Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:41

-

Gələcəkdə kitablar fəsil-fəsil də satıla bilər. İndi musiqi industriyasında bu geniş tətbiq edilir. Hansısa albomdakı mahnılar tək-tək də satılır.

Gələcəkdə yazıçılar çalışacaqlar ki, oxucunu bütün mümkün vasitələrlə kitabın əvvəlindəcə “qarmağa keçirsinlər”.

Wall Street Journal-ın materialları əsasında OxuZalı

İLK BÖLÜMÜN MÜHÜMLÜYÜ

Hazırda elektron kitab biznesi potensial alıcılara kitabdan “pulsuz parça” təklif edir. Yəni “dadına” bax, xoşuna gəlsə, al. Məsələn, “Kindle” oxuculara kitabların ilk bölümünü pulsuz yükləmək imkanı verir. Bu da ilk bölümü kitabın üz qabığı, reklamı qədər vacib edir.

Gələcəkdə yazıçılar çalışacaqlar ki, oxucunu bütün mümkün vasitələrlə kitabın əvvəlindəcə “qarmağa keçirsinlər”, kino sənətində buna elə “hook” (qarmaq) deyirlər.

Sssenari yazanlar bilir ki, filmin lap əvvəlində tamaşaçını filmə bağlayan, filmə axıracan baxmağa vadar edən hadisə baş verməlidir. Ya avtomobil qəzası, ya kiminsə daşla vurub baş qəhrəmanın getdiyi maşının şüşəsini sındırması, ya qətl, ya da hansısa müəmmalı hadisə. Bu mənada romanlar “kinolaşacaq”, qədimi nəsr əsərləri kimi uzun-uzadı təbiət təsvirləri ilə başlamayacaq.

Kitabı fəsil-fəsil almaq

Gələcəkdə kitablar fəsil-fəsil də satıla bilər. Məsələn, publisistik kitablar və hekayə topluları.

İndi musiqi industriyasında bu geniş tətbiq edilir. Hansısa albomdakı mahnılar tək-tək də satılır. Məsələn, iTunes-da. On-line dükanlar da oxuculara hər hekayəni, məsələn, 99 sentə sata bilər. Buna görə kitab biznesində modulyar əsərlərə yüksək dəyər veriləcək. Yəni hər bir bölümü bitkin olan, ayrı-ayrı hissələri asanlıqla “kəsilib” satıla bilən kitablar.

Amma təbii ki klassik süjetə malik romanları belə satmaq mümkün olmayacaq. Onlar da öz mövcudluğunu qoruyacaq. Amma fraqmentar satışın kitab biznesinə maraqlı, müsbət təsirləri də olacaq. Oxucu mütləq bütöv kitablar almağa məcbur olmayacaq, 15 səhifə oxumaq istəyirsə, bir hekayə də ala bilər.

Oxucunun sehrli çubuğu

Müasir dövrün insanları arasında şoppinq “xəstəliyinin” yayılması həm də xərclənən pulun gözlə görülməməsi ilə bağlıdır. Xüsusən də İnternet alış-verişində. Bu, cibdən çıxarılan, əllə toxunulan, kiməsə verəndə fiziki olaraq hiss edilən pul deyil. Kredit kartla borca girirsən, bunun peşmançılığını sonra çəkirsən.

Əgər bircə kliklə kitab almaq mümkündürsə, onda bunun da aludəçiliyə çevrilməsi mümkündür.

Amma bunun yaxşı tərəfi də var. Əgər dostunuz sizə hansısa kitabı oxumağı məsləhət görür, adını yadda saxlayıb, yaxud kağıza yazıb sonra dükandan almaq “əziyyəti” olmur. Siz kitabı elə onun yanındaca “düyməni basıb” alırsınız. Yəni kitab dükanını dünyanın harasına getsəniz “cibinizdə gəzdirirsiniz”. Elə şəxsi kitabxananızı da.

Bunun mənfi cəhəti isə o olacaq ki, əgər hansısa kitabı ani şəkildə yükləyə bilirsinizsə, həmin kitabı oxumamış sizdə başqa birinə maraq yarana və alıb onu da oxumağa başlaya bilərsiniz. Beləcə, oxucunu tamam başqa bir dünyaya qərq edən klassik kitablardan fərqli olaraq e-kitablar daha çox fraqmentar oxunmağa başlayacaq. Ondan bir az, bundan bir az.

Necə ki əvvəllər insanlar bir qəzeti alıb əvvəldən-axıracan oxuyardılar, indi isə o saytdan bir yazı, bu saydan bir xəbər oxuyurlar.

Siz tək deyilsiniz

İnternet, sosial şəbəkələr mütaliə və kitab müzakirəsi vərdişlərini dəyişməkdədir. İndi sən bir kitab oxuyursansa, İnternetdə həmin kitabı oxuyan başqa insanların da fikirlərini asanlıqla tapa, müzakirələrə qoşula bilərsən.

“Google” gələcəkdə kitabların ayrı-ayrı cümlə, abzas və səhifələrinin reytinqlərini tərtib edəcək. Bu həmin cümlə, yaxud abzas ilə bağlı on-line çatlara əsaslanacaq.

Sən kitabın hansısa bölümünü anlamadınsa, dərhal İnternetdə axtarışa verib həmin bölümlə bağlı debatları tapa, sənə qaranlıq qalan məqamlara aydınlıq gətirə biləcəksən.

Bir sözlə daha heç kəs kitabı təklikdə oxumayacaq. Kitab oxumaq özəl bir iş olmaqdan çıxacaq, başqa oxucular, hətta yazıçının özü ilə müzakirə şəraitində keçəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG