Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Lənkəranın ucqar kəndində çəkilən rəsm əsərləri Yaponiyada...


Xəzər İbrahimov

Xəzər İbrahimov

-

Mamusta kəndi Lənkəran şəhərinin 15-16 kilometrliyində yerləşir. Bura avtobus əsasən günün birinci yarısında işləyir. Vaxtilə asfalt döşənmiş yollar dağılmaq üzrədir. Sovet dövründə tikilmiş mədəniyyət evi bu kəndə diqqəti cəlb edən yeganə binadır. Hiss olunur ki, bina təmir üzü görməyib. Mədəniyyət evində bir neçə təşkilat yerləşir, hətta seçki məntəqəsi də. Ancaq indi seçki dövrü deyil. Gəlişimizdə məqsəd kənd rəssamı Xəzər İbrahimovla görüşməkdir. Onun sərgisi də mədəniyyət evində nümayiş etdirilir. Elə söhbətimizi də sərgidən başladıq.

KƏND RƏSSAMININ ƏSƏRLƏRİ İLƏ TANIŞLIQ...

Xəzər İbrahimov deyir ki, hər bir əsərin yaranma tarixi var. O, rəsm əsərlərindən birini göstərərək qeyd edir ki, milli naxışların hamısı burda əksini tapıb:

«Bu, miniatür işidir, hamısı muncuqlardan işlənib. Əvvəlcə rənglə işlənir, sonra o rəngə uyğun olaraq düzülür. Bu isə parça üzərində işlənib, kənd mənzərəsidir, dağ mənzərəsidir».

Xəzər İbrahimov Mamusta kəndində doğulub. Lənkəran Uşaq Rəssamlıq Məktəbini, Lənkəran Universitetinin təsviri incəsənət və rəsmxət fakültəsini bitirib. Kəndə öz təşəbbüsü ilə rəssamlıq dərnəyi yaradıb:

Mədəniyyət evi

Mədəniyyət evi

«Mənzərə janrı üzərində işləyirəm. Əlbəttə ki, milli üslubda olmaq şərtilə. Milli abidlərimiz, dekorativ tətbiqi sənət, milli ornamentlər haqında uşaqlara məlumatlar veririk. Bizim bütün əl işlərimizdə hökmən millilik hiss olunmalıdır. Biz uşaqları o istiqamətə yönəltməyə çalışırıq».

MAMUSTA GƏNCLƏRİNİN RƏSM ƏSƏRLƏRİ YAPONİYA VƏ ÇEXİYADA...

O deyir ki, rəssamlıq dərnəyinə gəlmək istəyən uşaqların sayı çoxdur:

«Birinci ili bizdə 40 nəfər şagird var idi. Onların arasında ən istedadlarını seçdik, 20 nəfər uşaq məndə fəaliyyətdədir. Bu işlərdən xarici ölkələrə də göndəririk. Fəaliyyətimiz təkcə kəndlə bağlı deyil. İyun ayında sərgimiz oldu. Rəsm əsərləri sərgiyə göndərildi, Yaponiyadakı sərgiyə. Bizim kənddən 3 nəfərin işini göndərdik ora. Qaliblərin adı 2015-ci ildə açıqlanacaq.

Çexiyaya da əsər göndərmişik. İki şagirdin işi diplomla təltif olunub. Həmin şagirdlərlə Çexiyaya təqdimat mərasiminə gedəcəyik».

KƏND EVLƏRİNİN DİVARLARINA ÇƏKİLMİŞ FRESKALAR...

Xəzər İbrahimov deyir ki, kənd uşaqlarının rəssamlığa bu qədər maraq göstərmələri onu sevindirir. O deyir ki, çəkdikləri rəsmlər təkcə sərgiləri bəzəmir. O, şəxsən yeni tikilmiş evlərin divarlarında da sifarişlə təbiət mənzərələri çəkir:

«Böyük divarlarda freskalarım var. Hətta darvazaların üstündə də əsrlərimə rast gəlmək olur. Kənd yerində işlərimizi sevdirə bilmişəm. 50-yə yaxın kənddə işlərim var. Böyük divarlarda mənim mənzərələrim var. Hər səpkidə işlərim var. Hansı səpkidə bəyənirlərsə, o səpkidə də işləyirəm».

O, bununla belə sənəti maddiyyatdan üstün tutur:

«Sənətkar öz sənətini hər şeydən üstün tutmalıdır .Onu uşaqlara sevdirməyi bacarmalıdır. Mənim çoxdankı arzum idi ki, kəndə dərnəyim olsun. Uzun müddət sənətdən uzaq olmuşam. Şəraitim olmayıb işləməyə. 2012-ci ildə arzuma çataraq burda rəsm dərnəyini yaratdım. İndi yetərincə şagirdlərim var».

«MƏN DƏ HƏZZ ALIRAM BUNUN İŞİNDƏN»

Kənd mədəniyyət evində ərazidə tapılan qədim sənət nümunələri də nümayiş etdirilir...

Xəzər İbrahimovun atası Fikrət İbrahimov kənd orta məktəbin müəllimidir. O deyir ki, tarixi keçmişə malik Mamusta kəndi həmişə öz sənətkarları ilə fərqləniblər:

«Tale elə gətirdi ki, Lənkəran Dövlət Universitetinin rəssamlıq fakültəsinə daxil oldu. Mən də həzz alıram bunun işindən».

Kələ-kötür kənd yolu ilə geri dönürük. Xəzər İbrahimovun sözləri yadıma düşür: «Bir çox sənət əsərləri kənddə yaradılıb».

Şərhləri göstər

XS
SM
MD
LG