Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:39

Putinin göstərişi azərbaycanlıların da narahatçılığına səbəb olub


Rusiya Miqrasiya Xidmətinin əməkdaşı miqrantlardan birinin sənədlərini yoxlayır. 6 oktyabr, 2006

Rusiya Miqrasiya Xidmətinin əməkdaşı miqrantlardan birinin sənədlərini yoxlayır. 6 oktyabr, 2006

Rusiya prezidenti Vladimr Putinin bazarlara nəzarətin gücləndirilməsi barədə oktyabrın 5-də hökumətə tapşırıqlar verməsi təkcə qonşu ölkədə işləyən gürcülərin deyil, eyni zamanda, azərbaycanlıların da narahatçılığına səbəb olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sakit Allahverdiyev deyir ki, problem gürcülərlə bağlı olsa da, bundan azərbaycanlıların zərər çəkməsi istisna deyil. Ancaq bu hadisələrin azərbaycanlılara iqtisadi, siyasi təsiri olmaması üçün indidən lazımi işlər görülür. Onun sözlərinə görə, Rusiyanın dövlət orqanlarında azərbaycanlılara münasibət gürcülərdən fərqli olaraq çox yaxşıdır.


Azərbaycanın Rusiyadakı səfirliyinin siyasət şöbəsinin müdiri, Cavanşir Axundov isə bildirir ki, səfirlik vəziyyəti nəzarətdə saxlayır və hələlik bu hadisədən azərbaycanlılar ziyan çəkməyiblər: «Proses səfirliyin nəzarəti altındadır. Xüsusi adamlarımız da rəsmi orqanlarla əlaqə saxlayırlar. Rusiyadakı azərbaycanlıların səfirliklə əlaqə saxlamaları üçün lazımi şərait var».


Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı xüsusi nümayəndəsi Vaqif Şərifov isə bazarlarda adi prosedur qaydası kimi qeydiyyat sənədlərinin yoxlanıldığını, ancaq azərbaycanlılara qarşı heç bir əlavə tədbir görülmədiyini bildirir.


Moskva bazarlarında alver edən azərbaycanlılar isə hələlik onlara qarşı konkret bir hadisə baş vermədiyini desələr də, yaranmış vəziyyətin yaxşı heç nə vəd etmədiyini bildirirlər. Beş ildən artıq Moskvanın «Tyoplıystan» bazarında çalışan Lənkəran rayon sakini Teymur Əzizov deyir ki, Rusiya Xüsusi Təyinatlı Polisi bazarlarda yoxlamalar aparır, video çəkilişlər edir. Hələlik ciddi narahatçılıq baş verməsə də, bunun sonrasının yaxşı olmayacağı görünür: «Azərbaycanlılar polisin onlara nəsə edəcəyindən narahatdırlar. Ona görə də bu gün demək olar ki, onların 80 faizi işə çıxmayıb».


Teymur Əzizovun sözlərinə görə, onlara qarşı hər hansı qeyri-qanuni hadisə baş versə, səfirliyə və Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına müraciət edirlər. Və bunun köməyi olur. Keçən il bir neçə dəfə o, şəxsən belə bir dəstəyi hiss edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG