Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:16

Yarasa-bayquş cənablar...


Məlihə Əzizpur
Məlihə Əzizpur

-

Arazın o tayından

Məlihə Əzizpur

Taraq . . . Taraq . . .!

Yenə də, güllələdilər igidi.

Bax ondan ayrılan cana

Bir deyil, min - bir - ikidi.

Ovucunda nübar torpaq

Qoynunda bir yasaq bayraq

İçində bir sınıq mahnı:

"Vətən bağı al-əlvandır . . . "

Bura;

Az

Ər

Bay

Can

dır . . .

***

Bura ət bazarı!

Kimisi göz

Kimisi dil

Kimisi beyin

Kimisi boyun

Kimisi qulaq

Kimisi qursaq . . .

Və ayrıca,

Neçə batman kimiləri

Baha-baha döşəniblər tabaqlara . . .

Bura ət bazarı!

Özlük ucuzluğu

Alana minnət . . .

***

Həqiqət,

Yazılmamış vəsiyyətdir

Həqiqət, hər an giyotinə yaxınlaşmaqdır

Həqiqət, zərrə zərrə ölüb,

Səs çıxarmamaqdır .

Ah! həqiqət . . . həqiqət . . .

Təp - təzə yaralardır həqiqət . . .

***

Yarasa-bayquş cənablar

Qaranlığı

Hər nə qədər töksələr də şəhərimə

Mən yenə də, ışıq payımı alıram

Küçəmizin timindəki

Günəbaxan bağçasından . . .

***

Mən, sevincləri yağmalanmış,

Payıza rastlamış ağac.

Sən, qanadları uçuş rəngli

Bahar heykəlli Turac.

Mən, sınıq qədəh kimi dağınıq

Sən, qızıl şərab kimi sərxoş.

Mən, qaranlığın sonsuzluğu

Sən, günəşin işıq yolçusu.

Mən, ölümə doğru son nəfəs

Sən, yaşamı başlayan həvəs.

Mən . . .

Bax!

Günəş doğub,

Gedə bilərsən . . .

XS
SM
MD
LG