Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

Əsrdən bir üsyan edən kəndililər - baş göynüklülər… [Video]


-

Baş Göynük kəndi Şəkinin şimal-qərb hissəsində qərar tutur. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri - Şin çayı və Quruçay bu kəndin ərazisindən keçir.

KƏNDDƏKİ «SİRLİ» QUYULAR…

Əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olan kəndin qədim, keşməkeşli tarixi var. Tarixinin ən parlaq səhifələrini isə Nadir şaha və Rus çarına qarşı üsyanları ilə yazıb. Bu üsyanlardan kəndin düz ortasında iki quyu «miras» qalıb. Quyuların «sirr»indən kənd sakini Eldar Abdullayev danışır:

«Əvvəl bu quyunu adamların özlərinə qazdırıblar, sonra da güllələyib töküblər bura. Yaxınlıqda ikinci quyunu qazdırıb 9 nəfəri də güllələyib ora atıblar. Üstünü torpaqlayıb gediblər. Bu kiçik quyuda 30, o böyük quyudasa 9 nəfər «basdırılıb»».

Hələ o vaxtlar kəndlilər quyuların yerləşdiyi ərazilərə daşlar düzüb nişanlayıblar ki, yer itməsin. Bəlkə bu quyularda «uyuyanlar»ın gələcəkdə bir yaxını, qohumu ortaya çıxa, gəlib qazıb aparıb əzizlərinin yanında dəfn edə...

BAŞ GÖYNÜKDƏ HƏR 100 İLDƏN BİR ÜSYAN

75 yaşlı Mustafa Əliyev danışır ki, baş göynüklülər hər 100 ildən bir üsyan qaldırıblar. 18-ci əsrin 30-cu illərində Nadir şaha, 19-cu əsrin 30-cu illərində çar Rusiyasına, 20-ci əsrin 30-cu illərində isə qırmızı imperiyaya qarşı... Hərçənd, hər üç üsyan tarixə göynüklülərin məğlubiyyəti ilə düşüb. Bu xronoloji ardıcıllığa inansaq növbəti üsyana hələ bir 15 il qalıb...

ƏBDÜLRƏHİM KİŞİNİN «DAYAN DOLDURUM» BARITI...

1044-cü ildə çinlilərin ixtira etdikləri barıtı 1920-ci ildə baş göynüklü Əbdülrəhim kişi söyüddən hazırlayırmış. 80 yaşı Samit Hacıyev danışır:

«Qonşum Əbdülrəhim kişi sətətkar idi. 1920-ci ildə söyüddən barıt istehsal etmişdi. Onun hazırladığı barıtı mən gözümlə görmüşəm. Özü də o barıtdan istifadə edirdi. Adını da «dayan doldurum» qoymuşdu. Düzəltdiyi barıtı lülənin içinə töküb döyürdü... Sonra hökumətin qorxusundan bu işdən əl çəkdi».

KÖHNƏ DİNGLƏ KÖHNƏ DƏYİRMAN...

Həyətə girəndə 73 yaşlı Zivər nənə ayaq dingində (məhsul üyüdmək üçün kustar alət-AR) buğda üyüdürdü.

«Gözümü açandan bu dingləyəm. Eləcə döyə-döyə oturmuşam (gülür). Düyü, arpa, çəltik, buğda döyürük. Mən gözümü açandan bu kənddə belə dinglər çox olub. Ancaq indi təkcə bizim məhlədədir».

Düyüsünü, arpasını, buğdasını üyütmək istəyənlər bu qapıya gəlir. Zivər nənəyə bu işdə 85 yaşlı ömür-gün yoldaşı da yardımçı olur.

KƏNDİN DƏYİRMANI...

Bu da kəndin köhnə dəyirmanı. 1843-cü ildən kəndin kənarında «lövbər salan» bu dəyirman su ilə işləyirmiş. Bütün kəndin ununu su ilə işləyən bu dəyirmanda üyüdürlərmiş.

Kənd ağsaqqalı Mehdi dayı dədə-babasından ona miras qalmış dəyirmanı işlədə bilməməsinin səbəbindən danışır:

«Su qurudu, dəyirman dayandı. 1995-ci ildə oğlum dəyirmanı elektrik vasitəylə işə saldı. Bu yaxınlara qədər elektriklə işləyirdi. Ancaq qoymadılar işlədək. Dedilər sayğac qoyun...»

KƏNDLİLƏRİN DOLANIŞIĞI…

Burada maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq, yararlı torpaq sahələrinin kənddən xeyli uzaqda olması kəndlilər üçün maddi və vaxt itkisinə səbəb olur. Sovet dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi. 30 ilə yaxındır ki, bu kənddə nə tütündən, nə də baramadan əsər-əlamət qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG