Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:10

-

- Xoşbəxt oldumu?

- Zalıma verdilər. Heç insafı olmadı. Heç qədrini bilmədi. Günlərin bir günü qızı yataqda qan içində tapdılar...

Günel Eyvazlı

CADUGƏR

Sən qorxursan, Mara?

Mən özümdən qorxuram.

İlk dəfə şəhərə qədəm qoyanda diksindim. Elə bil bu küçələrlə heç addımlamamışam. Zaman necə tez gəlib keçmişdi.

Ağaclar eyni sırada yan-yanadırlar. Bəzisi qocalıb, quruyub. Bəzisi sarmaşıqların qurbanı olub. Boğulub. Pöhrə verə bilmir.

Şəhərin qoxusu eynilə əvvəlki kimiydi. Dar küçələrlə, yanaşı düzülmüş emalatxanalarda ustaların əl cəldliyi ilə oyduqları ağac qırıntılarının qoxusu ətrafa yayılmışdı. Yaş ağac qoxusu, bir az rütubət qoxusunu, bir az da nəm torpaq qoxusunu insana xatırladırdı. Düşüncələrimdə dəyişilməyən şəhər əslində çox fərqli idi. Amma mən eyni gözlərlə ona baxırdım. Bəlkə də dəyişilməyini istəmədiyimdən gözlərimi yumaraq dar küçələrlə addımlayırdım. Hə, mən büdrəyə bilməzdim. Bu yollara öyrənmiş ayaqlarım məni səhv yerə apara bilməzdi.

Əslində yeni libasda, keçmiş görkəminlə də görünə bilərsən özünə. Yetər ki aynaya boylan. Bəlkə də ağarmış saçlarını görməyəcəksən. Sən elə o sənsən. Diqqətlə bax. Ruhunun pəncərəsindən özünü gör. Axı istəklərin, arzuların elə əvvəlki kimidir. Cismin saralıb solsa belə, üzərinə qırış çəkə bilməz. Pərdəni arala gözlərindən. Yaşa!

Mənə elə gəlirdi ki, axsaq qocalar yumaq kimi bir küncə çəkilib təsbeh çevirirdilər. Və...

Dərvişlər səs-salaraq,

Xuda gələcək.

Yerə enəcək.

Hamı biləcək.

Kim qalacaq?

Kim gedəcək? deyirdilər.

Zərb alətinin üzərində tərpənən barmaqlar... Onu gözəl dindirərək, sehirli bir aləmə aparırdı insanı. Tak, takkak...

Hər vuruşda insanın nəbzi yerindən oynayırdı. Axı dünya ritmdir və sənin də ürəyinin öz havası var. Hər kəsin nəbzi fərqli vurar. Bir-birinə bənzəməz. Mən isə əllərimi açıb öz musiqimə oynadım küçənin ortasında. Kim isə güldü, ya gülmədi. Bilmirəm. Mən belə istədim. Mənə yaşamağı öyrətməyin.

Gəlirəm.

Çayda çimərkən, bir əzgin qarı digər sahilə onu keçirməmi məndən xahiş etdi. Mələfəni özümə bürüdüm, qarını daşların üzəri ilə apararaq sahilə keçirməyə çalışdım. Sal daşlar çox sürüşkən idi. Suyun yarısında qarını itirəcəyimdən qorxduğum üçün əllərindən bərk yapışdım. Çayın gur, lil, soyuq suları ayaqlarımı yalayırdı. Elə bil çay ilahəsi məni ağuşuna almaq istəyirdi. Ayaqlarım islandıqca ətim ürpənirdi. Mələfənin üzərinə dırmanan kiçik dalğalar onu isladırdı. Mən isə çayın cazibəsinə aldana bilməzdim. Bacardıqca daha cəld, daha qıvraq atlanırdım daşlar üzərindən.

Ayağım üzərinə dırmaşan zəhərli əqrəbi qovmaq istədim. Bir neçə dəfə cəhd etsəm də alınmadı. Növbəti cəhddə ayağımdan sürüşüb, səndəlimlə birgə suya qovuşdu. Əlimdə qarının əlləri qalmışdı. Hələ də öz istiliyini itirməmiş əlləri.

