Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:40

Sabirabadda gürcü soyadlı Axıska ailəsinin yaşam mücadiləsi...


Abuzər Kaxidze
Abuzər Kaxidze

-

Bir insan nə qədər ağrı-acı çəkər, nə qədər əzab-əziyyətə qatlaşmalı olarmış. Demə ömür elə qan-qada, sürgünlük, qaçqınlıq, evsizlik və vətənsizliklə də yaşanarmış

Abuzər İzahar oğlu Kaxidzenin həyat hekayəsini həyəcansız dinləmək mümkün deyil. Onunla Sabirabad şəhər avtovağzalının yaxınlığında yerləşən, yerli əhalinin «Qul bazarı» adlandırdığı yerdə tanış oluruq. Yaşayış şəraitlərini öz gözlərimizlə görməyim üçün bizi təkidlə evinə dəvət edir.

«Ev» dedim, əslində onun evi yoxdur - Pambıq Zavodunun sovetlər dönəmində tikdirdiyi, hazırda uçub-dağılmaqda olan klubda ailəsi üçün sığınacaq tapıb...

«FƏRQANƏDƏN ÇIXIB XOCALIYA DÜŞDÜK»

Abuzərin ata-babası 70 il əvvəl Axıskadan Orta Asiyaya sürgün edilib. 1989-cu ildə baş verən Fərqanə hadisəsindən sonra onlar Azərbaycana pənah gətiriblər. Bir müddət Sabirabadda yaşayan qohumlarında qalandan sonra hökumət onları müvəqqəti olaraq Şuşadakı 1 saylı internat məktəbində yerləşdirib. Az sonra ailə Xocalı şəhərindəki «fin evləri»nə köçürülüb.

1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərini işğal etdikdən sonra bu ailə yenidən isti ocağından dərbədər düşür. Bu dəfə onlar baş götürüb Şəki kəndlərinin birində yerləşən maldarlıq fermasına sığınırlar. 1994-cü ildə Abuzərin ailəsi yenidən Sabirabada gəlir. Elə o vaxtdan da burada qalmalı olurlar:

«Mənim toyum olmayıb. Həyat yoldaşımla elə ailə üzvlərimizin, ağsaqqalların xeyir-duası ilə birgə yaşamağa başlamışıq. Bir müddət Sabirabadın Axıska kəndində babamgildə qaldıq. Uşaqlar dünyaya gələndən sonra, bir evdə bir neçə ailənin qalmağı mümkün olmadı. Yerli icra hakimiyyətinə müraciət etdim, bizi bu kluba yerləşdirdilər».

SABAH KLUBDAN ƏSGƏR GEDƏCƏK, GƏLİN KÖÇƏCƏK...

Abuzərin ailəsi 6 nəfərdən ibarətdir. Oğlu orta məktəbi bitirib, qızları 7, 8 və 10-cu siniflərdə oxuyur. Uşaqların oyun meydançaları və əyləncə yerləri olmasa da, mütaliə üçün yaşıdlarından daha yaxşı imkanı var - klub binasının başqa bir otağında şəhər kitabxanası yerləşir.

Uşaqların yetkinlik yaşına çatması atanı daha da qayğılandırıb:

«İki aydan sonra oğlum əsgər gedəcək. Amma qızlarımıza görə anası da, mən də sıxıntı keçiririk. Xocalı faciəsinin sarsıntısı əsəblərimi pozdu. Baxıram ki, yaşayış yerimizin rütubətli olmağı, siçan, siçovul civiltisi uşaqların sağlamlığına zərər vurur. «Qaçqınkom»un «çörək pulu» kimi hər ay verdiyi 90 manat bir uşağın ehtiyacını ödəmir. Biz bir ömür yaşamadıq, barı bu uşaqlar xoş gün görəydi...»

SONU GÖRÜNMƏYƏN «SERİAL»

Pambıq Zavodunun klubunda konsert və ya kino verilməyi sovet hakimiyyəti illərində qalıb. Qorxunc görkəminə kənardan baxanda adamın inanmağı gəlmir ki, bura vaxtilə şəhər əhalisinin hər axşam üz tutduğu, həyətində qələbəlik yaşanan mədəniyyət ocağı olub. Amma içəridə bəzi nişanələr var: arxa otaqda quraşdırılan kino projektorundan şüa axınını təmin etmək üçün geniş zalın divarından açılmış dəliklər, uçan divarların altında qalan oturacaqlar dəstinin ayaqları, bir də lentlərin dolandığı paslı dəmir həlqələr.

Dam örtüyünün zədələnməsi binada aşınma prosesini bir az da sürətləndirir. Kitabxanaçı xanım da elə bundan narahatdır. Onun vaxtının xeyli hissəsi tavandan yağan, kitablar üzərinə örtük çəkən tozu təmizləməyə gedir. Qəzalı vəziyyətdə yerləşməyinə baxmayaraq, kitabxana son vaxtlar latın qrafikalı əlifba ilə çap olunmuş ədəbiyyatla zənginləşdirilib.

Abuzər zarafatla deyir ki, tikiləndən bəri bu yer qəmxanə olub:

«Hind filmlərini izləməkdən ötrü bura nə qədər adam gəlib və göz yaşı töküb. O filmlərin sonu olurdu. Nə qədər zülm, sitəm görsə də, axırda xeyir şərə qalib gəlirdi. Amma bizim qəmli serialımızın sonu görünmür...»

Abuzər Kaxidzenin prezidentə, Milli Məclisə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciətlərə «baxılması və vətəndaşa cavab verilməsi» Sabirabad Rayon İcra Hakimiyyətinə həvalə edilir. Sonuncu isə ona bu cavabı verir:

«Rayonda boş kommunal mənzil olmadığından xahişinizi yerinə yetirmək mümkün deyil».

XS
SM
MD
LG