Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

Dünyanın ilk qadın rejissoru [Video, 1897]


Alice Guy-Blaché
Alice Guy-Blaché

-

Ərinin onu atıb bir aktrisanın dalınca düşməsindən sonra Alice-in həyatı alt-üst olur.

30 il hamının yadından çıxır...

Alice Guy-Blaché (Alis Gi-Blaşe) həm dünyanın ilk qadın rejissorudur, həm də tarixdə öz film studiyasını yaratmış ilk qadın.

KATİBƏ

Alice Guy, kitabçı olan atası müflisləşdiyi üçün yüksək təhsil ala bilməmişdi. Makinədə yazmağı öyrənmiş və 1894-cü ildə Parisdə Léon Gaumont-un foto şirkətində katibə işinə düzəlmişdi.

Tezliklə foto şirkəti müflis olur, amma Gaumont o dövrdə yeni yaranmaqda olan kino sənayesinə girişir, onun qurduğu Gaumont Film Şirkətinə Alice də qoşulur və bu onun bütün həyatını dəyişir.

Alice rejissor kimi gündən-günə püxtələşir, feyanın kələmlikdən uşaq “yığması" haqda qısa filmdən tarixi mövzuda tammetrajlı filmlərə qədər böyük bir yol keçir.

Onun 1906-cı ildə İsa peyğəmbər haqda çəkdiyi filmə 300-cən adam cəlb edilir.

Kinonun səssiz olduğu vaxtlarda o, filmlərin səsinin ayrıca yazılıb kinoteatrda təsvirə uyğun səsləndirilməsi texnikasından da istifadə edir. (Ardı aşağıda)

"Kələm feyası" (1897)

OKEANIN O TAYINDA

1907-ci ildə Alice, Herbert Blaché ilə ailə qurur. Əri Gaumont Film Şirkətinin Amerikadakı nümayəndəsi təyin edildiyi üçün Alice də onunla birlikdə okeanın o biri tayına yollanır.

Bir müddət Gaumont üçün işləyəndən sonra 1910-cu ildə ər-arvad öz studiyalarını – Solax şirkətini açırlar. Bu, Hollywood-a qədərki Amerikada ən böyük kino şirkəti idi. Nyu-Yorkda yerləşən şirkətin işləri o qədər yaxşı gedir ki, texnoloji yeniliklərə o dövr üçün fantastik məbləğdə pul – 100 min dollar sərmayə qoyur.

Amerikada həm iki uşaq dünyaya gətirən, həm də yorulmadan çalışan, film çəkən Alice-in ulduzu qəfil sönür. Ərinin onu atıb bir aktrisanın dalınca düşməsindən sonra Alice-in həyatı alt-üst olur. Onların əməkdaşlığına son qoyulur və Alice Parisə qayıdır. Onsuz da Amerikanın qərbində film çəkmək baha başa gəlirdi, ölkənin şərq sahilində kino sənayesi üçün daha əlverişli imkanlar yaradıldığı üçün Solax müflis olmaq yolundaydı. (Ardı aşağıda)

"İsa Məsihin dünyaya gəlməsi, həyatı və ölümü" (1906)

30 İLLİK SUSQUNLUQ

Parisə qayıdandan sonra Alice daha film çəkmir. Kinematoqrafiyadan dərs deyir. Dünyanın ilk qadın rejissoru unudulur. Yalnız 1953-cü ildə kino xadimləri onu yenidən “kəşf edirlər”. Fransa hökuməti onu kino sənətində xidmətlərinə görə Legion ordeni ilə təltif edir.

Bu baxımdan onun həyatı kino sənətinin bünövrəsini qoymuş yenilikçi rejissorlardan Georges Méliès-in taleyini xatırladır.

Ümumilikdə Alice Guy-Blaché 25 il ərzində 1000-cən film çəkib.

Amma bu filmlərin çoxu it-bata düşüb.

1964-cü ildə Alice ABŞ-a qayıdır, qızlarından birini evində yaşamağa başlayır. 1968-ci ildə qocalar evində vəfat edir…

Openculture-yə istinadla OxuZalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG