Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

-

Bəli, o, həqiqətən şeyx idi, amma nədənsə siması bugünkü yox, saç-saqqalı qap-qara, 1980-ci illərdəki cavan siması idi. Danışığı, səsi də o vaxtkı kimi idi.

Bəlkə bu Allahın möcüzəsidir?..

Şirvani Ədilli

EHSAN

(Hekayə)

Bazar ertəsi günü iş vaxtının sonu idi. İş yoldaşlarından biri Səxavətə işdən çıxıb Tacirin yaxın qohumunun “üç”ünə getməli olduqlarını dedi. Səxavət soruşdu:

– Gec deyil? Bu saatda orda adam olacaq?

– Hə, olacaq. Özü bilir. Gedib başsağlığı verib çıxarıq.

10-15 nəfər iş yoldaşı yas yerinə çatanda artıq hava qaralmışdı. Amma yas mağarı hələ sökülməmişdi. Tacir onları mağarın girişində qarşıladı. İş yoldaşları Tacirə və digər yas yiyələrinə başsağlığı verəndən sonra təkidlə mağara dəvət edildilər. İçəri girmək istəməyəndə Tacir onları demək olar ki, zorla mağara salıb stol başında oturtdu. İçəridə öz yerində oturmuş molladan başqa bir neçə nəfər də var idi.

Hər şey əvvəldən hazır imiş. Ənənələrə uyğun olaraq stola çay və ardınca da yemək gətirildi. İş yoldaşları yemək yeməyə məcbur olub Tacirin dayısına rəhmət oxudular. Yasa gələnlər Mollanın icazəsi ilə “Allah qəbul eləsin”, “Allah rəhmət eləsin” deyib duranda mağarın çıxışında “dəftər” gözə çarpdı. “Dəftər”i yazan kişi imla yazan şagirdlər kimi əlində qələm hazır vəziyyətdə gözləyirdi. Yeyib-içib qarnını bərkitmiş iş yoldaşları dəftərə yaxınlaşmağa məcbur oldular. Vəzifəsindən və yaxınlıq dərəcəsindən asılı olaraq hərə 10-20 manatdan yazdırmağa başladı. Səxavət də əlini pul kisəsinə atdı. Orada elə cəmi bir onluq və bir təklik var idi. O da 10 manat yazdırıb yas yerini tərk etdi, evə tələsdi.

Səxavət evin qapısını açıb içəri girəndə üç yaşlı qızı sevincək atasının üzərinə yüyürdü:

– Ata, mənə “Şoki-moki” aldın?...

Səxavət səksəndı. Cibində yalnız yolpulu qaldığından evə nəsə alacağı heç ağlına da gəlməmişdi. Gəlsəydi də, almağa üstündə pul yox idi. O, çox ağır da olsa uşağa cavab verdi:

– Yox, qızım, almamışam. “Şoki-moki” yox idi.

– Eeeey... Bəs demişdin alacam, niyə almamısan? – deyə uşaq ağlamsındı.

Atası uşağı yasalamağa başladı:

– “Şoki-moki” dükanda qurtarmışdı. Dükançı dedi ki, sabah olacaq, gəlib alarsan.

– Neyniyim, başqa dükana gedəydin.

– Başqa dükanlar bağlanmışdı – deyib Səxavət qızını qucağına aldı. Uşaq ağlamağa başladı.

Bu dəmdə həyat yoldaşı müdaxilə etdi:

– Uşaq bayaqdan yatmayıb səni gözləyir ki, atam “Şoki-moki” alacaq. Niyə almamısan?

– Yas yerinə getmişdik. Zorla ehsan yeməyə oturtdular. Yeyib durandan sonra da məcbur oldum ki, pul yazdırım. Üstümdə on manat pulum var idi, onu da yas yerinə yazdırdım.

– Kim idi rəhmətə gedən?

– İş yoldaşımızın dayısı.

– Deməli ac deyilsən...

Səxavət yatmağa hazırlaşanda televizordan bütün Qafqazın şeyxinin səsini eşitdi. O, aparıcının “ehsan necə olmalıdır?” sualına cavab verirdi:

– ...Ölmüş şəxsin övladlarının verdiyi ehsan ölünün savabına yazılar. Amma ehsan, bir tikə çörəyə möhtac olanlara, yetimlərə, imkansızlara qarşılıqsız verilər. Daha bizim yaslardakı kimi yas yiyəsinin borca-xərcə düşüb əslində yeməyə möhtac olmayan qohum-tanışa yeyib-içmək verməsi və onlardan da yasa kömək adı ilə yeməyin pulunu yığmasının ehsan anlayışına heç bir aidiyyəti yoxdur. Əksinə, bu, bəyənilməyən əməldir. Bu ənənə ölü yiyəsinə də, yasa gələnlərə də ziyandır. Kimlərsə bu zərərli ənənədən istifadə edib pul qazanırlar. Mən göstəriş vermişəm, sabahdan yas yerlərində çay, qənd və halvadan başqa heç nə verilməsin. Belə olsa nə ölü yiyəsi mənasız yerə xərcə düşər, nə də yasa gələnlər. Bu, ehsan olmayacaq, sadəcə ölü yiyəsinə təskinlik vermək üçün gəlmiş qohum-tanışın bir yerə yığılmasına bir vasitə olacaq...

Bu yerdə aparıcı yenə sual verdi:

– Bəs ölü yiyəsi ölüsünün adına ehsan verə bilməz?

– Əlbəttə verə bilər. Amma ehsanı yas vaxtı vermək vacib deyil, hətta düzgün də deyil. Ölüsü ölmüş şəxs yasdan çıxdıqdan sonra özünün imkanı olduğu istənilən vaxt ölüsünün adına ehsan verə bilər. Mən bunun üçün də tədbir görmüşəm. Xüsusi yerlər ayırmışam, sabahdan həmin yerlərdə istənilən şəxs öz ölüsünün adına ehsan verə bilər. Ehsan bayaq dediyim kimi ehtiyacı olmayan qohum-tanışlara çağırışla yox, həqiqətən ehtiyacı olanlara – səfillərə, küçədə qalanlara, kimsəsizlərə, bir tikə çörəyə möhtac olanlara veriləcəkdir. Hətta ailə başçısı işsiz qalmış və ya ölmüş, ya da başqa səbəblərdən çörəkpulu tapmayan ailələr ailəlikcə də gəlib bu yerlərdə heç bir qarşılıqsız yemək ehtiyaclarını ödəyə bilərlər. Bu yerlər daimi fəaliyyət göstərəcək. Vicdanımız bir az rahat olacaq ki, ölkəmizdə aclar üçün də son ümid yeri var. Artıq ehsan vermək üçün növbəyə yazılanlar da var...

Sabahı günü Səxavət şəhər küçələrinin biri ilə gedərkən üzərinə böyük hərflərlə “EHSAN” yazılmış açıq bir qapı gördü. Şeyxin axşamkı çıxışı yadına düşdü. Çox sevindi. Maraq üçün bir az aralıda dayanıb qapıdan içəriyə baxdı. Qəribədir, ayrı-ayrı qoyulmuş stollar ehsan məclisindən çox kafeni, ya da restoranı xatırladırdı. Səxavət stolların birində oturmuş bir gənc ailəni də tanıdı. Bu bir neçə gün öncə ondan çörəkpulunu borc almış, neçə aydır işsiz qalan dostunun ailəsi idi. Səxavət onu görüb sıxılmasınlar deyə cəld aralanmaq istədi. Amma sanki onlar oturan stol bir anda ona yaxınlaşdı və dostu onu görüb sanki, evindəymiş kimi gülə-gülə stola dəvət etdi. Səxavət gedib onların yanında oturdu. Dostu izahat verməyə başladı:

– Axşam şeyxin çıxışını gördüm. Arvad-uşağı götürüb soraqlaya-soraqlaya gəldim bura. Neçə gün idi uşaqlar aş arzulayırdı. Bişirməyə evdə ərzaq yox idi. Lap osanata* düşdü. Deyirəm daha çörəkpulu üçün nə səni, nə də başqalarını narahat etməyəcəm. Şükür Allaha.

Səxavət dostunun şirin-şirin aş yeyən uşaqlarına baxdı. Amma uşaqlardan biri qızına çox oxşayırdı, hətta əkizlər qədər. Qəribədir, sanki, qızından həyatda iki dənə var idi...

Birdən Səxavət içəridə olan adamların heyrətlə giriş qapısına tərəf baxdıqlarını gördü. Kim gəlirdi? Bu ki bütün Qafqazın şeyxi idi! Hamı ayağa qalxmaq istədi. O isə təvazökarlıqla “yemək ütündə durmaq olmaz” deyib əli ilə oturmalarını işarə etdi. O, deyəsən gələn adamların az olduğunu, buna görə də əhalini məlumatlandırma işini gücləndirmək lazım olduğunu deyirdi. Bəli, o, həqiqətən şeyx idi, amma nədənsə siması bugünkü yox, saç-saqqalı qap-qara, 1980-ci illərdəki cavan siması idi. Danışığı, səsi də o vaxtkı kimi idi. Bəlkə bu Allahın möcüzəsidir? Yəqin məhz bu gözəl işinə görə Allah onu bir gecədə 30 il cavanlaşdırmış, ona həyatın ən gözəl çağı olan cavanlığını qaytarmışdı...

Elə bu dəmdə rahatlığı pozan cırıltılı bir musiqi səsi gəldi. Yəqin ki, bu səs uşaqların əldə oynatdıqları oyuncaqdan gəlirdi. Anası tez “onun səsini kəsin, ayıbdır” deyə uşaqlara acıqlandı. Amma uşaqlar oyuncağın düyməsini nə qədər bassalar da səsi kəsilmirdi. Axırda anası əsəbi şəkildə oyuncağı uşaqların əlindən alıb onu özü söndürməyə çalışdı. Amma səs kəsilməyəcəkdi. Çünki əslində həmin səs oyuncağın yox, səhər tezdən yatağında şirin yuxu görən Səxavətin mobil telefonundan gələn oyadıcı zəngin səsi idi.

____

*Ehsanat

30.09.2014.

Günün bütün mövzuları

XS
SM
MD
LG