Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Zəfər Quliyev: «Moskva rəsmi Kiyevlə danışıqlara gedəcək»


Zəfər Quliyev, politoloq

Zəfər Quliyev, politoloq

-

“Ukrayna Avropaya inteqrasiya yolunda tam qələbə çalarsa, Azərbaycana da bu xətti müdafiə etmək asan olacaq”.

Ukraynada ötən bazar günü keçirilən parlament seçkilərinin nəticələrini AzadlıqRadiosuna şərh edən politoloq Zəfər Quliyevin sözlərinə görə, xalqın böyük əksəriyyəti Avropaya inteqrasiya xəttini seçən qüvvələri dəstəklədi:

“İlkin nəticələr göstərir ki, qərbyönümlü partiyalar Ali Radada çoxluq təşkil edəcək. Bu, xalqın Qərbyönümlü siyasətə verdiyi dəstəkdir. Bu, onu göstərir ki, Moskvanın Ukraynaya qarşı yürütdüyü hərbi, siyasi xətt əks-effekt verdi”.

Zəfər Quliyev Ukrayna xalqının hakimiyyət ilə eyni mövqe göstərdiyini deyir:

“Bundan sonra ölkə Moskvanın təzyiq və təxribatlarına daha asan davam gətirəcək. Çünki bir hakimiyyət o zaman xarici müdaxiləni dəf edə bilər ki, onun mövqeyi ilə xalqın mövqeyi üst-üstə düşsün”.

“MOSKVA BARIŞMALI OLACAQ”

Politoloq hesab edir ki, seçkinin nəticələri ilə Moskva da barışmalı olacaq:

“Onsuz da Ukrayna siyasəti üzündən Rusiya ciddi maliyyə itkiləri ilə üzləşib. Fikrimcə, Moskva rəsmi Kiyevlə danışıqlara gedəcək”.

Ukrayna parlamentində, hökumətində Avropaya inteqrasiya tərəfdarlarının oturması Azərbaycan üçün də önəmli haldır, - Zəfər Quliyev deyir. Onun sözlərinə görə, son vaxtlar Moskva keçmiş post sovet ölkələrində təhlükəli siyasət yürütməsi nəticəsində qərb yönümlü təşkilatlar, beynəlxalq qurumlar sıxışdırılır:

"Rusiya keçmiş sovet respublikalarında əvvəllər olduğu kimi hegemonluq etmək istəyir. Amma Azərbaycan öz yolunu seçib, bunu Konstitusiyası ilə də göstərib. Ukrayna Avropaya inteqrasiya yolunda tam qələbə çalarsa, Azərbaycana da bu xətti müdafiə etmək asan olacaq”.

XS
SM
MD
LG