Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:28

-

Luke Johnson

Azərbaycan Vaşinqtondakı əzələli lobbiçiliyini davam etdirərək özünün Birləşmiş Ştatlardakı ictimai imicini yaxşılaşdırmaq üçün Respublikaçılar Partiyasının keçmiş məsləhətçisi və strateqinin xidmətlərinə müraciət edib.

Azərbaycanın Vaşinqtondakı səfirliyi «ABŞ hökumətinin rəsmilərinə və eləcə də ictimaiyyətinə nüfuz təsiri göstərmək məqsədilə» Liz Mair-in ictimai əlaqələr firması ilə kontrakt imzalayıb. ABŞ Xarici Agentlərin Qeydiyyatı Qanununa əsasən oktyabrın 9-da imzalanmış açıqlama bəyannaməsinə görə firma Azərbaycanın müsbət təbliğatı ilə məşğul olmalıdır.

6 ay müddətinə bağlanmış kontraktın şərtlərinə görə Azərbaycan Mair-in «Mair Strategies» şirkətinə ictimai əlaqə xidmətləri üçün ayda 15 min dollar ödəməlidir.

Mair Texas qubernatoru Rick Perry, Viskonsin qubernatoru Scott Walker və Kentukki ştatından senator Rand Paul da daxil olmaqla vəzifəli respublikaçılara internet kommunikasiyaları strateqi kimi xidmət göstərib.

Xanım Meir həmçinin Respublikaçı Milli Komitəsinin keçmiş internet kommunikasiyası direktoru işləyib.

Liz Meir-in Azərbaycan tərəfindən kirayələnməsi barədə məlumatı ilk dəfə Vaşinqtonun lobbiçi icmasının xəbər portalı olan Politico saytı kontraktla əlaqəsi olan mənbəyə əsasən yayıb.

Bu müqavilənin imzalanması Azərbaycanın Qərb rəsmiləri, təhlilçiləri və insan haqları qrupları tərəfindən tənqid olunduğu bir vaxta təsadüf edir.

Berlində mənzillənmiş Avropa Stabilliyi Təşəbbüsünün hesabatında deyilir ki, Azərbaycan may ayında Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyini qəbul edəndən bəri «ölkədə vətəndaş cəmiyyəti üzərinə ən ciddi və kobud hücuma başlayıb».

Lakin bununla birlikdə, Azərbaycan rəsmiləri ölkəni ABŞ-ın və Avropanın dəyərli müttəfiqi, Ukrayna böhranı ilə əlaqədar Rusiyanın artmaqda olan təcavüzü şəraitində enerji təhlükəsizliyi sahəsində həlledici oyunçu kimi qələmə verməyə çalışırlar.

Tənqidçilər Bakını Ukrayna böhranından fürsətlənməkdə və diqqəti son aylarda jurnalistlər, hüquqşünaslar və hökumətin başqa tənqidçiləri üzərinə hücumlar da daxil olmaqla ölkədəki insan haqlarının bərbad vəziyyətindən yayındırmaq üçün lobbiçilik etməkdə günahlandırırlar.

Sunlight Foundation təşkilatının təhlilinə görə, Azərbaycan hakimiyyəti 2013-cü ildə 2, 3 milyon dollarlıq məsrəfi ilə Birləşmiş Ştatlarda lobbiçilik edən xarici hökumətlər arasında 10-cu ən böyük pul xərcləyən hökumət olub.

Azərbaycan həmçinin Vaşinqtonun ən nüfuzlu lobbiçilik firmalarından olan «The Podesta» qrupu ilə ayı 50 min dollarlıq kontrakt bağlayıb.

Bakının Meir-lə müqaviləsində deyilir ki, «firma Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatlarının müvafiq dairələri ilə, media qurumlarının iştirakı da daxil, prioritet məsələlərin kommunikasiyası işində yardım göstərəcək».

«Mair Strategies» firmasının 100 faizlik sahibi olan xanım Meir AzadlıqRadiosuna şərh verməkdən imtina edib.

«Mair Strategies» özünü «Fortune 500 elitar siyahısına daxil müştərilər və böyük ticarət assosiasiyaları üçün dövlət səviyyəsində milli və beynəlxalq məsələlər üzrə ixtisaslaşmış yüksək səviyyəli internet kommunikasiyaları xidməti göstərən firma» kimi təqdim edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG