Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Nazirlik toy keçirənlərə bunları təklif edir


İqtisadiyyat və Sənaye Nazirliyi şənlik məclisi təşkil etmək istəyənlərə tövsiyə edir ki, şadlıq evinə sifariş verilməzdən əvvəl göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş menyunun təqdim olunmasına diqqət yetirsinlər

İqtisadiyyat və Sənaye Nazirliyi şənlik məclisi təşkil etmək istəyənlərə tövsiyə edir ki, şadlıq evinə sifariş verilməzdən əvvəl göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş menyunun təqdim olunmasına diqqət yetirsinlər

-

İqtisadiyyat və Sənaye Nazirliyi şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün tövsiyə xarakterli məlumat yayıb. Məlumatda əhaliyə bunlara diqqət yetirmək tövsiyə olunur:

- Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunması;

- qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsi;

- Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olması;

- Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılması;

- göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına diqqət edilməsi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Media forum” saytına mövzu ilə bağlı müsahibə verib. Bildirib ki, nazirliyin yaydığı məlumat zəruri olsa da, atılan addımlar vəziyyəti yaxşılaşdırmaq üçün kifayət etmir:

Eyyub Hüseynov,Azad İstehlakçılar Birliyinin sədri

Eyyub Hüseynov,Azad İstehlakçılar Birliyinin sədri

“İqtisadiyyat və Sənaye Nazirliyinin əhaliyə ünvanlandığı tövsiyələr xoş niyyətdir, mənzərəni xeyli dəyişə bilər. Amma bu gün şadlıq evlərində camaat növbəyə durub, tələb təklifi üstələyib. Belə vəziyyətdə istehlakçı kassaya müraciət edib qəbz istəsə, qarşı tərəf ona rədd cavabı verib xidmət göstərməyəcək, ya da “yerim tutulub” bəhanəsi gətirərək camaatdan sifariş götürməyəcək. Çünki müştərilər həddən artıq çoxdur. Nə qədər ki bazar öz aksiomu ilə işləyir, tələb təklifi üstələyir, şadlıq evlərində keyfiyyətsiz xidmət göstəriləcək, hökumətin bu xoş niyyəti heç də həyata keçməyəcək.

Vacib addımlardan biri istehlakçı ilə şadlıq sarayları arasında müqavilənin bağlanmasıdır. Dövlət istehlakçılara rəsmi sənədin verilməsini təzyiqlə də həyata keçirə bilər. Yaxşı olar ki, dövlət qurumları istehlakçı ilə şadlıq evi arasında müqavilə şərtlərini hazırlasın, məcburən müqavilə bağlansın və bu, istehlakçı ilə məsləhətləşmə şəraitində baş versin. Çünki ortada heç bir rəsmi sənəd olmayanda məhkəmə iddiası da qaldırmaq mümkün deyil. Dəfələrlə şadlıq evləri ilə toy yiyəsi arasında məhkəmə iddiaları olub. Ortada heç bir sənəd yoxdur deyə biz istehlakçının hüququnu lazımınca qoruya bilməmişik. Deməli, müqavilə, öhdəlik olmayan yerdə mütləq cinayət baş verir, keyfiyyətsiz xidmət göstərilir və başqa hallar nəzərə çarpır. Dövlət orqanı müqaviləni məcburi qaydada müəyyən etsə, qalan işlər həllini tapacaq”.

Ekspert şadlıq evlərinin keyfiyyətsiz xidmətindən xilas olmaq üçün həm də çadır toylarına üz tutmağa çağırış edib:

“Bu toylar dədə-babadan, kökdən gələn ənənədir. Sadəcə müasir çadır toyları bio-əlyuyan və digər zəruri ləvazimatlarla təchiz edilsə, şənlik yüksək səviyyədə təşkil edilə bilər.

Dövlət orqanları biznes qurumlarının işinə qarışmır. Azərbaycanda liberal bazar var. Amma vergidən yayınma kimi ciddi məsələlər də vergi orqanlarının gözü qarşısında baş verir, istehlakçının seçim hüququ pozulur. Hökumətin biznesin inkişafı siyasəti istehlakçının maraqları siyasətindən çox irəli gedib. Biz çalışırıq ki, hökumət qurumları, biznes orqanları üzünü istehlakçıya doğru çevirsin. Dövləti, ordunu, biznesi də saxlayan elə biz istehlakçılarıq. Nə qədər ki bu siyasət kökündən dəyişməyib, xidmət sektoru ilə istehlakçılar arasında belə anormal vəziyyət yaranacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG