Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

Hava zərbələri İslam Dövləti yaraqlılarını geri çəkilməyə məcbur edir


-

ABŞ təyyarələri tərəfindən mövqeləri iki gündür ki, ağır raket atəşinə tutulan İslam Dövləti yaraqlılarının Suriyanın kürd şəhəri Kobani üzərinə hücumu səngiyib və hətta onlar şəhərin əksər məhəllələrindən çıxmağa məcbur olublar.

Ötən həftə Türkiyə və ABŞ rəsmiləri İslam Dövləti yaraqlılarının Suriyanın Türkiyə ilə həmsərhəd Kobani şəhərini fəth etmək ərəfəsində olduqlarını bəyan etmişdilər.

Lakin ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyanın hava reydlərini intensivləşdirməsi cəbhə xəttindəki vəziyyıəti kökündən dəyişməyə başlayıb.

Çərşənbə və cümə axşamı ABŞ-ın qırıcı və bombardmançı təyyarələri Kobani yaxınlığındakı cihadçı mövqelərinə 14 reyd keçiriblər.

Bu barədə məlumatı yayan ABŞ Mərkəzi Hərbi Komandanlığı bildirib ki, cihadçıların şəhər üzərinə yürüşü yavaşıyıb, lakin bölgədə vəziyyət mürəkkəb olaraq qalır.

Obama üçün sınaq

İslam Dövləti yaraqlılarının dörd həftədir ki, davam edən yürüşü ABŞ prezidenti Barack Obamanın hava strategiyası üçün bir növ sınaq olub.

Kobanini müdafiə edən kürd döyüşçülər bildiriblər ki, onların silah və sursatla təcili təchiz olunmağa ehtiyacları var. Türkiyə hələlik bu çağırışa hay verilməsini mümkünsüz edir.

Kobanidə islamçıların məğlubiyyətə uğradılması İslam Dövləti yaraqlıları üçün ağır zərbə, Barack Obama üçünsə strateji qələbə sayıla bilərdi.

Xəbər verilir ki, Türkiyənin təhlükəsizlik qüvvələri Kobaniyə yaxın sərhəd bölgələrindəki mülkiləri və media nümayəndələrini oradan uzaqlaşdırıblar.

Kürdlər qurudan müdaxiləyə çağırırlar

Kürdlər və islamçılar arasında ən qızğın döyüşlərin getdiyi Kobaninin şərq həndəvərlərində koalisiya tərəfindən altı raket zərbəsi endirilib, lakin tərəflər arasında mövqe dəyişikliyi baş verməyib.

Suriya Müşahidə Qrupu xəbər verir ki, kürd döyüşçülər cihadçıların nəzarətində olan bir neçə küçəni geri alıblar.

Kobanidəki jurnalistlər bildiriblər ki, hava zərbələri İslam Dövləti yaraqlılarının şəhər üzərinə hücumu başlayandan bəri kürd döyüşçülərə ilk dəfə əks-hücuma keçmək imkanı verib.

Kobani rəsmiləri deyirlər ki, raket zərbələri son dərəcə səmərəli olub, lakin İD-i ərazidən tam çıxarmaq üçün qurudan müdaxiləyə ehtiyac var.

ABŞ: “Kürdlər dəyərli müttəfiqdirlər”

ABŞ rəsmiləri qurudan hər hansı müdaxiləni istisna ediblər, lakin bildiriblər ki, kürd döyüşçülər koalisiyaya dəyərli müttəfiq olduqlarını göstəriblər.

İraqın qərbindəki kürd döyüşçülərə Qərb silahlarının artıq çatdırıldığı bildirilir, lakin Kobaniyə hələ də silah-sursat verilməyib.

Cəbhə xəttindən alınan məlumatlarda deyilir kİ, kürd qüvvələri Suriyanın Türkiyə ilə həmsərhəd başqa bir şəhəri – Rəs əl-Aynda ötən çərşənbə azı 20 cihadçını məhv ediblər.

Bu döyüşsdə 2 peşmərgə döyqüşçüsünün öldürüldüyü və çox sayda Kalaşnikov avtomatlarının və başqa silahların kürdlərin əlinə keçdiyi xəbər verilib.

Ankara Assad-ın devrilməsini tələb edir

Reuters agentliyi xəbər verir ki, Türkiyə hələlik Kobaniyə yardım etməsi üçün göstərilən təzyiqlərə ram olmur və bu şəhərdəki kürd döyüşçülərə silahların çatdırılması üçün imkan yaratmır.

Qərb mediası bildirir ki, Ankara yüz minlərlə qaçqının yerləşdirilməsi barədə Qərbdən aydın zəmanət almayınca, Suriyadakı vətəndaş münaqişəsinə müdaxilə etmək istəmir.

Türkiyə həmçinin PKK ilə sıx əlaqələri olduğu bildirilən Suriya kürdlərinin silahla təchiz olunmasına da şübhə ilə yanaşır.

Türkiyə rəsmiləri fəaliyyətsizlikdə tənqid edilmələrindən narazıdırlar və deyirlər ki, indiyədək bu münaqişənin humanitar yükünü yalnız Türkiyə çəkir.

Ankara həmçinin bildirir ki, Suriyadakı müharibənin yaratdığı hakimiyyət vakuumunda əl-qolu açılmış İslam Dövlətini yalnız havadan zərbələrlə məğlub etmək mümkün deyildir.

Türkiyə münaqişəyə görə prezident Bashar al-Assad-ı ittiham edir və koalisiyanın onun devrilməsini məqsəd kimi qoymasını istəyir. Koalisiyanın Qərb müttəfiqləri hələlik bu təklifi rədd edirlər.

Türkiyə mövqeyini dəyişmir

Çərşənbə günü çıxış edən Türkiyə baş naziri Ahmet Davutoğlu bildirib ki, Türkiyəyə qaçmış kürd döyüşçülərə Kobaniyə qayıdıb vuruşmaq imkanı yaradılsa da, onlar bundan imtina ediblər.

Baş nazir həmçinin hazırda Türkiyə ərazisində olan Suriya qaçqınlarının yerləşdirilməsi üçün Suriyanın öz ərazisində bufer zonası yaradılması ideyasında israr edib.

Ankaranın təklifinə görə bufer zonası və ya təhlükəsiz ərazi son aylarda ən qızğın döyüşlərin getdiyi Hələb şəhərinin ətrafında yaradılmalıdır.

Cənab Davutoğlu bildirib ki, bu zonanın yaradılması BMT tərəfindən sanksiyalanmalıdır ki, koalisiya lazımi hava dəstəyini verə bilsin.

“Belə himayə zonaları yaradılarsa, Türkiyə lazım olan bütün yardımı göstərməyə hazırdır” - deyib Davutoğlu.

O bir daha təkrar edib ki, bufer zonaları yaradılmasa, Ankara münaqişəyə fəal şəkildə müdaxilə etməyəcək.

ABŞ rəsmiləri deyirlər ki, salamat zonaların yaradılması hazırda prioritet deyil və NATO bu məsələni müzakirə etmir.

Öz növbəsində rəsmi Dəməşq “bufer zonalarının” yaradılmasına kəskin etiraz edir və bildirir ki, bu, beynəlxalq qanunların ciddi pozulması olardı.

Kürdlərin qadın komandanı

Bu arada BBC Kobanidəki qadın kürd komandanı Baharin Kandal-a istinadən bildirib ki, İD şəhərin əksər hissələrindən geri oturdulub.

O həmçinin bildirib ki, kürdlər silah və sursatla təmin edilirlər, lakin bunun kim tərəfindən edildiyini deməyib.

32 yaşlı qadın komandan bildirib ki, o, tezliklə Kobaninin tam azad ediləcəyinə əmindir.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə Amerika təyyarələri İD-in nəzarətində olan 19 binaya, iki komandanlıq postuna və üç snayper nöqtəsinə zərbə endirib.

Kobanidəki kürd rəsmisi İdris Nassen BBC-yə müsahibəsində təsdiq edib ki, İD geri çəkilməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG