Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Dövlət teatrları uzunmüddətli təmirə dayanacaq


Azərpaşa Nemət: «Tamaşaçılar sevindirici dəyişikliklərin şahidi olacaqlar»

Azərpaşa Nemət: «Tamaşaçılar sevindirici dəyişikliklərin şahidi olacaqlar»

Azərbaycan teatrları dünya standartlarına uyğunlaşdırmaq və çağdaş texnikayla təmin etmək üçün tezliklə təmir işləri başlanacaq. Azərbaycan Milli Dram Teatrı-Şəhriyar sarayına, Gənc Tamaşaçılar Teatrı - Səttərxan adına Mədəniyyət Evinə, Rus Dram Teatrı-Xətai rayonunun Mədəniyyət Evinə, Kukla Teatrı isə Keşlə Mədəniyyət Evinə köçürüləcək.

«Azadlıq» radiosunun «İz» mədəniyyət proqramı budəfəki buraxılışında dövlət teatrlarının hazırkı durumundan bəhs edir. Müsahib Teatr Xadimləri İttifaqının (TXİ) sədri Azərpaşa Nemətdir.


-Dövlət teatrlarının əsaslı təmirə dayanacağından xəbər verdik. Tamaşaçı sevinsin, ya kədərlənsin?



«Sıxıntılarımız az deyil. Əməkhaqqı yetmir. Əyalətdən təhsil almağa və çalışmağa gələn gənclərin durumu ürəkaçan deyil. Tapdıqlarından yeyir, tapdıqlarından geyirlər»
-Əlbəttə, sevinsin. Təkcə teatr kollektivlərinin deyil, onların da rahatlığı təmin olunacaq. Şux və rahat kreslolar, hər cür imkanı olan səhnə məgər tamaşaçıların xoşuna gəlməyəcək? Onlar 2 il gözləsələr, sevindirici dəyişikliklərin şahidi olacaqlar. Bundan heç şübhəm yoxdur.

-«Teatrlarımızın şəraiti dünya səviyyəsinə uyğunlaşdırılacaq», «modern texniki təminat olacaq» və s. ifadələri siz də eşitmisiz. Bu səviyyə və təminatın ölçülərinin müəyyənləşdirilməsində sənətçi öndədir, yoxsa məmur?


-Bilirsiniz, qarşılıqlı ünsiyyət və müzakirə ruhu var. Məsələn, «Teatr haqqında» qanun layihəsini həm Mədəniyyət və Turizm Nazirliyi, həm də TXİ hazırlayıb. Başqa sözlə, ortada 2 layihə var. MM-də ilk oxunuş zamanı hər 2 layihənin üstün cəhətləri birləşdirildi və ortaq bir layihə meydana çıxdı. Fikir verin, hətta «Avropa səviyyəsi» demirik, «dünya standartlarından» danışırıq. Məmurlar, təbii ki, önə çıxırlar, amma sənətçini anlayan, ona dəyər verən məmurlardan söhbət gedirsə, bütövlükdə cəmiyyət qazanır.


-Azər bəy, necə dolanır rejissorlar, aktyorlar? Nə yeyirlər, nə geyirlər, nə oxuyurlar və nə oynayırlar?


-Sıxıntılarımız az deyil. Əməkhaqqı yetmir. Özəlliklə gənclər, xüsusən əyalətdən təhsil almağa və çalışmağa gələnlərin durumu ürəkaçan deyil. Tapdıqlarından yeyir, tapdıqlarından geyirlər. İmkan düşsə, dublyaja qaçır, filmə çəkilir, teletamaşalara qatılır və kiçik büdcələrini bir az genişləndirirlər.


-Teatra meyl ən çox hansı sosial kəsimin payına düşür? Lap sadə desək, lap varlılar və lap yoxsullar teatra gəlirmi?


-Ən varlılar tələbatlarını başqa seçimlərlə ödəyir, ən yoxsullarsa çoxsaylı problemlərini çözməklə məşğuldur. Bu mənada, teatrlara, əsasən, orta təbəqənin təmsilçiləri gəlirlər. 10 il öncəyə baxanda, təmsilçilik həm forma, həm də məzmunca dəyişməkdədir. İqtisadi durum hələ ki, böyük optimizmə imkan vermir.


-Azər bəy, o məşhur nağıldakı kimi, tora qızıl balıq düşsə, Azərbaycan sənətçisi nə istəyəcək? Teatr üçün nə istəyər, özü üçün nə istəyər?


-Babat əməkhaqqı, mənzil, yataqxana, çalışmaq imkanı, sözsüz ki, diləklər sırasında olacaq. Sənətçinin özü üçün istədiyi, nəticə etibarilə, tamaşaçını sənətə daha çox bağlamağa xidmət edəcək. Bu mühitdəki insanları yaxından tanıdığımdan belə düşünürəm.


XS
SM
MD
LG