Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:31

«Məhbusların cəmiyyətə inteqrasiyasına yardım edilməlidir»


«Bizi ədalətsiz olaraq karserə salırdılar. Bunu yaddan çıxarmıram»
«Bizi ədalətsiz olaraq karserə salırdılar. Bunu yaddan çıxarmıram»

Hər şeydən əvvəl Azərbaycanda həbsxanaların idarəolunması, məhbuslarla rəftar, nəzarətçilərin düşüncə tərzi dəyişdirilməlidir. Bu qənaətə ədliyyə sistemində islahatlarla tanış olmaq üçün Bakıda səfərdə olan Böyük Britaniya parlamentinin üzvü Baronessa Vivyen Stern gəlib. O, hesab edir ki, məhbusa münasibət dəyişərsə, onlar cəmiyyətə daha tez inteqrasiya olunarlar, həbsxanalarda intiharların da sayı azalar.


Onunla bərabər Edinburq həbsxanasının rəisi olmuş Devid Kroft da dörd gün ərzində bir saylı həbsxana və Bayıl istintaq təcridxanasına baş çəkib, ədliyyə işçiləri ilə görüşüb.


Qobustan həbsxanasında son bir neçə ayda dörd nəfər intihar edib

Qonaqlar Azərbaycanda keçid dövrünü yaşayan penitensiar sistemlə üzləşdiklərini deyirlər. Xanım Sterinin sözlərinə görə, ilk gözə çarpan cəhət budur ki, Azərbaycan Avropa Şurasının məhbuslarla bağlı tələblərini qəbul etsə də, ona sovetlər birliyindən fərqli bir miras qalıb. Həmin sistemdə məhkumların hüquqlarına hörmət edilmirdi, həbsxana sadəcə, cəzalandırılmaq üçün bir yeriydi. Avropa isə məhbusların reabilitasiyasına çalışır. Bu da penitensiar sistemin ən başlıca vəzifəsi olmalıdır. Buna görə də Vivyen Stern hesab edir ki, həbsxanada işləyənlərin məhbuslara münasibəti, problemə yanaşması dəyişməlidir.


Vaxtilə məhbus həyatı yaşamış, hüquq müdafiəçisi Murad Saddədinov da bu fikirdədir ki, idarəetmə dəyişdirilməlidir: «Bizi ədalətsiz olaraq karserə salırdılar. Bunu yaddan çıxarmıram».


Xanım Sternin diqqətini isə Azərbaycan həbsxanalarında müsbət dəyişikliklər də cəlb edir. «Əvvəllər nəzarətçilər böyük dəyənəklərlə gəzirdilərsə, indi üzərilərində silah yoxdur. Əvvəllər həbsxana qaydalarını pozmağa görə, məhbus daha qəddar şəkildə cəzalandırılırdısa, indi bu qaydalar daha humanistdir».


Həbsxana rəisi olmuş Devid Kroft isə ona diqqət çəkir ki, məhbusları işlə təmin etmək, eyni zamanda, onlarla işləmək lazımdır. Onların problemlərinin həllinə, cəmiyyətə inteqrasiyasına yardım edilməlidir. Əks halda onlar depressiyaya düşür, intihara əl atırlar.


Azərbaycan həbsxanalarında intihar halları isə ən çox Qobustan qapalı həbsxanasında müşahidə olunub. Son bir neçə ayda bu həbsxanada dörd nəfər intihar edib. Son illərdə intihar edənlərin sayı haqqında isə müxtəlif rəqəmlər səslənməkdədir. Bəzi hüquq müdafiəçiləri isə həmin rəqəmlərin gizlədildiyini də iddia edirlər. Bundan xəbərdar olduğun bildirən Edinburq həbsxanasının keçmiş rəisi Devid Kroft deyir ki, məhbusu qapalı müəssisədə saxlamaq müsbət heç nə vəd etmir. Ona görə də Azərbaycanda «ömürlük»lərin hamısını eyni həbsxanaya yerləşdirmək təcrübəsindən vaz keçmək lazımdır. Böyük Britaniyada olduğu kimi Azərbaycanda da onlar müxtəlif həbsxanalarda yerləşdirilməlidirlər.


Hüquq müdafiəçisi Murad Saddədinov isə düşünür ki, «Qobustanda»kı intiharların çoxluğu həqiqətən də saxlanma şəraiti ilə bağlıdır: «Bu gün dünyanın heç yerində ömürlük azadlıqdan məhrum olanlar kamera tipli həbsxanada saxlanmır. 20-30 il kamerada saxlanan insan psixoloji baxımdan buna dözmür. Ona görə hər şeydən öncə həmin həbsxana beynəlxalq standarta uyğunlaşdırılmalıdır…»


Böyük Britaniya həbsxanalarında da intihar nisbəti yüksəkdir. 78 min məhbusu olan ölkədə ildə 100-ə yaxın insan intihar edir

Baronessa Vivyen Stern deyir ki, Böyük Britaniya həbsxanalarında da intihar nisbəti yüksəkdir. 78 min məhbusu olan ölkədə ildə 100-ə yaxın insan intihar edir. Amma xanım Vivyenə görə, bunun bir neçə səbəbi var. Əvvəla, məhbuslar çox olduğundan bəzən nəzarətçilər bütün məhbuslara vaxt ayıra, daha həssas psixikaya malik məhbusu müəyyənləşdirə bilmirlər.


«Həbsxanaya düşmək dəhşətli təcrübədir. Bu rəqəm Britaniyada ona görə yüksəkdir ki, məhbuslar arasında ruhi xəstələr də var. Onlar da həbsxanada yox, xəstəxanada olmalıdırlar. Ancaq bu da var ki, ildə 100-ə yaxın intihar hadisəsi baş versə də, bir neçə yüz intiharın qarşısı alınır».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov deyir ki, «ömürlüklər»in Qobustan həbsxanasına yerləşdirilməsi qanun əsasında olub. Britaniyalı qonaqların tövsiyəsini dinləyən parlament üzvləri bunu nəzərə alıb qanuna dəyişiklik edərlərsə, o başqa məsələ. İkincisi, onlar üçün yeni həbsxana da inşa olunur: «Bu həbsxana inşa olunduqdan sonra yəqin ki, bu məsələ öz həllini tapacaq».


Təkcə britaniyalı qonaqlar yox, ötən həftə Bakıda olan Avropa Şurasının təmsilçiləri də hesab edirlər ki, həbsxanalarda ciddi dəyişikliklər aparılmalıdır. Saxlanma şəraitindən tutmuş, onların işlə təmin olunmasına, onlara mənəvi-psixoloji dəstək göstərilməsinədək. Ədliyyə Nazirliyi yanında İctimai Komitə isə bu günlərdə ruhanilər və psixoloqlarla dəyirmi masa keçirmək niyyətindədir. Məqsəd məhbusların cəmiyyətə inteqrasiyasına həm peşəkarları, həm də ruhaniləri cəlb etməkdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG