Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Putin Ukraynanı Polşa ilə bölüşdürmək istəyirmiş


Donald Tusk və Vladimir Putin

Donald Tusk və Vladimir Putin

-

Reuters agentliyi xəbər verir ki, Polşa parlamentinin spikeri Radoslaw Sikorski-yə istinadən yayılan iddialara görə, Rusiya prezidenti Vladimir Putin 2008-ci ildə Polşanın o vaxtkı rəhbərinə Ukraynanı iki ölkə arasında bölməyi təklif edib.

Bu ilin sentyabrınadək Polşanın xarici işlər naziri olmuş Sikorski-nin ABŞ-ın Politico saytına müsahibəsinə istinadən bildirilir ki, Putin belə bir təklifi 2008-ci ildə Polşa baş naziri Donald Tusk-un Moskvaya səfəri zamanı verib. Hərçənd Sikorski sonradan bu müsahibənin “aşırı interpretasiya” olunduğunu deyib.

“Ukrayna süni ölkədir, Lvov Polşa şəhəridir…”

“O istəyirdi ki, biz Ukraynanın bu bölüşdürmə prosesinin iştirakçısı olaq…Bu Putinin mənim baş nazirim Donald Tusk-a Moskva səfəri zamanı ilk növbədə dedikləri idi” – deyilir 19 oktyabr tarixli müsahibədə.

“O deyirdi ki, Ukrayna süni şəkildə yaradılmış ölkədir və Lvov Polşa şəhəridir və biz niyə də bu məsələni birlikdə həll etməyək” – guya deyib Putin.

İkinci Dünya Müharibəsindən əvvəl indiki Qərbi Ukraynanın bir sıra hissələri Polşanın tərkibində idi.

Sikorski: sözlərim aşırı interpretasiya edilib

Tusk-u Moskva səfərində müşaiyət edən Sikorski deyib ki, Polşa baş naziri, Putinin bu təklifi qarşısında susub, çünki o, söhbətin gizli şəkildə yazıldığını bilirmiş.

O əlavə edib ki, Polşa Rusiyanın bu təklifində heç vaxt maraqlı olmayıb.

Müsahibənin dərcindən sonra Sikroski orda yazılanların heç də hamısının səhih olmadığını bildirib.

“Bəzi sözlər aşırı interpretasiya olunub” - yazıb Sikorski özünün tvitter hesabından. O əlavə edib ki, Polşa ilhaqlarda iştirak etmir.

Şərəfsiz iş

Reuters xəbər verir ki, bu müsahibə Ukraynaya görə münasibətləri korlanmış Polşa və Rusiya arasındakı gərginliyi daha da artıra bilər.

Agentlik yazır ki, bu xəbərə hələlik Polşa Xarici İşlər Nazirliyindən və Rusiya rəsmilərindən şərh almaq mümkün olmayıb.

Tusk-u baş nazir vəzifəsində əvəz etmiş Ewa Kopacz deyib ki, “əgər Putin belə şey deyibsə, bu, əsl qalmaqaldır”.

O yerli telekanallardan birinə müsahibəsində vurğulayıb ki, Polşa baş naziri başqa bir ölkənin bölüşdürülməsi kimi şərəfsiz bir işdə heç vaxt iştirak edə bilməz.

Reuters bildirir ki, Sikorski Rusiyanın Ukraynanı parçalamaq niyyətində olduğu barədə fikirləri əvvəllər də söyləyib.

Xəbərdə bu da xatırladılır ki, Krımın ilhaqından sonra Rusiya parlamentinin spikeri Vladimir Zhirinovsky Polşa, Rumıniya və Macarıstana Ukraynanın bölüşdürülməsi təklifi ilə müraciət edib.

XS
SM
MD
LG