Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:59

Jurnalistlərin mütəşəkkilliyi niyə hiss olunmur?


Mətbuat Şurası jurnalistlərə təzyiqlərin çoxalmasıyla baglı gələn həftə toplantı keçirməyi planlaşdırır
Mətbuat Şurası jurnalistlərə təzyiqlərin çoxalmasıyla baglı gələn həftə toplantı keçirməyi planlaşdırır
Son zamanlar media nümayəndələrinə müxtəlif təzyiqlər olunsa da, jurnalistlərin hadisələrə əvvəlki mütəşəkkil münasibəti hiss olunmur. Jurnalist birlikləri, redaktorlar, mətbuatı izləyənlər bu məsləni müxtəlif cür yozurlar. Redaktorlar Birliyinin üzvü, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, bu birlik jurnalistlərə təzyiqləri həmişə pisləyir. Amma indi baş verənlərə media təmsilçilərinin birmənalı olmayan mövqeyinə gəldikdə, cənab Xuduoğlu hesab edir ki, indikindən fərqli olaraq, mətbuat senzuradan yenicə qurtulanda daha ciddi təzyiqlərlə üzləşirdi. Amma həmin vaxt medianı bir araya gətirən mərkəzlər daha çox idi deyə, jurnalistlərə təzyiqlərə də daha tez reaksiya verilirdi. Cənab Xuduoğluna görə, həmin vaxt «Bakı» Mətbuat Klubu və yeni yaranan jurnalist birlikləri mediaya nə qədər lazım olduqlarını göstərmək üçün bütün redaktorları öz ətrafına yığmağa çalışırdı və belə olan halda jurnalistlərin hüququnu vahid mərkəzdən müdafiə etmək daha asan idi:
«İndi demək olar ki, Azərbaycanda jurnalistlərin problemlərilə məşğul olan təşkilat yoxdur, olan qurumlar da yalnız ictimai funksiya yerinə yetirməklə müəyyən monitorinqlər aparırlar. Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda belə monitorinqlərin baş verənlərə hansısa təsiri olmur»
«İndi demək olar ki, Azərbaycanda jurnalistlərin problemlərilə məşğul olan təşkilat yoxdur, olan qurumlar da yalnız ictimai funksiya yerinə yetirməklə müəyyən monitorinqlər aparırlar. Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda belə monitorinqlərin baş verənlərə hansısa təsiri olmur».

Mətbuat Şurası isə jurnalistlərə təzyiqlərin çoxalmasıyla baglı gələn həftə toplantı keçirməyi planlaşdırır. Şuranın sədri Əflatun Amaşov deyir ki, həbsdə olan jurnalistlər, mətbuat-ictimaiyyət və mətbuat-hakimiyyət məsələlərilə bağlı müzakirələr keçirib, hər şeyi aydınlaşdırmaq lazımdır. Yalnız bundan sonra prezidentə və ya hansısa məmura müraciət etmək olar. Amma bütün hallarda şura sədri baş verənlərin hamısını mətbuatın iqtisadi azadlığının olmamasıyla bağlayır.


Azərbaycan Jurnalistlər Birliyi də hələlik jurnalistlərə təzyiqlərin çoxalmasıyla bağlı hansısa təşəbbüslə şıxış etməyə hazırlaşmır. Birliyin rəhbəri Elçin Şıxlı deyir ki, qəzet redaktorları, jurnalist birliklərilə ümumi söhbətlər aparılsa da, konkret bir qərar yoxdur. Amma bütün hallarda cənab Şıxlı jurnalistlərin hüquqlarının zəif müdafiə olunmasını daha çox onların öz aralarında apardığı mübarizə ilə izah edir: «Məsələn, əvvəllər biz bir cəbhədən çıxış edirdik. Bir-birimizi ona görə müdafiə edə bilirdik ki, birincisi, bir-birimizə hücum etmirdik, ikincisi isə bir-birimizə sözümüz keçirdi».


Jurnalist birliklərinin fəallığının azalmasını «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetrilməsi, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə ağır bədən xəsarəti yetirilməsi və s. buna oxşar təzyiqlərlə izah edənlər də var. Şahbaz Xuduoğlu fikirləşir ki, məsələyə bu amillərin təsiri ciddi olub: «Mən inanmıram ki, Elmarı vətənpərvərlikdə, bu millətə bağlılıqda əvəz edə bilən ikinci bir adam olsun. Mən bunu bir dost kimi, onu yaxından tanıyan adam kimi deyirəm, amma ona gözümüzün qabağında nə etdilər, bunu da gördük».


Senzura yeni ləğv ediləndən sonra jurnalistlərə belə təzyiqlər olanda redaktorlar və ayrı-ayrı jurnalist qurumları təzyiqlərə müxtəlif formalarda cavab verirdilər. Bəzən bunun nəticəsi də olurdu. Elə Redatorlar Birliyinin keçmiş prezident Heydər Əliyevlə görüşü də ölkə başçısına etdikləri birgə müraciətlərdən və apardıqları kollektiv işdən sonra baş tutmuşdu. Həmin görüşdən sonra mətbuatın bır sıra problemləri həll edildi, məsələn, qəzetlərin nəşriyyata olan borcları donduruldu, məmurların jurnalistlərə təzyiqləri xeyli azaldı. Amma indi baxmayaraq ki, bir neçə ay ərzində iki jurnalist müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, bir qəzet redaktoru naməlum şəxslərin zorakılığına məruz qalıb, iki gündəlik qəzet yüksək rütbəli məmurların təzyiqlərini əsas gətirərək fəaliyyətini dayandırıb, nə Mətbuat Şurasının, nə redaktorların, nə də Azərbaycan Jurnalistlər Birliyinin ciddi fəallığı hiss olunmur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG