Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:12

Şənbə Anaları 500-cü dəfə toplandılar


Analar 500-cü şənbə günü öz övladlarına ədalət tələbi ilə çıxış etdilər. Foto: Elçin Tağıyev

Analar 500-cü şənbə günü öz övladlarına ədalət tələbi ilə çıxış etdilər. Foto: Elçin Tağıyev

-

Eyni zaman. Eyni məkan. Eyni cavabsız suallar… Oktyabrın 25-də Şənbə Anaları 90-cı illərdə itkin düşmüş övladlarının fotoları ilə 500-cü dəfə toplandılar. Analar 500-cü şənbə günü öz övladlarına ədalət tələbi ilə çıxış etdilər.

Şənbə Anaları polis saxladıqdan sonra itkin düşmüş və üstü açılmamış siyasi cinayətlərin qurbanı olmuş yaxınlarının qatillərini axtaranlardan ibarət bir icmadır.

«ƏDALƏT SİZƏ DƏ LAZIM OLACAQ»

1995-ci il. İzmir. Murat Yıldız polis idarəsinə ifadə verməyə gedir və bir daha geri qayıtmır. Anası Hanife Yıldız 19 ildir oğlunun məzarını axtarır:

«Biz hər şənbə bu meydana ədalətə yetişmək, insanlığa çatmaq üçün gəldik. Amma təəssüf ki, uzana-uzana 500-cü həftə də gəldi çatdı, yenə də ədaləti tapa bilmədik. Bundan sonra da səssiz fəryadımıza davam edəcəyik. İqtidar deyir ki, xalqın asayişini pozanlara nə lazımdırsa, ediləcək. Burdan insanlara səslənirəm: evinizdə nə asayiş var? Kişilər həyat yoldaşlarını öldürür, uşaqlar analarını, hansı düzən var evinizdə? Asayiş budurmu? Daha nə qədər öləcəyik? Daha nə qədər itirəcəyik? Mən ədalət üçün, insanlar dərdlərini danışa bilsin, haqlarını qoruya bilsin deyə, burdayam. Biz ədalət istəyirik, o ədalət bir gün sizə də lazım olacaq».

Analar hər həftə yağışa, qara baxmadan burada toplaşırlar. Foto: Elçin Tağıyev

Analar hər həftə yağışa, qara baxmadan burada toplaşırlar. Foto: Elçin Tağıyev

1995-Cİ İLDƏN BU YANA...

Səssiz, şüarsız oturaq aksiyalar 1995-ci ilin mayında polisin Hasan Ocak adlı şəxsi İstanbulda saxlaması ilə başlanıb. 55 gündən sonra onun işgəncələrə məruz qaldığı cəsədi tapılıb. Ocak ailəsi və onların yaxınları bu etiraz aksiyasını keçirən ilk insanlar olublar. Sonradan oxşar taleyi paylaşan digər ailələr də qatılıblar.

Şənbə Analarının bu aksiyası qısa zamanda respublika miqyaslı hərəkata çevrilir. Ölkənin müxtəlif regionlarından öz itkilərini, acılarını dünyaya çatdırmaq üçün ailələr, əsasən də analar İstanbula gəlməyə başlayır.

İstiqlal küçəsi İstanbulun ən çox gediş-gəlişli səmti olduğu üçün analar hər həftə yağışa, qara baxmadan burada toplanırlar.

34 İLDİR SÜMÜK AXTARIRLAR

Qardaşı Cemil Kırbayır-ı 1980-ci il çevrilişi nəticəsində itirən Mikail Kırbayır 12 Sentyabr təfəkkürünün Türkiyədə hələ yaşadığı fikrindədir. O, 34 ildir qardaşının sümüklərini axtarır:

«Bu insanlar, yaxşı olanı, doğru olanı etmək üçün mücadilə edərkən 12 Sentyabr hadisələri zamanı yolları kəsilərək evlərindən, iş yerlərindən, ünvanlarından alınıb həyatlarına son qoyulanlardır. 500 həftədir onların aqibətini soraqlaşmaq, harada olduqlarını bilmək, məzarlarına qovuşmaq üçün ədalət və demokratiya mübarizəsi aparırıq. Bu ölkəni idarə edənlər lal, kar və kor oldular».

İtkin düşmüş şəxslərin çoxu əslən Türkiyənin kürdlər yaşayan cənub-şərq vilayətlərindəndir. Foto: Elçin Tağıyev

İtkin düşmüş şəxslərin çoxu əslən Türkiyənin kürdlər yaşayan cənub-şərq vilayətlərindəndir. Foto: Elçin Tağıyev

Cemil Kırbayır-ı polislər Qarsda evindən gəlib aparıblar. Onun istintaq evinə çevrilmiş Dədə Qorqud Təhsil Mərkəzində sorğu-sual zamanı işgəncə verilərək öldürüldüyü bildirilir. Bu faktı Türkiyə parlamentindəki komissiya sübuta yetirsə də, hadisəyə məsul şəxslər barəsində heç bir tədbir görülməyib.

İtkin düşmüş şəxslərin çoxu əslən Türkiyənin kürdlər yaşayan cənub-şərq vilayətlərindəndir. Kürdlər Türkiyənin 70 milyonluq əhalisinin 20 faizini təşkil edir. 1978-ci ildən Kürdüstan İşçi Partiyasının (PKK) Türkiyə hökumətinə qarşı partizan savaşı başlayıb və bu savaş ümumilikdə 40 mindən çox insanın ölümünə səbəb olub.

1998-ci ildə «Amnesty International» təşkilatının «Türkiyə: Şənbə Analarını dinlə» hesabatına görə, 1994-cü ildə bu cür itkinlərin sayı öz pik nöqtəsinə çatmışdı.

Təşkilatın hesabatında deyilir ki, qurbanların çoxunun siyasi fəallar olduğu ehtimal edilir. Onların əksəriyyəti kürd xalqının haqlarını müdafiə edənlər idilər, bir çoxu isə sadə kürd kəndliləri idi: dövlət onları PKK tərəfdarı olmaqda və kürd döyüşçülərinə dəstək verməkdə şübhəli bilib.

ATALARINI AXTARAN UŞAQLAR

Etiraz meydanlarında, Şənbə Analarının aksiyalarında itkin düşənlərin körpələri də atalarını axtara-axtara böyüyüb. 20 il əvvəl atasını itirən Gülbahar Aksoy bildirir ki, dövlətdən tələb etdikləri, sadəcə, atasının sümükləri deyil:

«Bilirik ki, biz vaz keçsək, əsl itki o zaman baş verəcək». Foto: Elçin Tağıyev

«Bilirik ki, biz vaz keçsək, əsl itki o zaman baş verəcək». Foto: Elçin Tağıyev

«Biz qatillərin mühakimə edilməsini istəyirik və bunun mübarizəsini də davam etdirəcəyik. Biz bu ölkədə öyrəndik ki, istəməklə olmur hər şey. Tələb edəcəksən, mübarizə aparacaqsan və qazanacaqsan».

Anaların ədalət axtarışı davam edir. Bu məsələ Avropa İnsan Haqları Məhkəməsinə də çıxarılıb. Avropa Məhkəməsi hər açılmamış cinayətlə bağlı Türkiyə dövlətinin günahkar olduğuna dair qərar çıxarıb.

ƏSAS TƏLƏBLƏR NƏDİR?

Bu aksiyalarda ailələrin başlıca tələbləri illərdir öldüsü-qaldısı bilinməyənlər barədə dövlət arxivlərində olan məlumatların ictimaiyyətə açıqlanması, günahkarların mühakimə edilməsi və Türkiyənin saxlanma zamanı itkin düşmüş şəxslərlə bağlı BMT sənədini imzalamasıdır.

İtkin düşənlərdən Hayrettin Eren-in qardaşı İkbal Eren bu tələblərindən vaz keçməyəcəklərini deyir:

«Bilirik ki, biz vaz keçsək, əsl itki o zaman baş verəcək. İnsanlıq qüruru əslində o zaman yaralanacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG