Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:19

KQB agenti Nina Leonid Brejnevi necə ələ aldı...


Leonid Brejnev arvadı Viktoriya Petrovna - 1970

Leonid Brejnev arvadı Viktoriya Petrovna - 1970

-

Oktyabrın 14-də Leonid İliç Brejnevin hakimiyyətə gəlməsindən 50 il ötür. O, 1964-cü ildən 1982-ci ilədək sovet dövlətinin rəhbəri (Sov.İKP MK-nın baş katibi və daha sonra həmdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri) olub. AzadlıqRadiosu Natalya Murqanın «Komsomolskaya pravda» qəzetində dərc olunmuş «Baş katibin ailəsində kim var, kim yox...» məqaləsini bəzi qısaltmalarla diqqətə yetirir.

«Əziz Leonid İliç»in və arvadı Viktoriya Petrovnanın iki uşağı olub – QalinaYuri. Qalina 3 dəfə rəsmi ərə gedib: sirk artisti Yevgeni Milayevə (tək qızı Viktoriya Milayevanı ondan doğub), illüzionist-gözbağlayıcı İqor Kioya və DİN podpolkovniki Yuri Çurbanova.

Viktoriya Milayeva Mixail Filippova ərə gedib və 1973-cü ildə Qalinanı dünyaya gətirib. Nikah tezliklə pozulub və Brejnevin nəvəsi 2-ci dəfə şəxsi həyatını qurmağa cəhd göstərib. Onun 2-ci əri Gennadi Varakuta balaca Qalinaya öz qızı kimi baxıb.

1982-ci ildə – Leonid İliçin ölümündən sonra ailənin qara günləri başlanıb. Qalinanın əri Yuri Çurbanovu əvvəlcə bütün vəzifələrindən çıxarıblar. Daha sonra onu korrupsiyada suçlayaraq həbs ediblər. Qalina Leonidovnanın özü tədricən içki düşkününə çevrilib və 1998-ci il iyunun 29-da ruh xəstələri klinikasında keçinib.

Viktoriyanın işsiz qalan əri Mixail Filippov bizneslə məşğul olmağa qərar versə də, bəxti gətirməyib, olan-qalanını da itirib. Nikah pozulub.

Brejnevin qızı Qalina əri - SSRİ daxili işlər nazirinin müavini Yuri Çurbanovla birlikdə - 1981

Brejnevin qızı Qalina əri - SSRİ daxili işlər nazirinin müavini Yuri Çurbanovla birlikdə - 1981

Brejnevin qızı Qalina xəttindən törəmələri oğlu Yuri xəttindən qohumlarıyla danışmırlar (Yuri 2013-cü ildə dünyasını dəyişib. Onun Leonid və Andrey adlı 2 oğlu qalıb).

«NİNA ONUN CƏBHƏ EHTİRASINI OYADIRDI»

Brejnevin şəxsi tibb bacısı Nina Korovyakova son illərini tam tənhalıqda keçirib. İki il öncə (2012-ci ildə-tərc.) onun ölümündən yalnız ən yaxın qohumları xəbər tutmuşdu. Korovyakova 1970-ci illərin əvvəllərində Brejnevin şəxsi tibb bacısı olmuşdu. O vaxtlar yaşı 40 civarındaydı, Brejnevinsə yaşı 60-ı xeyli ötmüşdü.

«Nina Aleksandrovna ilə hələ əvvəllərdən – o, 4-cü Baş İdarə nəzdindəki poliklinikaya – Brejnevin yanına keçməzdən öncə birgə çalışmışam», – Korovyakovanı əvəzləyən sonuncu tibb bacısı Valentina Leleko belə deyir. «Aşırı ambisiyalı və özündənrazı bir peşəkar idi, – axtardığını havada tutan, sivişkən, istədiyinə çatan, dikbaş...».

Moskva həndəvərində bir xatirə lövhəsi diqqət çəkəcək – Baş katibi tibb bacısı Nina Korovyakovanın ağuşunda göstərən bir lövhə.

Leonid Brejnev və tibb bacısı Nina

Leonid Brejnev və tibb bacısı Nina

Heç şübhəsiz, Korovyakova Leonid İliçin çox xoşuna gəlirdi. O bunu heç gizlətmirdi də. Arvadı Viktoriya Petrovna bundan çox hirslənirdi. Xanım Brejneva ailə həyatında özünü əsas adam sayır və nikahını qorumaq naminə ölümünə çarpışırdı.

Baş katibin şəxsi fotoqrafı Vladimir Musaelyanın xatirələrinə görə, tibb bacısı Korovyakovaya baxanda, Leonid İliç savaş illərində çox sevdiyi həkim Tamaranı yada salırmış. Brejnev bu həkimi cəbhədən evinə gətirmişdi. O vaxt arvadı bu «yeni sevgili»dən onları rahat buraxmasını istəmiş, «bax, bizim 2 uşağımız var, axı!..» – demiş və nikahını qoruya bilmişdi. Deyilənə görə, Brejnev Tamaranı yola salarkən, yerindən tərpənən qatarın ardınca qaçır və ağlayırmış...

UYUŞDURUCU ƏHVALATI

«1975-ci ildən məni Leonid İliçin şəxsi həkimi təyin etdilər», – təbib Mixail Kosırev «Komsomolskaya pravda»ya danışır. «Şəxsi tibb bacısının Leonid İliçdən ötrü nə demək olduğunu anlayanda, mat qalmışdım! Bütün həkimlərin önündə divara çevrilmişdi.

Brejnev ovda

Brejnev ovda

Brejnevin boğazını, burnunu, gözünü də özü sağaldır, qulağını da özü yuyub-təmizləyirdi. Diş ağrısını ovxalamaqla, otla kəsirdi… Leonid İliç, heç bir sərhəd bilmədən, ona güvənirdi. Bu tibb bacısının bel əl-qol açmasına Brejnevin rəhmətlik şəxsi həkimi Nikolay Rodionov imkan yaratmışdı. Rodionov yaşlı və xəstəhal idi. Görünür, Leonid İliçə baxmaqdan bezdiyinə görə, bütün işləri tibb bacısına tapşırmışdı. O da tezcə anlamışdı ki, baş katibi öz maraqlarına görə fırlaya bilər. Moskvada ev aldırmışdı, qızını işə düzəltdirmişdi, ərinin rütbəsini kapitanlıqdan generallığacan yüksəltdirmişdi. Brejnev hər yana onunla gedər, ona xaricdən gətirilmə pal-paltar bağışlardı. Bu tibb bacısının verdiyi yuxu dərmanı Brejnevin sağlamlığını çökdürmüşdü. Şəxsi həkim resept yazmırdı, amma Korovyakova nə yollasa Brejnevə dərman verərdi. Beləcə, Leonid İliç asılı duruma düşmüşdü. Tibb bacısının güclü təsir göstərən narkotik maddələri necə ələ keçirməsi bugünədək sirr qalır.

Mən bu barədə Yevgeni Çazovla (o dönəmlər SSRİ Səhiyyə Nazirliyi nəzdində 4-cü Baş İdarənin rəisi çalışan məşhur kardioloqla – tərc.) danışmışam. Tibb bacısı məsələsindən Siyasi Büro üzvlərinin hamısı xəbər tutubmuş. Yekdil fikir də varmış: onu işdən çıxarmaq lazımdır, amma... Leonid İliçin bunu ürəyinə salmaması şərtiylə.

Nina Korovyakova

Nina Korovyakova

Yavaş-yavaş, xarici səfərlərə onu aparmamağa başladılar. Məsələn, Polşaya getməyə qoymadılar. 1976-cı ildə Korovyakovaya başqa işə keçirildiyi bildirildi. O, Leonid İliçlə görüş tələb etdi. Küçədə belə bir vida görüşü təşkil olundu. Çazov Brejnevin qolundan yapışmışdı. Onları mühafizəçilər dövrəyə almışdılar. Nina nəsə deməyə cəhd göstərsə də, sözünü kəsdilər və o dəqiqə Brejnevi döndərib evə apardılar…

Ayrılıq Brejnevi çox üzürdü. Əzab çəkir, Ninadan ötrü darıxır, tez-tez onu soruşurdu. Daha sonra, necə oldusa, sürətlə qocaldı.

Ninanı 4-cü İdarənin nəzdindəki xüsusi yeməkxanaya diyetik tibb bacısı işinə keçirmişdilər, sonra elə ordan da təqaüdə çıxdı. Dörd il əvvəl onunla təsadüfən bir mağazada rastlaşdım. Çətinliklə tanıdım – belibükük qarıya çevrilmişdi. O yaraşıqlı, düzqamətli, həmişə başıdik gəzən qadından əsər-əlamət qalmamışdı».

ANDROPOVUN QADIN AGENTİ

«Bu tibb bacısı əhvalatı dillərdə gəzirdi», – istefada olan DTK (KQB) generalı Gennadi Bazıl «Komsomolskaya Pravda»ya danışır. «Bir dəfə Brejnevin həkimlərindən 70 yaşlı adamla eşq oyunu oynamağın mümkünlük dərəcəsini soruşdum.

Leonid Brejnev ABŞ prezidenti Niksonun qəbulunda - 1973

Leonid Brejnev ABŞ prezidenti Niksonun qəbulunda - 1973

Cavab verdilər ki, Brejnevin kişi funksiyaları qaydasındaymış… Mənə o qadının KQB agenti olduğunu da söylədilər. Xəbərçi rolunu oynayır və Andropova (DTK-KQB-nin ovaxtkı sədri – tərc.) Brejnevin nə ilə nəfəs aldığını, nə danışdığını, kimlərlə görüşdüyünü bildirirmiş.

– Amma elə Andropovun da onu işdən çıxardığını deyirlər, axı. Düz demirlər?

– Bir mərhələdə o, işini yaxşı görürmüş. Amma biri var, qadın agent obyektə özünü sevdirsin, biri də var, özü obyektə vurulsun. KQB-yə məlumat çatdı ki, Korovyakova Brejnevə imzalanmağa verilən bütün sənədləri öz təşəbbüsü ilə oxuyur. Leonid İliç onunla dövlət məsələlərini məsləhətləşirmiş. Qadın ərindən də boşanmağa hazırlaşırmış. Əri yüksək məclislərdə o ki var içir və deyirdi ki, arvadının Brejnevlə intim bağlantısı var! Artıq başqa yol qalmamışdı: bu məsələyə son vermək lazım idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG