Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

-

«Tolışi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün bir günlüyə azadlığa buraxılıb. AzadlıqRadiosu onunla qısa müsahibəni təqdim edir.

- Hilal bəy, həmişə azadlıqda!

- Sağ olun. Cəmi bir günlük buraxıblar. Sabah axşam saat 10-da müəssisəyə qayıtmalıyam.

- Axı, söhbət gəzirdi ki, 3 günlüyə buraxılacaqsınız?

- Mən də bilmirəm. Belə bir fikir bildirdilər ki, bir günlük olacaq.

- Müvəqqəti də olsa, azadlığa buraxılmanız sizin üçün nə dərəcədə gözlənilən idi?

- Təxminən bir ay öncə Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişdim. Bildirmişdim ki, toy olacaq, qısa müddətə azadlığa buraxılmağımı xahiş etmişdim. Toyda iştirak etməyimdə İşçi Qrupun (İnsan Hüquqları üzrə Birgə Qrup - red.) da zəhməti çoxdur. Bu ilk təcrübədir. İnşallah davamı da olar.

- Cəzaçəkmə müəssisəsində vəziyyət necədir? Özünüzü orada necə hiss edirsiz?

- Normal. Azad insan hər yerdə azaddır. Bunun fərqi yoxdur.

- Azadlıqda olsanız da, deyəsən, tək deyilsiniz...

- Hə, yanımda konvoylar var. Ancaq, azad, müstəqiləm. Hamıya şad günlər arzulayıram.

Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib. O, Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG