Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:29

«Yeni Müsavat»: «Rusiya kəşfiyyatı Azərbaycanda fəaliyyətini genişləndirir»


«Yeni Azərbaycan» qəzetindəki «Azərbaycanın «Şahdəniz»dəki payı arta bilər» başlıqlı məqalədə bildirilir ki, «Şahdəniz» yatağından çıxarılan qazın Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəqli nəzərdə tutulan müddətdən bir qədər gec həyata keçirilə bilər. Bunu layihənin operatoru olan «BP» şirkəti də gizlətmir. Avropa bazarlarına, daha doğrusu, Türkiyə ərazisinə Azərbaycan qazının oktyabrda nəqlinin yubanması Türkiyədə kəmərin tam hazır vəziyyətdə olmaması ilə əlaqədardır. Buna baxmayaraq, «BP» oktyabrda ilk qazın nəqlinə başlamaq niyyətindədir. Belə ki, «Şahdəniz» qazı Türkiyədə kəmər istismara hazır vəziyyətə gətirilənə kimi, qonşu Gürcüstana və Azərbaycanın daxili ehtiyaclarına yönəldiləcək.


«Yeni Müsavat» qəzetindəki «Rusiya kəşfiyyatı Azərbaycanda fəaliyyətini genişləndirir» başlıqlı məqalədə müəllif yazır ki, Azərbaycanın əksər ölkələrin xüsusi xidmət orqanlarının poliqonuna çevrildiyi sirr deyil. Bu sırada İran və ABŞ-ı xüsusi qeyd etmək lazımdır. Adı çəkilən bu dövlətlərin kəşfiyyat orqanlarının soyuq savaşı da kimsədə şübhə oyatmamalıdır. Eyni prosesin Gürcüstan variantında Amerika zərgər dəqiqliyi ilə nöqtəni vura bildi. Rusiya kəşfiyyatı tam olmasa da, qonşu ölkədə ölümcül yara aldı. Həm də Azərbaycandan fərqli olaraq, Saakaşvili iqtidarında təmsil olunanların hamısı Qərbyönümlü kadrlar kimi tanınır. Ölkə NATO-ya üzvlüyün bir addımlığındadır. Bu ərəfədə ABŞ-ın Gürcüstanda, necə deyərlər, «təmizlik işi» aparması da gözlənilən idi. «Amma Azərbaycanda vəziyyət tamam başqa müstəvidə cərəyan edir», – deyə müəllif yazır.


«525-ci qəzet» dəki «Vəzifəli şəxslər gəlir və əmlakları barədə bəyannamə təqdim edəcəklər» başlıqlı məqalədə müəllif yazır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov paytaxda tikilən villaların sahiblərinin kim olması ilə bağlı dəqiq məlumatların olmadığını bildirir. Onun sözlərinə görə, yaxın vaxtlarda vəzifəli şəxslər gəlirləri və əmlakları barədə bəyannamə təqdim edəcəklər. Bu zaman həmin villaların kimlərə məxsus olması aydınlaşacaq. Bəyannamənin təqdim olunması dövlət qulluqçularının bank hesablarını nəzarətdə saxlamağa da imkan verəcək. İdarə rəisinin sözlərinə görə, hazırda Nazirlər Kabinetində gəlir bəyannaməsinin təqdimetmə qaydası və forması hazırlanır. Bu iş başa çatdırıldıqdan dərhal sonra antikorrupsiya tədbirləri həyata keçirilməyə başlanacaq.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı yazır ki, Avropa Birliyinin Yeni Qonşuluq Siyasəti Proqramı çərivəsində Əməkdaşlığa Dair Fəaliyyət Planı ilə bağlı bütün məsələlər razılaşdırılıb. Azərbaycanla Avropa Birliyi arasında bu sənəd noyabrın 14-də Brüsseldə imzalanacaq. Bu, Finlandiyanın Xarici İşlər naziri Erkki Tuomioyanın rəhbərlik etdiyi Avropa Birliyinin «üçlüyü»nün Bakı səfərindən sonra məlum olub. Fəaliyyət Planı 5 illik əməkdaşlığı nəzərdə tutur, onun icrası 6 aydan bir yoxlanacaq, əgər tərəflərdən biri öhdəlikləri yerinə yetirməsə, sənədin icrası dayandırılacaq. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, sənəd çərçivəsində siyasi, iqtisadi və demokratiya sahələrində sıx əməkdaşlıq əlaqələri qurulacaq. Ancaq Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin rəhbəri İlqar Məmmədov hesab edir ki, əsas problem yenə də həll edilməmiş qalır. Bu isə ondan ibarətdir ki, Avropa Birliyinin noyabrda Ermənistanla imzalamağa hazırlaşdığı anoloji sənəddə Dağlıq Qarabağ məsələsinə toxunulub və xalqların öz müqəddəratını təyinetmə hüququ qeyd olunub. Bu isə Azərbaycan üçün qeyri-məqbuldur.


XS
SM
MD
LG