Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:04

««Karvan» öz-özünə yanmayıb, yandırıblar!»


Sumqayıt, Karvan ticarət mərkəzi
Sumqayıt, Karvan ticarət mərkəzi

-

“Bizim Yol” qəzeti Sumqayıtdakı "Karvan" ticarət mərkəzindən reportaj dərc edib. Bu günlərdə baş vermiş yanğında 1 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Əmlakı yanan sahibkarlardan biri bu yanğında təxminən 3-4 min manat, digəri 7-8 min manat zərər gördüyünü deyib. “Yaxınlıqda duran qadın "nə 7-8 min, sən ən aşağısı 10-12 min manat itirmisən" - deyə kişinin sözlərinə qüvvət verdi. Yanğından zərərçəkənlərə təzminat ödəniləcəyinə gəldikdə, rəhbərliyin qəbuluna düşmək istəyən şəxslərin hamısı bir ağızdan indiyədək heç bir təzminat almadıqlarını bildirdilər:

"Ötən il də yandı. Nə təzminat?! Bir manat da verən olmadı, neyləyirik təzminatı?! Bizə imkan versinlər, gedək yerimizdə dayanaq, işimizlə məşğul olaq" - deyə ticarətçilər cavab verdilər.

"Karvan"ın müdiri Ağamirzə Əhədov isə deyib: "Bura elə-belə yanmır ki! Yəqin hər hansı bir qüvvə var. Əgər mən pisəmsə, gəlsin məni vursun-öldürsün və yaxud evimi yandırsın. Camaatın çörəyinə niyə bais olur? Burada 5000 insan çörək qazanır, niyə onların çörəyinə bais olurlar? Lakin Allah onların cəzasını verəcək, yaxınlarda hər şey üzə çıxacaq...".

TƏHSİL NAZİRLİYİ RƏSMİ “SABAH” QRUPLARINDAN DANIŞIR

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, "SABAH" layihəsinin İdarəetmə Şurasının katibi Yaqub Piriyev “Azərbaycan” qəzetinə müsahibə verib. Rəsmi deyir ki, nazir Mikayıl Cabbarovun təşəbbüsü və dövlətin dəstəyi ilə 2014-2015-ci tədris ilindən başlayaraq ali təhsilin bakalavriat səviyyəsində SABAH qrupları, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili layihəsini həyata keçirməyə başlanıb.

“SABAH qruplarının rəsmi saytı sabah.edu.az yaradılmışdır. 2014-2015-ci tədris ili üçün SABAH qruplarına 2500-ə qədər tələbə elektron ərizə ilə müraciət edib. Test imtahanında tələbələr iki fənn üzrə - xarici dil və məntiqdən hər birindən 25 sual olmaqla, cəmi 50 test sualını cavablandırıb. Uğurlu nəticələr qazanmış 860-a yaxın tələbə seçimin müsahibə mərhələsində iştirak edib... SABAH qruplarına müsahibədən sonra hər bir ixtisas üzrə 15-30 nəfər tələbə olmaqla qruplar formalaşdırılıb. Tələbələr cari ildən 7 ali təhsil müəssisəsində öz təhsilini ikinci kursdan davam etdirirlər”.

NORVEÇİN NƏHƏNG ŞİRKƏTİ AZƏRBAYCANDAN NİYƏ GETDİ?

“Yeni Müsavat”: Norveçin “Statoil” şirkəti Xəzərdən getmək qərarı verib. Şirkət Hasilatın Pay Bölgüsü sazişinə uyğun olaraq Şahdənizdəki 15,5 faizlik payını Malayziyanın “Petronas” şirkətinə satıb. Bu haqda məlumat Norveç şirkətinin saytında yer alıb.

“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyevin fikrincə, “Statoil”in gedişində daha çox iqtisadi səbəbləri axtarmaq lazımdır. Onun sözlərinə görə, şirkət öz ərazisində işləməyə üstünlük verir.

M.Əliyev “Statoil”in Rusiyada nəhəng layihələr reallaşdıra biləcəyini də istisna etmir:

“Şirkətin rəsmi açıqlaması belə oldu ki, fəaliyyətini səmərələşdirir, öz zonalarında, Şimal dənizində layihələrini qorumaqla effektiv idarəçiliyi fikirləşir”.

NEFTİN UCUZLAŞMASINDAN AZƏRBAYCAN NƏ QƏDƏR İTİRİR?

“Azadlıq” qəzeti neftin ucuzlaşmasından Azərbaycanın itkisini araşdırıb. İqtisadçı Samir Əliyev neftin qiymətinin ölkə iqtisadiyyatı ilə yanaşı milli valyutanın da məzənnəsinə ciddi təsir etdiyini qeyd edib. Neftin qiymətinin yenidən yüz dollara qalxması ehtimalının az olduğunu deyən S.Əliyev bildirib ki, neftin qarşıdakı dönəm üçün qiyməti 90 dollardan aşağı olacaq:

“Neftin qiymətinin hətta, bəzi proqnozlara görə, 60 dollara qədər ucuzlaşması ehtimalı var. Rusiya hökuməti belə bir stress test də hazırlayıb. Həmin testdə neftin qiyməti 60 dollara düşərsə, hökumətin hansı addımlar atacağı və hansı proseslərlə üzləşəcəyi əksini tapıb:

”Neftin qiymətinin düşməsi Azərbaycan üçün arzuolunmaz haldır. O baxımdandır ki, büdcənin 70 faizi dolayı və birbaşa neftdən asılıdır. İxracın 95 faizdən çoxunu isə neft və qaz məhsulları təşkil edir. Bu məhsulların ucuzlaşması büdcənin icrası ilə bağlı problem yarada bilər. Azərbaycanı gələn il iki böyük tədbir gözləyir. Birinci tədbir Olimpiya Oyunları, ikincisi isə parlament seçkiləridir. Belə bir dönəmdə büdcənin gəlirlərinin azalması arzuolunan deyil. Büdcənin azaldılması bir sıra investisiyaların azalmasına yol aça bilər".

“MƏNIM GÖZÜMDƏ FƏRƏC DƏ, SIRAC DA NƏVƏLƏRIM BOYDADIR”

Oktyabrın 12-də məhbus müsavatçı Fərəc Kərimovun 29 yaşı tamam oldu. Fərəc Kərimov iyulun 23-də tutulub. Onun Səbail Rayonun Su-Kanalizasiya İdarəsində nəzarətçi işləyən qardaşı Sirac Kərimli isə iyulun 17-dən həbsdədir. Hər iki şəxsin narkotik ittihamı ilə tutulduğu xəbər verilir. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri isə bu həbsləri siyasi motivlərlə bağlayır.

Bakı İstintaq Təcridxanasında saxlanan Fərəc və Sirac qardaşlarının anası Xaliqə Kərimova oktyabrın 14-də “Media forum” saytına danışıb:

“...Siracın həbs olunmağını görməmişəm. Amma həbs olunan zaman yüksək səslə deyirmiş ki, deyin görüm mən nə günahın sahibiyəm? Sirac həbsinə hələ də təəccüblənir. Fərəc də qanun çərçivəsində öz işini görən savadlı bir gəncdir. Hər ağzına gələni durub internetdə də yazmazdı axı. Azərbaycanda belədir: öz haqqını tələb etdinsə, azad söz danışmaq istədinsə, ağzını yumurlar. Sirac siyasətlə işi olan adam deyildi. Evdən işə, işdən evə gedib-gəlirdi. Onun iki körpə balası var. Hər gün, hər gecə, hər səhər atalarını istəyib ağlayırlar. Allah bu cəzanı yerdə qoymaz. Tutaq ki, Fərəcin hansısa orqanların xoşuna gəlməyən yazısı var, amma Siracın heç bu yazısı da yoxdur... Mənim gözümdə Fərəc də, Sirac da nəvələrim boydadır. Fərəc evin sonbeşiyidir, elə təsəvvür edirəm ki, o uşaq məndən uzaqda qalıb.

ƏRƏSTUN ORUCLU: ƏLİ HÜSEYNLİ 1,5 MLRD. DOLLARLIQ QRANTLA NƏ ETDİ?

“Turan”: Azərbaycan hökuməti bundan sonra da QHT sahəsində nəzarəti sərtləşdirmək və xarici donorlar üçün məhdudiyyətlər qoymaq niyyətindədir. Parlamentin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynlinin fikrincə, donorlar “lazımlı” layihələri maliyyələşdirməlidir. Hüseynli korrupsiyaya qarşı mübarizə sahəsində də donorlara ehtiyac görmür.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu onları “qanunvericiliyin sərtləşdirilməsinin növbəti, final mərhələsi” adlandırıb.

“Bu siyasətin məqsədi vətəndaş cəmiyyətini və QHT-ləri tamamilə boğmaq və buna qanuni xarakter verməkdir. Bu zaman rəsmi Bakı Avropaya, sivil dünyaya inteqrasiya haqqında danışmaqdan usanmır. Belə bir mövqe beynəlxalq birlikdən təcrid olmağı yox, ona inteqrasiyanı nəzərdə tutur. İndi Azərbaycan hakimiyyəti sadəcə olaraq Rusiyanın siyasətini təqlid edir, Moskvanın mürtəce təcrübəsindən istifadə edir... İctimaiyyət üçün onun rəhbərlik etdiyi Hüquqşünaslar Assosiasiyasının aldığı bir milyon yarım dollar qrantın nəyə xərcləndiyini öyrənmək maraqlı olardı. Xarici qrantlar bu qədər pis və zərərlidirsə, niyə o, bu qədər fəal şəkildə USAİD-dən qrant almağa çalışıb?”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG