Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59

Necə ola bilərdi ki, Mirqasım ölməyini qabaqcadan bilsin?..


Yaşar Bünyad

Yaşar Bünyad

-

Hacı bu xəbəri eşidər-eşitməz dəhşətə gəldi. Dünən top kimi olan kişinin qəfil ölümünə heç cürə inana bilmirdi.

Bir yandan da fikirləşdi ki, axı necə ola bilərdi ki, Mirqasım, Mirqasım aa, qabaqcadan ölməyini dəqiqliklə bilsin?..

Yaşar Bünyad

O ÜZDƏ KİM VAR?

(hekayə)

Adını Hacı qoyanda atasından başqa hamı narazı qalmışdı.

Əksər qohum-əqrabası babasının adını qoymağı münasib bildiyindən onları vecinə almadığı üçün, bir ara, yaman tərs adam olan atasından küsmüşdülər də.

Amma bu küsülülük uzun çəkməmiş, yaş kağızında adı sənət-subutla təsdiq olunduğu gün qonaqlıq baş tutmuş, o gün hamı qapılarına yığışıb uşağı “Hacıbala” deyə çağırandan sonra küsülülük, yəni, inciklik də eləcə ötüb keçmişdi.

Əkrəm yeganə oğluna bu adı verməklə, sanki böyük bir nəslin reallaşdıra bilmədiyi istəyi quruca adla da olsa yaşatdığına görə qürrələndiyindən rahatlanmışdı.

“Dədəm də, qağam da, özüm də bu arzuyla yaşadıq ömür boyu,elə bu arzuyla da öləcəyik. O müqəddəs torpağı ziyarət etmək, qara daşı öpmək, şeytanı daşlamaq bəlkə oğluma qismət olacaq?!”

Lap körpəlikdə atasından, müharibədən şikəst qayıtmış babasından o qədər eşidərmiş ki bu sözləri. Ən çox da atası hikkəylə deyinərdi:

”Şura hökuməti uşaqlığımı əlimdən aldı, bir də ayıldım ki, budu ha, yekə kişiyəm, komsomola yazılmalıyam, kommunist olmalıyam, peşə məktəbinə getməliyəm, nə bilim nə eləməliyəm... Allahın da adını tutanın dədəsini dalına səriyirdilər, kafirlər!”

Əlbəttə, bunları hikkəylə , amma elə pıçıltıyla deyərdi ki, evdəkilərdən başqa ,heç divarların da qulağına gedib çatmasın – çünki , o zamanada divarlar da eşidirdi, deyirlər...

Oğlunu Hacı deyə çağıranda Əkrəmin ciyəri sərin dağ havasıyla dolurmuş kimi şişirdi, bir növ təskinlik tapır, ürəyi də “pırr...” eləyib qəfəsdən çıxmış göyərçin kimi çırpınırdı sinəsində.

“Nə kopoyoğlu şeyimiş əə, sevinmək?!” deyə şadlığından içində sakitcə ağlayırdı, sanki o vaxt oğlunun adqoydusu deyildi , özü Həcc ziyarətindən qayıtmışdı ...

Hə, onda Hacı uşaq idi, Əkrəm də indiki kimi qocalmamışdı.

İmkanlılar dünyanın bütün naz-nemətindən dadmaq üçün yorğa at belində kef çəkə-çəkə gedərkən, Əkrəmkimilər yetə bilmədiyi arzularının dalınca dəlisov kəhər atı necə çapmışdısa, nə vaxt gəlib ömrünün sonuna dirəndi – hiss etmədi. Amma, qocalmağına baxmayaraq buna da şükür edirdi ki, nəhayət, dədəsinin, qağasının, özünün arzusu gözündə qalıb dünyaya vida etməyəcəkdi, çünki öğlu gec də olsa, əsl Hacı olmuşdu!

“Nə yaman şeyimiş əə, ölməmiş istəyinə çatmaq!..”

Gözlərini yumanda nə hiss etdiyini deyə bilmərəm, amma o baxışlarda möhtəşəm bir təbəssüm vardı! Əkrəm, ona yuxu kimi gələn , bəlkə də həyatın nə qədər şirin olduğunu ilk dəfə dadarkən bütün mənasız ömrünə heyfsilənsə də hacı atası kimi işıqlı dünyaya gözlərini qapadığından fəxarət duyurdu.

Hacı iri bir rayonun sayılıb –seçilən zatıydı, çünki bu iri rayonun ilk hacısıydı . Adlarını yaxın qohum-əqrabasının da çoxunun unutduğu - atasını, babasını, ulu babasını da ona görə yad edir, ən uzaq qohumuna, dost-tanışına Hacıya görə hörmət edirdilər.

Məclislərin başında, saqqalı ağarmasa da ağsaqqallar cərgəsində yeri vardı. Atasının arzuladığı, özünün görmədiyi günləri yaşayırdı Hacı. Uzaq kəndlərdən dəstə-dəstə adamlar qapısına pay-pürüştlə gəlir, Allahın müqəddəs ocağını ziyarət edirlərmiş kimi atasından qalma daxmasına səcdə edirdilər.

Bu dünyada hər Allah bəndəsinin çatışmayan bir cəhəti var. Hacıda da bir balaca keylik vardı uşaqlıqdan. Ona görə də küt idi, yəni savad sarıdan kasıbçılığı ağzını açan kimi özünü biruzə verirdi. İki il çalışsa da, ərəb dilini alayarımçıq öyrənə bilmişdi.

Yas mərasimlərində, başbilən axund və mollalardan eşidib, “kafir əlifbası”yla dəftərçəsinə yazdığı bir neçə vacib surəni necə yazmışdı, eləcə oxuduğundan tələffüzündəki eybəcər qüsurları gizlədə bilməsə də, fərqinə varmazdı, çünki özü də bilirdi, rayon cammaatı ərəbcə bilmədiyindən, onsuz da, onun dediklərini anlamırdı.

Bir yas məclisində keçmiş pinəçi Hacı Əbülqasım, qaz idarəsinin keçmiş müdürü Hacı Bakir onunla birlikdə ehsanı yeyib qurtarandan sonra növbəylə dualar oxudular. Məclis əhli də ağızlarının yağını silib səbirsizliklə baş mollanın nə vaxt “fatihə” deyəcəyini gözləyirdi ki, getsinlər işlərinin-güclərinin dalınca. Nədənsə, məclisin baş mollası Hacı Bakir bu işi bizim Hacıya həvalə elədi.

Hacı əvvəlcə duruxdu, boğazını yaşlamaq üçün purrəng çaydan bir-iki qurtum uddu, mikrofonu özünə yaxınlaşdırıb kal səslə oxudu və bir neçə dəqiqədən sonra iki əlini kitab kimi açıb yuxarı qaldırdı, üzünə salavat çəkib: “Allah bütün ehsanları qəbul eləsin! Allah rəhmət eləsin!. Zəhmətinizi halal eləyin!” - dedi.

Təkcə Mirqasım çadırdan çıxmağa tələsmirdi. O, Hacıya yaxınlaşdı, ədəblə salam verdi, başını aşağı əyib ağzını onun qulağına dayadı, dediyini heç kəs eşitməsə də Hacının yerindən dik atılıb gözlərini bərəltməsini hacı mollalar da, süfrəni yığışdıran cavanlar da görüb ona sarı çevrildilər. Onu elə bil tok vurmuşdu. Topuq vuran dilindən çıxardığı bu sözləri isə hamı eşitdi:

-O-o-ola bilməz?! - dedi və o dəqiqə də pərt olduğunu aşkar etməmək üçün məclisi tərk etdi.

Bayaqdan asta-asta təsbeh oynadan özlərindən razı hacılar nə baş verdiyini anlayıb hirslə bir-birlərinə baxdılar, sonra da hər məclisdə bir hoqqa çıxarıb onları pərt edən Mirqasıma sarı çöndülər. Hacı Bakirin başında qaz idarəsinin “qaz”ı hələ də qaldığından sovetdənmiras müdürlük ədasıyla dedi:

- Mirqasım, ağsaqqal kişisən, get , öz işinlə məşğul ol. Hər dəfə bir hoqqa çıxarma camaatın məclisində. Belə savadlıydınsa, niyə institutdan mitilini atmışdılar bayıra?!

Mirqasım belə atmacalara öyrəncəliydi. Həm də bilirdi ki, Hacının etdiyi qələtləri Bakir də tez-tez təkrarlayır, ona görə də üzünə baxmadan saymazyana onun oturduğu yerə işarəylə:

-Ora sizin yeriniz deyil, - deyib məclisi tərk etdi.

O, deməyə də bilərdi, susardı, sadəcə, adi sözləri belə düzgün tələffüz etməyən üzdəniraq molla və hacıların məclisin başında əyləşib müqəddəs kəlamları çeynə-tüpür etməsinə dözə bilmirdi. Odur ki, tez-tez qələt buraxan, oxuduğunun mənasını dərk etməyən Hacıya həm acığı tutmuşdu, həm də burnu girməyən yerə başını təpələşdirən yerlisinə yazığı gəlmişdi.

Başqaları kimi gözünü mollanın əlinə, ağzına dikib nə dediyini qanmadan “amin” kəlməsini gözləmirdi Mirqasım. O, müqəddəs kitabı səlist bilirdi, orjinaldan oxumuşdu, yəni, heç kəs savadına şək-şübhə edə bilməzdi.Amma, elə ki başı pozuldu, dərdindən içkiyə qurşandı, daha kitabı evində saxlamadı, verdi mədrəsəyə.

Çoxları bilmirdi ki, Mirqasım Brejnevin dövründə orta məktəbi qızıl medalla bitirib şərqşünaslıq fakültəsinə daxil olan, bəlkə də ilk və son kəndçi balasıydı. Amma Mirqasımın böyük arzuları, gələcək planları yarıyolda ilişib qaldı, çünki, çox adam bilmirdi ki, ərəb dili şöbəsində oxuyan Mirqasım elə birinci kursdan tələbə yoldaşına vurulubmuş. Dəli kimi sevirmiş qızı. Tərslikdən də qız kim ola, kim ola , hansısa nazirin qızı, özü də yeganə qızı.

Nə isə, söz çatır nazirin qulağına . Aydın məsələydi ki, nazir qızıyla lüt-üryan, “bambılı”(nazir belə deyibmiş) bir kəndçinin nəinki kəbini kəsilə bilərdi, heç yolları da bir ola bilməzdi. Odur ki, nazir rektoru yanına çağırıb nə deyibmişsə, Mirqasımı ikinci kursun birinci semestri bitməmiş universitetdən qovmuşdular. Vəssalam!..

Lap Füzulinin Məcnunu kimi, bəlkə ondan da betər havalanıbmış Mirqasım. Bircə o qalıbmış ki, düşsün Kürdəmirin çöllüyünə. Bu eşq-məhəbbət yaman zalım şeymiş!..

Rayona qayıdandan sonra illərlə sevgisini unuda bilməyən Mirqasım hələ də subay idi. Düzdü, bir az “o söz”, başı çevriləndə heç kimi tanımırdı,amma tez də özünü yığışdırmağı bacarırdı, üstünə tullanmasaydı, heç kimin toyuğuna “kiş” də deməzdi.

İçirdi. Elə bil üstündə gəzdirə bilməyəcəyi ağır yükün sanbalını azaltmaqçün, arzusuz, sevgisiz yaşamağın mənasızlığını unutmaq üçun içirdi. Yalan, şər-böhtan, təkəbbür , şan-şöhrət, rəzalət ayaq açıb yeriyən bu məmləkətdə Mirqasımın cəhənnəm əzabı çəkdiyini duymayanlar, duymaq istəməyənlər onu qınayır, “sənin yerin cəhənnəmdi “ deyənlər də tapılırdı. O da zarafata salıb deyərdi ki, camaatın qazpuluyla özünə imarət ucaldan, oğlunu “medinstitut”a qoyan, indi də hacı olan Bakirlə cənnətdə bir yerdə sərinlənməkdənsə, cəhənnəmin istisində tərləmək min dəfə yaxşıdı. Bir də deyərdi ki, “ay bədbaxtlar, bu dünyada pul töküb qabağında pəyandaz olduğunuz, hər kişinin qismətinə düşməyən Şakira, Madonna, Lopezdi-nədi, o, Aygün, Manana... “Cəhənnəm-plaza”da pulsuz-parasız oxuyacaqlar mənimçin ee... Ha-ha-haa!.. Hələ rayon axundunu, bələdiyyə sədrini demirəm... Hə, ferma müdürü Mamed də təzə “UAZ”ın sürəcək elədən- belə, belədən-elə.Çünki nə svetofor var, nə radar-madar... Əsl bizim yerimizdi!”

Bəziləri “başına hava gəlib “ deyib ona gülsələr də, çoxu Mirqasımın fantaziyalarına inanmaq istəyirdi, hətta, bəziləri inanırdı da...

...Məclisdən çıxandan sonra neçə gün özünə gəlməyən Hacı depressiyaya düşdü. Mirqasımın son sözünü heç cürə unuda bilmirdi. Bir tərəfdən də ziyarətə hazırlaşanda ona dərs demiş axundu günahlandırırdı ki, necə ola bilər, axund ,ərəbcə lənətə gəlmiş “s” hərfinin bu qədər “kaprizni” olduğunu ona anlatmayıb. Yoxsa , özü də?..

Neçə gün keçdi, ay bitdi, fikirdən özünə qapanıb çölə-bayıra çıxmayan Hacı xəstələnib yatağa düşdü. Həkimlər onun dərdinə çarə tapa bilmirdilər.Arvad-uşağı gecə-gündüz dua edib əllərini göyə açırdı ki, ona bir şey olmasın. Hacı sağalmaq bilmirdi ki, bilmirdi.

Bir axşam Mirqasım onu yoluxmağa gəldi. Deyəsən, bir balaca “vurmuşdu” –zəhirmarın iyi oturandan beşcə dəqiqə keçməmiş otağı başına bürüdü. Hacı onun gəlişinə nə sevindi, nə də ağız büzdü. Amma onun saymamazlığı, yəni içkili hacının kəndarına ayaq basması, deyəsən, qonağa çay da təklif eləməyən arvadına yamanca yer eləmişdi .

-Necəsən, Hacı?- soruşdu.

Hacı bilmədi halını rişxəndlə soruşur, yoxsa doğrudan-doğru. Əllərini sinəsində çarpazlayıb dilləndi:

- Görmürsən, ölürəm.

Mirqasım doktor Qəni dəstiri əlini xəstənin alnında gəzdirdi, sonra əini ovcunda saxlayıb pişik tumarlayan kimi sığalladı və birdən qəhqəhə çəkib gülməyə başladı. Arvad-uşaq da döyükərək qonşu otaqdan boylandılar . Bunu görən Hacı daha da hirsləndi. Az qaldı ki, xəstəliyini unudub ayağa qalxsın, Mirqasımı ayağının altına salıb çırpışdırsın.

-Nə irişirsən əə, - deyə bağırdı, - dolamısan məni?! İçib gəldiyin bəs deyil, hələ məzələnirsən də? And olsun Allaha!...

Mirqasım onun sözünü yarımçıq kəsdi:

-Hacı, inandığımız haqqı, səndə xəstəlikdən əsər-əlamət yoxdu. Ölmək nədi? Səninki başqa şeydi e, azar deyil... Elə ona görə gəldim, gəldim deyəm ki, heç ürəyinə salma, səhvsiz insan olmur, illah da savadı olmayan ola... Qırxında öyrənən də ki, özün bilirsən... Günah səndə deyil , sənə dərs verəndədi... Mənim o gün dediklərimi də unut getsin.

Hacı çaş-baş qalmışdı; Mirqasım əvvəllər belə danışmazdı, elə bil dəyişmişdi, birtəhər olmuşdu ee...Bir balaca kövrəlmişdi də. Səbəbini ayırd edə bilməsə də ona toxtaqlıq verdiyinə görə qucaqlayıb öpmək istədi.Amma güclə özünü saxladı,bircə bunu deyə bildi:

-At getsin bu içkini.Yazıqsan...

Mirqasım təəssüflə “xəstə”ni süzdü, gözlərinin içinə baxıb dedi:

-Gecdi.Qismət olsa, görüşərik.

Mirqasım vidalaşıb getmək istəyəndə Hacının qulağına pıçıldadı ki, bəs sabah leysan tökəcək, tərs kimi mən də yola çıxıram. Hacı da “yaxşı yol” deyib daha soruşmadı ki, hara gedirsən və gülümsədi.

-Qismət Allahdandı, - dedi.

İldırım elə şaqqıldayırdı, deyərdin, bu dəqiqə yer-göy yanıb kül olacaq. Leysan da tökür ağappaq , köpükləri də bildirçin yumurtası boyda. .Ancaq ildırım çaxıb hər tərəfi gur işığa bürüyəndə yerə çırpılan iri damlalar zərbəyə tab gətirməyib dağıldıqca sanki ağ zanbaqlar açmış geniş zəmini xatırladır, bir göz qırpımında da bu gözəllik yenidən zülmətin ağuşuna girirdi.

Və beləcə, bütün gücəni köpüklənə-köpüklənə ağ leysan tökdü. Son on ildə bu cür yağışı xatırlayan belə olmamışdı.

Səhərəcən yerində qurcalanan Hacının yuxusu ərşə çəkildiyinə görə özünə, həm də bu müsibətdə yola çıxacağına görə də Mirqasıma yazığı gəldi.

Günortaya az qalmış leysan gözlənilməz başladığı kimi də xırıppıltıyla kəsdi və kəndə xəbər yayıldı ki, bəs, Mirqasım... dünyasını dəyişib.

Hacı bu xəbəri eşidər-eşitməz dəhşətə gəldi. Dünən top kimi olan kişinin qəfil ölümünə heç cürə inana bilmirdi. Bir yandan da fikirləşdi ki, axı necə ola bilərdi ki, Mirqasım, Mirqasım aa, qabaqcadan ölməyini dəqiqliklə bilsin?

Rayonda eşidib-bilən onun dəfnində iştirak etdi. Hacı Bakir də “ölənin dalınca danışmaq günahdır” prinsipini rəhbər tutaraq getdiyi yerin nurla dolmasını, torpağının yüngül olmasını arzulayıb dualar oxudu ki, bəlkə Mirqasım onun dualarını eşidər və ondan razı qalar, inşallah!..

...Zülmət getdikcə azalır, göylərə dirənən daş hasara yaxınlaşdıqca torpaq yol çınqıllı cığıra dönürdü. On-on beş addım da atsa iri, ağır taxta darvazaya yaxınlaşacaqdı. Uzaq, məşəqqətli yol gəldiyini dizləri titrəyəndə hiss etdi. Bütün vücudu yapışqanlı tərin əsarətindəydi. Nəhayət ki, mənzilə çatdığını biləndə son dəfə dərindən nəfəs aldı, güclə yerdən bir qənbər daş götürüb taxta darvazanı döyəclədi...

Deyəsən, çox döyəclədi, çünki qapı gec açıldı, cırıldaya-cırıldaya açılmağıyla da heyrət onu bürüdü; uzaqda, Braziliya karnavallarına bənzər möhtəşəm qələbəlik, rəngarəng geyimlər, qulaqbatıran musiqi, hər dildə danışan insanların hay-küyü düşdüyü bu aləmin qəribəliyindən xəbər verirdi. “Aman Tanrım, bu nə təntənəydi belə?!”

İçəri girmək istəyəndə döyüküb tez də dayandı; yerdən vulkanabənzər od püskürdü, lap o, bulvardakı musiqili fantan kimi, sonra da elə darvaza hündürlüyündə eybəcər bir it zəncirini çeynəyə-çeynəyə tindən çıxıb alovun qarşısında dayandı, ona baxdı. Təzəcə ət yediyindən əcaib dişlərindən damcılayan qıpqırmızı qan sallaq dodaqlarına süzüldükcə kəskin iy verən ağız seliyinə qarışıb bulanırdı.Gözlərinin içi də qan rəngindəydi.

İt lap yaxına gəlib adam kimi danışmağa başladı.

-Xoş gəlmisən, Hacı.

Hacı, adam kimi danışan, özü də onu tanıyan itin xırıltılı səsindən diksindi. Başını tərpədib udquna-udquna təşəkkür etdisə də yamanca qorxdu.

Adam kimi danışan İt:

-Tanımadın məni?- Soruşdu.

Hacı bir az ürəklənib, nəsə tanış bir iz, oxşarlıq axtarırmış kimi bədheybətin qıllı sifətinə, qızarmış gözlərinin içinə baxdı, tanış bir cizgi tapa bilməyib yenə başını yellədi ki, “yox”.

Buna bəndiymiş, o boyda it başını ayaqlarının arasına qısıb hönkür-hönkür ağlamağa başladı. Sonra toxtayıb Hacıya dedi:

-Şükürəm də, Şükür... Molla Şükür, tanımadın?

Hacı keçən payız kubiklə yüklü “Kamaz” ın altında qalıb ölən molla Şükürün adını eşidəndə əti ürpəşdi.Heyrətlə onun qırmızı gözlərini süzdü.

-Vay dədəm, vayy!..Ə, sən bu günə niyə düşmüsən?

Şükür də şəhadət barmağını göyə tuşlayıb cavab verdi:

-Həə...Onun nəzərindən zərrə də qaçmazmış?!. Allahdan gizli olmadı, səndən nə gizlədim. Bura gəlməmişdən üç il əvvəl məscidin nəzir qutusundan beş min manat , bir də yeddi yüz dollar götürüb qızıma cehizlik almışdım. Əlim quruyaydı!.. Fikirləşirdim ki, heç kəs bilməz. Mənə deyən lazımıydı ,ay itə dönmüş gorbagor,niyə nəfsini boğmursan, niyə eşşəklik edirsən, hə?! . Qurbanın olum, ay Hacı, indi məni yandıran bu deyil , məni o yandırır ki, ömrü boyu alnı möhür görməyən Mirqasım burda kef çəkir - bir yanında Şakira əndamı yanmış, bir yanında Aygün, ərəb rəqqasələri də - əti tökülmüşlər-səhərdən axşamacan qabağında göbək atırlar, məni isə itə döndərib qapıya bağlayıb!..

Hacı onun adını eşidəndə bir az duruxdu, barmağını elə dişlədi ki, lap bağırmaq istədi , onsuz da kəm olan nitqi tutuldu, rayondakı hüzr yerində buraxdığı qələt yadına düşdü, nədənsə, ağ leysan yağan o gecəni xatırladı, sonra da mollanın sözlərinə şək-şübhə etməmək üçün itin, yəni Şükürün qoltuğunun altından boylanaraq diqqətlə püskürən alovdan o üzə baxdı; əvvəlcə, uşağlığından itoynadanın biri olmuş mollanın dediklərinin maskarad olduğunu zənn etdi, amma diqqətlə baxandan sonra yarıçılpaq ağ, qara, mulat qızların əhatəsində şellənən Mirqasımı, “UAZ”ını qollu-budaqlı şabalıd ağacının altında saxlayıb təmir eləyən Mamedi görəndə quruyub yerində qaldı, hara gəlib çıxdığını dərk edəndə isə “hiiii...” eləyib böyük qələt sahibi molla Şükürə yox, özünə yazığı gəldi və o dəqiqə də ürəyindən keçdi ki, indicə bir Allah bəndəsi onu çimdikləsə ,yəqin edərdi o, yuxudadı, yoxsa ölüb?..

Günün bütün mövzuları

XS
SM
MD
LG