Mara oyan!

O, kənarda dayanıb ətrafa baxırdı. Əvvəlki kimi möhtəşəm idi. Zəhmini itirməmiş baxışlarında bir az mülayimlik, rəhmdillik bərqərar olmuşdu. Ax, zaman... Yəqin onu da yumşalda bilmisən. Hökmü isə heç dəyişməmişdi. İddiaları uzaqdan belə sezilirdi.

Bir az saçları ağarmışdı. Üzündə xırda qırışlar yaranmışdı. Başqa heç nə. Hər halı ilə möhtəşəm idi.

Onun ciddi üz quruluşunu unuda bilmirəm. Qaşlarını çatıb, dodaqlarını kip bağlayardı nədənsə narahat olan zaman. Belə olduğunda hamı qarşısında tir-tir əsərdi. Hələ o vaxtdan belə məni zəhmi qorxuda bilməmişdi. Həm də qəribə bir bağlılıq var idi aramızda. Bir baxışdan nə demək istədiyimizi yaxşı anlayırdıq.

Uzaqda mən varam... Sən varsan uzaqda...

Topuğuma qədər məni örtən çəhrayı libasımı külək dalğalandırırdı. Havadan belə çəhrayı çiçəklərin qoxusu gəlirdi. Aydın sübh şüalarının altında yeridikcə, ona yaxınlaşdığımı hiss edirdim. Yox, zəhmindən deyil, amma, nədənini bilmədiyim nədənsə ürəyim titrəyirdi. İnanırdım ki, bu vaxt o da eyni hissləri keçirir.

Məni görməyə bilməzdi. Amma, adəti üzrə guya görmədi kimi aparardı özünü.

Yanında titrəyə-titrəyə o yan-bu yana gedən qulluqçularından biri qulağına nəsə pıçıldayır.

Yad adam? Dodaqlarından bu kəlməni oxudum.

Gəlsin.

Unutmuşdu. Tanımadı məni. Amma, dodağını dişlədi. Cazibəm qarşısında davam gətirə bilmədi.

Qonağı rahatlayın.

Ətəyimi qaldırıb pillələrlə qalxanda, səndəlimin birinin olmaması diqqətini çəkmişdi. Onun iti baxışlarından heç nə yayına bilməzdi. O bilirdi artıq vaxtdır. Əcəl, gözəl qız şəklində yanına gəlib. Amma, dəhşətlisi odur ki, nə get deyə bilmir mənə, nə də qal.

- Necəyəm?

- Gözəl.

- Qorxursanmı?

- Xeyr.

- Mən səni aparmağa deyil, qorumağa gəlmişəm.

- Məni? (Güldü)

- Qoruya bilmərəmmi?

- Ehtiyacım yoxdu.

- Bəs söhbətə, danışmağa? Hərdən içindən kiminləsə oturub dərdləşmək, fikrini bölüşmək keçirmi?

- Nədən danışacayıq?

- Səndən...

Və...

Şəhərdən gedəndə onun 19 yaşı var idi. Axmağın birinə ərə vermişdilər. Ağzı söyüşlü birisinə.

- Bir başqası.

- Yox, bir başqası demə. Onu sevən birisi.

- Olsun.

Sonuncu dəfə kənardan baxıb köks ötürdü. Nə gəl deyə bilmədi, nə də get. Toyun havası qulaqlardan itənə qədər yüz dəfə öldü, dirildi. Sevdiyi adamı başqası qucaqlayacaq, başqası öpəcək.

- Xoşbəxt oldumu?

- Zalıma verdilər. Heç insafı olmadı. Heç qədrini bilmədi. Günlərin bir günü qızı yataqda qan içində tapdılar. Özünə qəsd etmişdi.

- Öldümü?

- Yaşadı.

Belə yarımçıq hekayələr o qədərdi ki...

Düşünmüsənmi belə qırıq taleləri birləşdirən, yarımçıq xatirələri tam edən insanlar var yer üzündə. Onlar hekayələrə başlanğıc, son verə bilirlər. Bunu elə asan edirlər ki, beş səhifə, on səhifə, vəssalam. Hekayə tamamdır. İnsanların yaşadıqlarını, bir ömür yaşaya bilmədiklərini sətirlərə köçürə bilirlər. Hələ hekayələri adlandıra da bilirlər. Hələ haqqında fikir də yürüdə bilirlər. İslaq, nəmli gözlərlə onlara boylanan obrazlar gecənin qaranlığında kitablardan tökülərək aydınlığa çıxırlar. Otaq uzunu qaçışaraq səhərə yaxın yenidən əvvəlki mətnlərə yığılırlar. Onlar sadə və mürəkkəb düzənlərlə haşiyələnmiş misralara dolaraq tamlaşırlar.

Yalnız səfehlər həyata başlanğıc və son adları həkk etdirə bilərlər.

Bəlkə də hər birimiz bir az da səfehik. Ağlı çaşmış, dəli. Dünyanı başqasının gözüylə görən, başqasının boyaları ilə rəngləyən.

Deyiblər ki ölüm var. Kim deyib? İnanmıram. Mən kiminsə dediklərini yerinə yetirəcək qədər səfeh deyiləm. Ölməyəcəyəm.

- Çəhrayı paltarlı qız.

- Sadəcə Mara.

- Mara? Bu qədər üsyanın içində tək qala bilərsən. Bəlkə həyatına sadəlik qatmaq üçün deyilmişlərə inanasan. Bu qədər dolaşıqlar içində boğulma şansın var.

- Mən sənin yanına gəlincə bir qarını çaydan keçirirdim.

- O sənin özün idin.

- Demək mən öz qocalığımı suyun içində boğmağı və bu haqda düşünməməyi bacardım.

- Gənc ikən bu qədər ölüm və qocalıq haqqında düşünməyin səni məhv edər. Haradan gəlmisən?

Mən balaca bir kitabçaya yazılmış söz idim. Kimsə xırda hərflərlə məni dəftərçəyə yazmışdı. Sonra köhnə şəhərin darvazaları arasında kitabçanı cibindən saldı və yazısını sona qədər bitirə bilmədi. Mənə dedilər ən gözəl hekayələri sən yazırsan. Buna görə yanına gəldim. Haqqımda yazılan bütün hadisələri olduğu kimi sənə nəql etdim. Məni tamamla.

Levkad qayasından o zamanlar caniləri atardılar. Deyilənə görə ecazkar Apollon onları, qayadan quş kimi aşağı düşənədək günahlardan xilas edərdi. Kefal həyat yoldaşı Proklidə xəyanət etmişdi. Özünü vaxtsız gələn məhəbbətdən xilas etmək üçün, ona rahatlıq verməyən ehtirasdan qorumaq üçün Levkad qayasına gələrək intihar edir. Onu heç kim saxlamır. Apollonun özü belə.

- Mənim dəftərçə ilə birgə yazıçı cibindən intiharım Levkad tullanışı deyildi. Bəlkə sadəcə bir qismət idi?

- Sən bir az əvvəl qismətin mövcudluğunu inkar edirdin. Bəs indi?

- Dolaşıq fikirlər məni uçuruma aparır. Bəlkə indi, bu dolaşığın astanasında qaya üzərinə çıxaraq intihar edə bilərəm.

- Bu gözəlliyin məhvi dünya qarşısında böyük günah ola bilər.

- Kimlər bu günahı təkrarlamayıb ki?

- Mən hekayələri daş üzərinə cızıram rəsm kimi. Bilmirəm sənin varlığını tamlıqla cızacaq qədər qüdrətli ola bilərəmmi?

- Hər halda sənə inanıram.

- Bəlkə elə Fərhad da Şirinin taleyini cızmaq üçün eyni məkana dırmanmış və sevdiyinin rəsmini qayaya cızmışdır?

- Bəlkə elə oradaca mübarizəsindən əl çəkərək, aşağıya quş kimi şığımışdır. Bəs adını yazıya köçürən, ölmüş birisini nədən yaşatmaq isəmişdi?

- Sadəcə ölümdən sonra yaşamın mümkünlüyünə inandırmaq istəmişdi oxucunu?

- Bəlkə aldatmaq? Axı bəzi yalanların özü belə insanlara ümid verə bilir. Yaşadır.

- Yalançı yaşam? Kimə lazımdır?

Hamıya. Mənə də. Sənə də. Bütün bəşəriyyətə. Yaradan belə günlərin birində bir xəyalı gerçəkləşdirmək üçün bu yalanı uydurmuşdu. Və zamanlar, qərinələr keçməsinə baxmayaraq hər kəs bu yalanı gerçək kimi qəbul etmişdi. Demək insan yalanları asanlıqla həzm edir. Yalanlar insanları yaşadır. Və günlərin birində təbiət belə söz şəklində bizə gələcək. Belə olub deyəcəklər. Nə zamansa əlvanlıq olub yer üzündə. Otlar yaşıl olub, ağaclar gələn baharlarda çiçəkləyib. Sən də inanacaqsan. Hamı kimi.

Dünyada heç kim yoxdur səndən başqa. Hər kəs öz uydurmasını yaşayır. Görmək istədiyini görür. Eşitmək istədiyini duyur.

Gələcək belə unudularaq həyatımızdan gedəcək. İnsanı incidən keçmişi, düşündürən keçmişi bütün həyatını yalanlara bürüyərək yaşadacaq. O zaman mən də keçmişimdə qalaraq, elə oradaca sənin yaratdığın rəsmə boylanıb, cızdığın taleyimə baxacağam.

- Səninlə nə zaman görüşəcəyik?

- İnsanların görüşmə yeri, zamanı yalnız xatirələr və xəyallardır. O dünya, sənin yeganə rahatlıq tapa biləcəyin məkandır. Oraya heç kim müdaxilə edə bilmir. Sənin özünəməxsus dünyanın öz sakinləri var. Sən orada istədiyin insanın əllərindən yapışaraq, saçlarını sığallayırsan. Söhbət edirsən.

- Görəsən xəyalında canlandırdığın insanın sən də xəyalında varmısan?

- Şübhəsiz varsan. İnsan yalnız fikrində çağırdıqlarının yanındadır və bu çağırış qarşılıqlıdır. Düşündüklərin, elə bir başqasının da düşündükləridir, sadəcə bunları dilinə gətirəcək qədər insan acizdir.

- Nədən adın Maradır?

Şəhərin darvazalarından içəri daxil olarkən, hamı onu Neomi çağırdı. Dadlı. Duvaqla, toyla, büsatla buralardan ayrılan qadın indi heç nəsiz geri qayıdırdı. Ərini, sonra oğullarını itirən insanı indi yanında gəlini müşayiət edirdi.

O isə mənə Neomi deməyin. Adımı Mara çağırın. Acı çağırın, dedi. Çünki həyatımın acısı bütünlükdə canıma hopmuşdu.

Hər şey dəyişmişdi. Getdiyi evində belə valideynləri yox idi. Onu qarşılayan dörd divar, boş, vahiməli görkəmiylə üşüdürdü. Bir zamanlar səndəllərini geyinərək qaçışan uşaqlar indi məzar olmuşdular. Mara isə yenidən yaşamaq və keçmişinə dönmək üçün buraya qayıtmışdı.

Asta-asta döngələrlə dönüb gözlərini yumaraq hərəkət edirdi. Ona hər döngə uşaqlığını, gəncliyini xatırladırdı. Şəhərin daş küçələrinə öyrənmiş ayaqları hara gedəcəyini çox doğru bilirdi. Həmişə eyni yerə yığılan qocaların əllərində təsbeh çaqqıltısını eşidərək, baş əyib salam və sayqılarını bildirir. Sonra çalpapaq gənclərin bir-birinin üzərindən tullanaraq, ənzəli oynamalarını xatırladı. Və ona elə gəldi ki bu səs-səda indi də burada yayılmağa başlayır və onun eşitdiklərini hamı eşidir.

Pillələrin üzərində dayanmış Fərhad iri gözlərini ondan yayındırıb yoluna davam etmək istəmişdi. Bəlkə də tanımamışdı Maranı. Onun çəhrayı libası küləklə dalğalanırdı.

Bəlkə zaman yenidən keçmişə dönüb? Yoxsa bu illər ərzində sadəcə cildlər dəyişmişdi. Üzündəki zəhmini, mehribanlıq dolu gözləri ələ verirdi. Azacıq ağarmış saçları elə əvvəlki səliqə ilə iki yana doğru daranmışdı. Üzündəki qırışlar dərin izlər salmışdı yanaqlarında.

Yad adam gəlir kəlməsi ona yad bir nəfəs kimi toxunmuşdu. Gələn yad deyil, keçmişdən sənə boylanan sevimli baxışların yiyəsidir sadəcə. Çiyinlərinə tökülmüş bəyaz saçları əvvəlki təravətini itirmişdi. Qırışmış əlləri yanı boyu dayanıb, barmaqları isə, sürüşməyə məqam axtaran firuzəyi üzüyünü saxlamaq üçün bir-birinə sarınmışdı.

O, ürəyində, sərsəm qarı, başmağının bir tayını belə geyinməyi unutmusan, - deyirdi. Qocalıq belədir. Unutdurur. Adını belə unudursan sevdiyin qadının.

Amma çöhrəsindən əvvəlki kimi məsumluq boylanır. Tanıdığım qızcığaz xırda addımlar ilə pillələri qalxırdı. Çəlimsiz, arıq bədəninə yaraşmayırdı bu çəhrayı paltar. Amma, hər şey əvvəlki kimi ola bilərdi. Axı hər şey əvvəlki kimi idi. Axı hisslər. O çırpınan, həyəcanlanan ürək əvvəlki kimi onun üçün döyünürdü. Sonuncu dəfə bu pillələrdən enib getmişdi. İndi isə dönüşüylə, tarixi gözləri önündə canlandırırdı. Bəs indi? Qal deyə biləcəkmi? Cavanlığında olmayan cəsarəti...

Gözlərini yum ki, keçmişə dönəsən. Xəyallarında canlandırdığın, hər dəfə qapısını döyüb, evinə daxil ola bilmədiyin qızcığaz qarşındadır.

Və deyirlər ki, qaya üzərində bir rəsm çəkmişdin. Yalnız gözlərini yaratmışdın onun. Gecə olanda qəribə bir işıq gələrdi o gözlərdən. Valideynlər övladlarını o qaya ilə qorxudardılar. Cadugər qayası hamının qorxusuna, kabusuna çevrilmişdi. Bütünlüklə simasını yaratmamağının səbəbi yenə də qorxun idi. Sevdiyinin kim olduğunu anlayarlar deyə.

O isə nəqş olunmuş gözləri ilə hamını qorxudurdu

Xoş gəlmisən.

- Gəlmişəm. Heç gözlədinmi?

- Unutmuşam.

- Sən yarımçıq hekayəni yenə də tamamlaya bilmədin, Fərhad. Mən isə tamamlamağın üçün özüm gəldim yanına.

- Günahlardan yuyulmağın zamanı gəlib deyəsən.

- İndi cadugər qayasında sərt küləklər əsir.

- Amma, biz o küləklərdən qorxacaq qədər gənc və cəsarətsiz deyilik.

- Doğrudur.

- Levkad tullanışı?

- Yox bunun bir adı var. O ad isə biz olmayandan sonra kiminsə dəftərçəsində əbədiləşəcək.

- Sonra gecə vaxtı kitabçanın arasından tökülən obrazlar...

- Gündüzlər yenidən eyni mətnlərə köçürüləcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG