Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:39

Allen Mirqədirov: «Marsa uçuş ən tez 2022-ci ildə baş tutacaq»


NASA-nın Mars üzərində eksperimenti
NASA-nın Mars üzərində eksperimenti

-

“BU CÜR İŞLƏRDƏ HÜQÜQ YOX, SİFARİŞ ROL OYNAYIR”

Bakı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Murad Ədilov “Media forum” saytının suallarını cavablandırıb. Murad Güləhməd oğlu Ədilov avqustun 11-də Sabirabadda həbs edilib. Ona külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. O, necə həbs olunmasını belə təsvir edir:

Murad Ədilov
Murad Ədilov

“Məni kəndimizdə həbs etdilər. Özlərini təqdim etməyən, dörd-beş avtomobildə olan polis əməkdaşları həbsimdə iştirak edirdilər. Onlar qoluma qandal vurub, məni döyərək maşına mindirib apardılar. Sabirabad Rayon Polis Şöbəsində məni döyüb təhqir etdilər. Nəticədə kürək və sol bud nahiyəmdən xəsarətlər aldım”.

Murad Ədilov heç bir istintaq hərəkəti aparılmadığını deyir:

Bu cür işlərdə hüquq yox, sifariş rol oynayır”.

ALLEN MİRQƏDİROV: MARSA UÇUŞ ƏN TEZ 2022-Cİ İLDƏ BAŞ TUTACAQ

“Turan” informasiya agentliyi oktyabrın 16-da Havayda başlayan Marsa şərti 8 aylıq uçuş ekipajının 6 üzvündən biri olan Allen (Ələkbər) Mirqədirovla müsahibə dərc edib.

ABŞ HHQ-nin 31 yaşlı zabiti, komandanın bort mühəndisi Allen Bakıda dünyaya gəlib və böyüyüb. 90-cı illərin əvvəllərində, o 10 yaşında ikən ailəsi ABŞ-a köçüb. Bu yaxınlarda Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən eksperiment üçün seçilib.

NASA-nın eksperimenti
NASA-nın eksperimenti

Allen deyir ki, “Bu eksperiment NASA (ABŞ-ın Milli Kosmik Agentliyi) tərəfindən keçirilir. Onun məqsədi 8 ay ərzində ekipaj üzvlərinin uyğunlaşa bilməsini yoxlamaq məqsədilə daha çox sayda eksperiment həyata keçirməkdən ibarətdir. Marsa uçuş və geri dönüş məhz bu qədər zaman alacaq. Vəzifə mümkün psixoloji problemləri araşdırmaqdan və Marsa uçuşlar həyata keçirilməyə başladıqda bu təcrübədən istifadə etməkdən ibarətdir”, deyə Allen bildirib. O, eksperimentdə avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun saz vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıdığını bildirib.

Bu eksperiment nə vaxtsa iştirakçıların Marsa uçacağı deməkdir?

Bu suala cavabda Allen deyib ki, belə bir zəmanət yoxdur.

“Bizim hamımıza deyiblər ki, bu, yalnız eksperimentdir, amma o, uğurlu keçərsə və ekipaj üzvlərinin davranışından asılı olaraq, onların gələcəkdə Marsa gedən ilk ekipajlarda olmaq şansı daha çox olacaq”. Bunun nə vaxt baş verə biləcəyi barədə suala cavabda Allen deyib ki, bu, ən tez 2022-ci ildə baş tuta bilər. Burada texniki məsələlərdən başqa, sırf maliyyə tərəfi də var, yəni bu qədər bahalı layihənin maliyyələşdirilməsi Konqres tərəfindən təsdiq edilməlidir.

DEPUTAT ƏFV GÖZLƏNTİSİNDƏN DANIŞDI

“Mən hüquq müdafiəçisi kimi həmişə əfvin tərəfdarı olmuşam. Ancaq əfv ona görə verilmir və verilməyəcək ki, beynəlxalq təşkilatlar sakitləşsin”.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Çingiz Qənizadə beynəlxalq təşkilatların siyasi məhbuslarla bağlı çağırışından sonra əfv gözləntilərinin olmasına münasibət bildirərkən söylədi. Musavat.com-a açıqlamasında hüquq müdafiəçisi bildirdi ki, əslində beynəlxalq təşkilatların fəaliyyətinin məğzində Azərbaycana təzyiq məsələləri dayanır:

“Cənab prezident humanizm nöqteyi - nəzərindən əfv verir. Mən də arzu edirəm ki, növbəti əfv fərmanı - bu, dekabrda olacaq, ya başqa vaxtda - daha geniş əfv olsun, burada NİDA-nın, digər siyasi təşkilatların təmsilçiləri olsun. Biz Tofiq Yaqublu, İlqar Məmmədov və digər bütün şəxslərin azadlığa buraxılmasının tərəfdarıyıq, bu istiqamətdə də iş aparırıq. Mən hüquq müdafiəçisi olaraq cəzasının müəyyən hissəsini çəkmiş, ilk dəfə cinayət törətmiş, xarakteri o qədər təhlükəli olmayan insanların azadlığa buraxılmasının tərəfdarıyam”.

“BU QRUPLARIN AZƏRBAYCANDA DAYAĞI YOXDUR”

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yap.org.az saytına müsahibə verib. Komitə sədri deyir ki, Azərbaycanda dini radikal qrupların mövcud olduğu bəllidir, ancaq bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri «ideyalar» xalqımıza, cəmiyyətimizə xas deyil.

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

“İndiki şəraitdə İŞİD kimi terrorçu qrupların meydana gəlməsi, «islam» adı altında terror hərəkətləri bu dini qəbul etmək istəyən insanları çəkindirir. Ona görə də, bu cür hərəkətlər bütövlükdə islama zərbə vurur. Azərbaycanda bu qrupların dayağı yoxdur. Milli təhlükəsizlik və digər müvafiq qurumlarımız, həm də cəmiyyətimiz bu zərərli cərəyanların yayılmasına qarşıdır və bu yöndə lazımi səviyyədə işlər görülür. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və belə qruplara bu cəmiyyətdə yer yoxdur”.

XS
SM
MD
LG