Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:19

Məhkəmə eksperti Eldəniz Quliyevin əleyhinə rəy çıxarıb


Eldəniz Quliyev
Eldəniz Quliyev

-

Oktyabrın 15-də Nəsimi rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevə qarşı şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Müdafiə tərəfi Eldəniz Quliyevin barəsində seçilmiş heç yerə getməmə haqqında qərarın dəyişdirilməsi də daxil olmaqla bir neçə vəsatətlə çıxış edib. Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

Prosesdə, həmçinin, Eldəniz Quliyevin «facebook»da yazdığı statusda təhqir və böhtanın olub-olmaması ilə bağlı ekspert komissiyasının rəyi də açıqlanıb.

Eldəniz Quliyevin dediyinə görə, komissiya həmin statusda böhtan və təhqirin olduğu qənaətinə gəlib:

«Ekspertiza komissiyası da bunların sözünü deyir. Bu məndə acı təəssüf hissi doğurur. Belə çıxdı ki, mənim yazdığım statusda təhqir də tapıblar, böhtan da. Yəqin ki, bunlar öz ittihamlarının kifayət qədər absurd olduğunu nəzərə alaraq, digər üsullara əl atırlar. Bu üsullardan biri ekspertiza rəyi idi ki, onu əldə etdilər. İkinci məsələ də budur ki, mütəmadi olaraq iki maşın məni izləyir. Güman edirəm ki, bu, DİN-in maşınlarıdır. Yəqin ki, ciddi bir təxribat törətmək istəyirlər ki, məni o cür şərləsinlər. Bu yolla düşdükləri gülünc vəziyyətdən çıxmağa çalışırlar».

Daxili işlər naziri Ramil Usubov avqustda Eldəniz Quliyevi məhkəməyə verib. Qaldırılan iddiada Eldəniz Quliyevin təhqir və böhtan maddələri ilə məsuliyyətə cəlb olunması istənilir. Eldəniz Quliyev ittihamları qəbul etmir və bunu siyasi fəaliyyəti ilə bağlayır.

XS
SM
MD
LG