Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

Bal yarmarkasında narazılıq – saxta bal satılır


Hətta bir çox satıcılar da yarmarkada saxta balın olduğunu vurğulayırlar

Hətta bir çox satıcılar da yarmarkada saxta balın olduğunu vurğulayırlar

-

“Yeni Müsavat” Bakıdakı bal yarmarkasından reportaj dərc edib.

“Hər il mübahisə və qalmaqalla yadda qalan yarmarkada bu il də narazılıqlar var. Yarmarkada satıcılar müştəri qıtlığından, alıcılarsa saxta baldan şikayət edir. Hətta bir çox satıcılar da yarmarkada saxta balın olduğunu vurğulayırlar... Yarmarkada müxtəlif regionlardan fərqli çeşiddə ballar və bal məhsulları var. Balın kiloqramı hər il olduğu kimi standart qiymətə deyil, nazirlik bu il onlara qiymətdə sərbəstlik verib. Balın qiyməti yarmarkada 15-25 manat arası dəyişir. Kilosu 15 manata balı az halda tapmaq olar. Bu qiymətə satan satıcılar bildirirlər ki, öz təsərrüfatlarının məhsulu olduğundan, bu qiymətə satmaq sərf edir.

“Yəni öz məhsulumuzdur, alverçi deyilik. Ona görə neçəyə istəsək, sata bilərik. Burada əksəriyyət başqasından balı alıb satanlardır. Heç doğru-dürüst arıçı tapmaq da olmur”,- deyə arıçılardan biri gileylənir. O, balın kiloqramını 15 manata satdığını deyir, doşabın kiloqramı isə 10 manatadır. Çərçivədə satılan balların kilosu əsasən 20 manata təklif edilir”.

BAKIDA KONVENSİYA MƏRKƏZİ TİKİLİR

Bakıda möhtəşəm konvensiya mərkəzi (Baku Convention Centre) tikilir. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa olunan mərkəzdə işlər sürətlə davam etdirilir.

Bakı Konvensiya Mərkəzi

Bakı Konvensiya Mərkəzi

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa olunan kompleksdə konfrans, banket, müxtəlif sərgilər, konsertlər və təqdimatlar keçirmək mümkün olacaq. Mərkəz eyni zamanda 4500 qonağı qəbul edə biləcək. Burada 500 nəfərə yaxın işçi xidmət göstərəcək. Konvensiya mərkəzində 3500-ü aşağıda olmaqla 4700 oturacaq olacaq.

Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Mərkəzin beton işləri artıq yekunlaşıb və digər konstruksiyaların quraşdırılması davam etdirilir. Konvensiya mərkəzi müasir işıqlandırma sistemi və dizaynı ilə Heydər Əliyev Mərkəzi ilə bütünlük təşkil edəcək.

AVROPA BİRLİYİNİN XÜSUSİ NÜMAYƏNDƏSİ BAKIYA GƏLİR

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber oktyabrın 20-də Azərbaycana səfər edəcək. O, ölkə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Tərəflər münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə edəcəklər.

“Azadlıq” qəzeti qeyd edir ki, tanınmış hüquq müdafiəçilərinə, azad fikirli insanlara qarşı repressiyaların baş verdiyi şəraitdə nümayəndənin Azərbaycan hökumətiylə hansı danışıqları aparacağı diqqətdə olan məsələdir.

Politoloq Rahim Hacıyev bildirir ki, Azərbaycan-Avropa Birliyi münasibətlərində son dövrlər gərginlik müşahidə olunur. R.Hacıyevin fikrincə, bu, bir neçə amillə bağlıdır. Yəni son dövrlər Azərbaycan hakimiyyətinin apardığı repressiya siyasəti Avropa Birliyini narahat etdiyindən Avropa Parlamenti məhz bu repressiyalarla bağlı qətnamə qəbul edib... Politoloq Avropa Birliyinin Azərbaycanın çox böyük iqtisadi tərəfdaşı olduğunu və o, ölkəmiz üçün böyük önəm kəsb etdiyini bildirir. Azərbaycan hakimiyyəti də onunla əməkdaşlıq etməyə bilməz. R.Hacıyev şübhə etmir ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səfəri zamanı bu əlaqələr və münasibətlərin geniş spektri müzakirə predmeti olacaq. Nəticədə söyləmək olar ki, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətində son dövrlər ciddi meyllər var və hakimiyyətlə ciddi müzakirələr aparılacaq.

“AZƏRBAYCANIN BU TƏŞƏBBÜSDƏN ÇIXARILMASININ ƏLEYHİNƏ İDİK”

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin Myanmada keçirilən 28-ci toplantısında Azərbaycan hökuməti qarşısında 3 tələb qoyulub. Bunu “Media forum” saytına Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru, Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu deyib. Qubad İbadoğlunun sözlərinə görə, tələblər bunlardır:

- mədən sənayesində QHT koalisiyasının fəaliyyəti üçün maliyyə əlçatanlığı və onun istifadəsini asanlaşdırmaq (Yəni koalisiyaya üzv olan təşkilatların bank hesabları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması tələb edilir);

- vətəndaş cəmiyyətinin öz fikirlərini azad ifadə etmək üçün heç bir maneə törədilmədən tədbirlər keçirmək imkanı olmalıdır;

- yeni standartların qəbulu ilə bağlı təlim, seminar, görüşlər keçirməyə şəraiti yaratmaq.

MSŞT, Myanma toplantısı

MSŞT, Myanma toplantısı

​Qubad İbadoğlunun sözlərinə görə, İdarə Heyəti bu istiqamətlər üzrə nə qədər inkişaf olduğunu görmək, eyni zamanda 2013-cü ilin hesabatını dəyərləndirmək üçün gələn ilin yanvarında erkən dəyərləndirmə missiyası göndərəcək:

“Dəyərləndirmə missiyası fevralın əvvəlində bitəcək. Fevralın ortasında İdarə Heyətinin növbəti toplantısı olacaq. Toplantıda dəyərləndirmə missiyasının hesabatı müzakirə olunacaq, Azərbaycanla bağlı qərar qəbul ediləcək. Əgər inkişaf olarsa, heç bir qərar olmayacaq, əksi baş verərsə, Azərbaycanla bağlı müxtəlif qərarlar ola bilər, ölkənin statusu aşağı salına, üzvlüyü müvəqqəti dayandırıla, ya da Azərbaycan təşəbbüsdən çıxarıla bilər. Azərbaycanın 2013-cü il hesabatının yeni standartlara görə dəyərləndirilməsində problem olacağını düşünmürəm. Əsas problem vətəndaş cəmiyyəti ilə bağlıdır”.

MƏHKƏMƏ ORQANLARININ MÜSTƏQİLLİYİNİ TƏMIN EDƏN LİDER

“Azərbaycan” qəzeti Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyevin məqaləsini dərc edib. Müəllif xatırladır ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən üzərinə götürdüyü öhdəliklər sırasında hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddəti və seçim proseduru məsələlərinin nəzərdən keçirilməsi məsələsi də var idi.

“Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə isə 10 il müddətinə təyin edilirdilər. Aparılan mütərəqqi məhkəmə islahatları nəticəsində son illər hakimlərin son yaş həddinədək (65 yaş) təyinatı müəyyən olunub, habelə seçim prosedurları təkmilləşdirilib. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) ekspertləri respublikamıza çoxsaylı səfərlər edərək hakimlərin seçilməsi prosedurlarını yaxından izləyib, Azərbaycanın bu sahədəki uğurlarını digər ölkələrə örnək kimi göstəriblər”.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG