Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edən Nərgiz Nağıyeva əvvəllər işlədiyi qurumu – “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verdiyini deyir.

Onun bildirdiyinə görə, 2006-cı ildə "Azəriqaz" QSC-nin 1 saylı Qaz İstismarı Sahəsinə 4-cü dərəcəli çilingər-nəzarətçi vəzifəsinə işə qəbul edilib. 2008-ci ildə idarənin Qaz Qəza Dispetçer Xidmətinə 4-cü dərəcəli operator vəzifəsinə keçirilib. 4 il əvvəl Qaz İstismarı Sahəsi ilə yenidən əmək müqaviləsi bağlayaraq Qaz kəmərlərinin və avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətt baxıcı vəzifəsinə təyin edilib. Bu ilin may ayında ixtisara düşüb.

"ƏMƏK MÜQAVİLƏSİ ƏSASSIZ LƏĞV EDİLİB"

Şikayətçi:

"Mənimlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edirəm. İşlədiyim müddətdə vəzifə və öhdəliklərimi layiqincə yerinə yetirmişəm. İşəgötürən tərəfindən bu funksiyaların yerinə yetirilməsi ilə əlaqədar mənə qarşı hər hansı bir irad tutulmayıb".

İşdən çıxarılandan sonra o, işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. İddiası təmin olunmayıb.

"Qanunvericiliyə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür. Lakin "Azəriqaz" işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müvafiq tədbir görməyib, məni bu sahədə və ya istehsalat birliyinin digər müəssisələrində işlə təmin etmək üçün heç bir tədbir görməyib. Baxmayaraq ki, mənim bu sahədə işləmək üçün "mühasib, fərdi kompüter operatoru" kimi digər bir ixtisasım da var. Eyni zamanda, "Azəriqaz"da mənim ixtisas və peşəmə uyğun kifayət qədər iş yerləri mövcuddur”.

"YÜKSƏK PEŞƏ DƏRƏCƏSİ OLANLAR İŞDƏ SAXLANMALIDIR"

Şikayətçi hesab edir ki, onunla əmək müqaviləsinin ləğv edilməsi kifayət qədər əsaslandırılmayıb:

"Ştatların ixtisarı həyata keçirilərkən daha yüksək peşə dərəcəsi olanlar işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Müəssisədə qeyd olunan ixtisar aparılıbsa, hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə edilib? Nəyə görə digər işçilər deyil, mənim ixtisar olunmağım əsaslandırılmayıb. Bu müqayisələr hansı qaydada aparılıb və kimin işdə saxlanılması hansı müqayisə və sənədlərlə təsdiq olunub? Halbuki, 2006-cı ildən olmaqla 8 ildən yuxarı iş stajına malikəm, peşəkarlığıma, səviyyəmə və əmək intizamı ilə əlaqədar müdiriyyət tərəfindən heç bir vaxt mənə irad tutulmayıb, iş stajına və peşəkarlığıma görə digər işçilərdən geri qalmıram".

“Azəriqaz” İB-dən isə bildirilib ki, Nərgiz Nağıyeva məhkəməyə müraciət edibsə, son sözü də məhkəmədən gözləmək lazımdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG