Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:43

-

Azərbaycanın cənub rayonlarında bir vaxtlar ikimərtəbəli yay istirahət evləri çox populyar olub. Belə ikimərtəbəli yay istirahət evlərinə ləm deyilir. Kinosevərlərin yaxşı yadında olar, «Ulduz» filminin çəkilişində də belə ləmdən geniş istifadə edilib. Bu filmin çəkildiyi həmin ləm Astara rayonun Ərçivan kəndində indi də qalır. Vaxtı ilə Təkcə Ərçivan kəndində 50-dək ləm olub. Bunlardan yalnız 8-i qalıb. Bu ləmlər də baxımsızlıq ucbatından dağılmaq üzrədir. Rayonun Balaca Şahağacı kəndində Hüseynovların həyətində ötən əsrin ilk illərində inşa edilən ləmə baş çəkdik. Ləmin üstü sökülüb, birinci mərtəbədə nə varsa çürüyüb tökülüb. Tarixi abidənin dağılması göz qabağındadır.

Astara rayon sakini Fəxrəddin Hüseynov

Astara rayon sakini Fəxrəddin Hüseynov

Ev sahibi Fəxrəddin Hüseynov deyir ki, tarixi abidə keçən ilin payızından dağılmağa başlayıb:

«PAYIZDA DƏYDİ YERƏ»

«Payızda dəydi yerə. Sökdüm saldım aşağı. Hər yerə müraciət olunub, təmir eləmirlər...»

Evin xanımı Sevil Hüseynovanın deməsinə görə, rayonun Mədəniyyət və Turizm idarəsinə gedib. Tarixi abidənin təmiri ilə bağlı onlara müraciət edib:

«DEYİBLƏR SÖKMƏYİN, GƏLİB DÜZƏLDƏRİK»

«Getmişəm Astaraya, şikayət eləmişəm. Deyiblər sökməyin, gəlib düzəldərik. O kişi dedi ki, bu ərizəni verəcəm icra başçısına. Sonra adamlar gəldilər çəkdilər. Dedi yayda gəlib, düzəldərik. Oğlum deyir ki, imkanım olar düzəldərik. İndi 10 metr poletilen almışıq. Yoldaşım onun üstünə örtmək istəyir».

Sevil Hüseynova deyir ki, ləm kənddə ən qədim abidələrdən biridir. Ləmi təmir edib mühafizə etmyə maddi cəhətdən imkanları yoxdur. O deyir ki, azca köməklik göstərilsə qaydasına düşəcək. Özləri onu təmir edəcəklər.

Kənd sakini Mübariz Fərziyev də deyir ki, ləmin bir əsrdən çox yaşı var:

«110-115 illik tarixi var. Bəlkə də bir az çox olar. 4-5 ilə təmir olunmasa bunlar da töküləçək. Özü də gildən hörülüb, sementi yoxdur. Rayonda bir də Ərçivanda qalıb. Onu düzəldiblər o yaxşı vəziyyətdədir».

«ULDUZ» FİLMİNİN ÇƏKİLDİYİ YER...

Tarixi abidə

Tarixi abidə

Ərçivan kəndində «Ulduz» filmində çəkilən ləmə də baş çəkdik. Ev sahibin sözlərinə görə, bir neçə il bundan əvvəl təmir olunub. Lakin təmir keyfiyyətsiz aparıldığından tarixi abidə gündən günə pis vəziyyətə düşür.

Kənd sakini, mədəniyyət işçisi Vaqif Məmmədov da deyir ki, baxımsızlıq ucbatından ləmlərin sayı azalıb. Halbuki, bugünədək qalmış ləmlər yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.

ASTARADA CƏMİ 8 LƏM QALIB...

«Son zamanlar ləmlərin sayı azalıb. Bildiyimizə görə rayonda 7-si qalıb. Ərçivan kəndində isə bir dənədir. Bunun da təmirə ehtiyacı var və deyirlər ki, yerli əhəmiyyətli olduğu üçün ləm sahibləri tərəfindən təmir olunmalıdır».

Vaqif Məmmədovun sözlərinə görə, Ləm sahibləri bu tarixi abidələri özləri təmir etməkdə maraqlı deyillər:

«YERLİ ƏHƏMİYYƏTLİ TARİXİ ABİDƏLƏRİ DƏ DÖVLƏT TƏMİR ETMƏLİDİR»

«Belə getsə yerli əhəmiyyətli tarixli abidələr silinib gedəcək. Yerli əhəmiyyətli də olsa biz bunu gələcək nəsillərə saxlamalıyıq. 100-200 ildən sonra bu abidələr daha yüksək qiymətləndiriləcək. Burda «Ulduz» filminin çəkilişləri olub. Çox televiziyalardan gəlib burda çəkiliş aparıblar. Çox təəssüf ki, bunun təmiri ilə heç kim maraqlanmaq istəmir. Yerli əhəmiyyətli tarixi abidələri də dövlət təmir etməlidir».

Vaqif Məmmədov deyir ki, bu ləm turistlərin ən çox baş çəkdikləri yerdir.

Astara rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Şadoğlan Bayramov deyir ki, bir neçə il bundan əvvəl Balaca Şahağacı kəndində olan ləmə baş çəkiblər. Nazirliyin nümayəndəsi ilə sənədləşmə aparılıb. Ləmin təmir edilməsi barədə qərar olandan sonra işə başlayacaqlar. Onun sözlərinə görə, yerli əhəmiyyətli tarixi abidələr sakinlərin istifadəsindədir. Sakinlərin özləri də bu obyektləri təmir edə bilərlər.

Şərhləri göstər

XS
SM
MD
LG