimi də etiraf etməliyəm ki, bu gün internet media bütün başqa mətbuat vasitələrini üstələyir. Və doğrudan da, buradakı informasiyanın dəqiqliyini, dürüstlüyünü yoxlamaq imkanı çox azdır. Mən ötən il yay aylarında dövlət başçımıza "Jurnalistlərin dostu" mükafatının təqdimolunma mərasimindəki çıxışımda bu məsələlərlə bağlı bəzi narahatlıqları dilə gətirmişdim. Uzun illər media sahəsində çalışan və gənclərlə daim ünsiyyətdə olan adam kimi bütün bunların həlli yollarını, sadəcə, maariflənmədə görürəm. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, ilk növbədə, gənclərin təlim-tərbiyəsinin möhkəmliyi, onların hərtərəfli intellektual olması üçün çalışmalıyıq”.

MƏMURLAR MƏHKƏMƏYƏ ÇAĞIRILA BİLƏR

“Azadlıq” qəzeti xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi ilə dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlanıb. Ramazan Səlimovun vəkili İradə Cavadovanın “Azadlıq”a verdiyi məlumata görə, Ramazan Səlimovun mülki zərərçəkmiş kimi tanınması ilə bağlı vəsatət qaldırıb. Vəkilin vəsatəti təmin olunub. Ramazan Səlimov mülki zərərçəkmiş, Həsən Əliyev isə cavabdeh kimi tanınıb.

Arxiv foto

Arxiv foto

Daha sonra hakim “Siz bu işdə özünüzü təqsirli bilirsinizmi?” deyə Həsən Əliyevə sual edib. Keçmiş hakim isə “Mən əvvəl də bu işdə özümü təqsirli bilməmişəm, Ramazan Səlimov yalan danışır” deyə cavab verib.

İradə Cavadova onu da bildirib ki, bu işdə adı hallanan məmurların da məhkəməyə çağırılmasında maraqlıdırlar.

“Onlar gəlib ifadə verməlidirlər. Biz bununla bağlı vəsatət də qaldıracağıq”, - deyə vəkil bildirib.

İstintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

OBAMA İLƏ GÖRÜŞƏCƏK AZƏRBAYCANLI DANIŞDI

Bir azərbaycanlı yeniyetmə Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama ilə görüşəcək. ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, 15 yaşlı Məhəmməd Abdulla artıq 10 ildən çoxdur ki, Birləşmiş Ştatların Florida ştatında yaşayır və hazırda 9-cu sinifdə oxuyur.

Məhəmməd Abdullah: "Obama ilə görüş bizim üçün böyük bir şansdır"

Məhəmməd Abdullah: "Obama ilə görüş bizim üçün böyük bir şansdır"

Bu gün Məhəmməd öz ağlı və savadı ilə Birləşmiş Ştatlarda seçilmiş 30 məktəblidən biridir. Məhz bu fərqliliyinə gərə də Məhəmməd Birləşmiş Ştatlar prezidenti Barack Obama ilə görüşmək imkanı əldə edib. Ona bu görüşü əldə etməyə şərait yaradan isə “Broadcom Masters” elm və mühəndislik müsabiqəsinin qaliblərindən biri olmasıdır. Məktəblilər Ağ Evdə Barack Obama ilə görüşdə də öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd isə Obama ilə görüşməyin həyəcanını yaşayır. Məhəmməd Azərbaycanca başa düşsə də danışmaqda çətinlik çəkdiyindən onunla söhbətimizi ingilis dilində aparırıq.

"Mən həqiqətən də çox həyəcanlıyam. Obama əhəmiyyətli bir şəxsdir. Onunla görüş bizim üçün bir stimuldur və mən buna görə çox şadam. Düşünürəm ki, Obama ilə görüş bizim gələcək fəaliyyətimizə də təsir edəcək. Obama ilə görüş bizim üçün böyük bir şansdır. Və biz ona həm də öz layihələrimizi göstərəcəyik”, deyə Məhəmməd Abdulla bildirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG