Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

Aranda qəzalı evlərdə siçovullar «at oynadır»


İmişli şəhəri, Mikayıl Müşfiq küçəsindəki yaşayış evi

İmişli şəhəri, Mikayıl Müşfiq küçəsindəki yaşayış evi

-

2010-cu ildə Kür-Araz ovalığında baş verən sel və daşqınların gətirdiyi problemlər hələ də bitib-tükənmək bilmir. Doğrudur, selə qərq olan, uçan, dağılan evlər dövlət hesabına yenisi ilə əvəz olunub, zərər çəkən xeyli sayda mülkiyyət sahibinə kompensasiya ödənilib. Amma bu bölgədə yaşayan, seldən müxtəlif şəkildə zərər çəkən daha yüzlərlə ailə var ki, gündəlik həyatlarında hələ də faciənin gətirdiyi əzab-əziyyəti çəkir.

İnsanlar bir tərəfdən evlərinin hər an uça biləcəyinə görə qorxu, həyəcan keçirir, o biri tərəfdən isə həşarətlər, ilan və siçovullarla mücadilə aparmalı olur. Onlar aztəminatlı olduğundan, həyatlarını dəyişmək iqtidarında deyilər.

“PULU, ADAMI OLANLARA EV TİKİLİB”

İmişli şəhərinin Qadir İsmayılzadə küçəsindəki 154 saylı evdə yaşayan Ofeliya Şabanova deyir ki, siçovullara görə bu yay evin döşəməsini sökməli olublar:

“İşim-gücüm ancaq siçovul güdmək, tapıb onu öldürməkdir. Bəzi yaralı siçovullar gedib döşəmənin altında ölür və evin havası ağırlaşır. Məcbur olub bu yay yataq otağının döşəməsini sökməli olmuşam.”

İmişli sakini,Ofeliya Şabanova

İmişli sakini,Ofeliya Şabanova

Evin özül betonu bir neçə yerdən qırılıb, divarlarda çoxsaylı çatlar yaranıb, iri oyuqlar cır-cındırla tutulub. Çürüməkdə olan döşəmə taxtaları üzərinə fanerlərdən “yamaq” vurulub. Foyenin beton örtüyü üzərinə əvvəlcə karton , sonra isə nimdaş kilimlər döşənib. Köhnə mebel əşyaları əyilən divara dayaq durub.
Qəzalı evdə ata-anaları olmayan 4 bacı və onlardan birinin 9 yaşlı usağı yaşayır. Şəhər orta məktəblərinin birində xadimə işlədiyini deyən Ofeliya Şabanova bildirir ki, ailənin gəliri heç dolanışacaq üçün yetərli deyil.

Buna görə nəinki özlərinə yeni ev tikə, heç hazırkı evin uçan, dağılan yerlərini bərpa edə bilmirlər. Onun iddiasına görə, fəlakət qurbanları ayrı- seçkiliyə məruz qalıb:

“Kimin pulu, adamı olub, onlara ev tikilib. Bizim nə pulumuz var, nə də adamımız.”

“ŞƏRAİTSİZLİYƏ GÖRƏ OĞLUMUN BİRİ KİRAYƏDƏ, DİGƏRİ İSƏ FERMADA QALIR”

İmişli rayonunun Xoşçobanlı kəndinin sakini Ülviyyə İsayeva da siçovul əlindən təngə gəldiklərini deyir:

“Şəraitsizliyə görə istəmirik ki, evə qonaq gəlsin. Siçan, siçovul əlindən tərpənmək olmur. Onlar bizlə birgə yaşamağa öyrəşib. Divardan dəlik açıblar, bir otaqdan o birinə keçirlər. Açıq yerləri tuturuq, təzədən eşib- tökürlər. Baxın, bu da mətbəximiz, belə anti-sanitariya şəraitində mən yemək hazırlayıram. Başqa vaxtlarda biz uşaqların sağlamlığından danışırıq.”

Ülviyyə xanım evin deformasiya uğradığını əyani surətdə göstərmək üçün uşaqların oynadığı rezin topu əlinə alır:

İmişli, Xoşçobanlı kəndində yaşayış evi

İmişli, Xoşçobanlı kəndində yaşayış evi

“Baxın, mən onu sağ tərəfə atacam, amma diyirlənən kimi sola yuvarlanacaq. Çünki evin o tərəfi çöküb. Həmin küncə qorxa-qorxa keçirik ki, birdən ev uçar.”

Onun qaynanası, 80 yaşlı Havaş Zeynalova bu şəraitsizliyə görə 2 oğlunun başqa yerlərdə yaşamaq məcburiyyətində qaldığında bildirir:

“O vaxtdan bu ev ilan-çiyan yuvası olub. Siçan, siçovul üzümdə gəzir, ayağımı dişləyir, qazanımıza girir. Gecə taqqıltı səslərindən qorxa-qorxa yatırıq. Şəraitsizliyə görə böyük oğlum ailəsini götürüb Bakıya gedib.

Kiçik oğlum isə çöllərdə, heyvan saxlanılan fermada yaşayır.”

“BİZƏ TİKİNTİ MATERİALI VERİN”

2010-cu ilin sel-suyu Xoşçobanlı kəndində yaşayan İsmayılovlar ailəsinin isə nəinki evini, hətta yardımçı tikililərini, təndirini belə yararsız vəziyyətə salıb. Ailə başçısı Qabil İsmayılov deyir ki, onlar həm yaşayış şəraitlərinin dözülməz olmağından, həm də mübtəla olduqları xəstəlikdən əziyyət çəkirlər:

“4 nəfərdən ibarət ailə birotaqlı evdə qalır. Uşaqlar artıq böyüyüb, 20 yaşı keçiblər. Böyük oğlum özünə ev tikməyə başlayıb. İkinci oğlum hərbi xidmətdən xəstə qayıdıb. Hər ay biz onu müayinə üçün Bakıya aparırıq.

Özüm asma xəstəliyindən əziyyət çəkirəm.

Ceyran İsmayılova

Ceyran İsmayılova

Divardakı çatlardan, oyuqlardan yayda həşəratlar, hətta ilanlar içəri daxil olur. Evin dam örtüyü zədələndiyindən əşyalarımız, pal-paltarımız islanırdı. Bu yaxında gedib nisyə 10 ədəd şifer alıb gətirmişəm. Mənə heç bir yerdən kömək yoxdur.”

Qabil İsmayılovun həyat yoldaşı Ceyran İsmayılova onlara yardım olunmasını istəyir:

“Dəfələrlə qəbullarda olmuşuq. Demişik ki, ev tikmirsinizsə, heç olmasa tikinti materiallarının bir hissəsini almaqda bizə kömək edin. ”

FHN-İN ETMƏDİYİNİ QHT EDİB, AMMA...

İmişli rayonunun Göbəktala kəndində yaşayan I qrup əlil Vaqif Savalanov deyir ki, onunla bağlı sujet AzadlıqRadiosunda efirə veriləndən sonra qeyri-hökumət təşkilatlarından biri bu ailəyə qismən yardım göstərib:

“Əlillərə yardım göstərən bir təşkilatın nümayəndəsi- Zərifə xanım bizə gəldi. Evi təmir etdirmək istəyirdi. Amma baxdı ki, nə döşəməsi var, nə də divarları. Ancaq dam örtüyü salamatdır. Belədə 3 min manatlıq tikinti materialı alıb verdi. Daha 2 min manat da mən bankdan kredit götürüb təzə evin tikintisinə başladım. İndi bu tikili yarımçıq qalıb. Heç olmasa onu başa çatdırmağa mənə kömək olunsun. Daha qəzalı evdə yaşamaq olmur.”

“QAYNAR XƏTT”Ə EDİLƏN MÜRACİƏTƏ BİR AY ƏRZİNDƏ BAXILIR?!

İmişli şəhərinin Mikayıl Müşfiq küçəsində yaşayan Sədi Fərmanov deyir ki, prezidentə və FHN-ə etdiyi müraciətləri “araşdırılıb müvafiq tədbir görülməsi üçün” yerli icra hakimiyyətinə göndərilib:

Sədi Fərmanov

Sədi Fərmanov

“Rayon İcra Hakimiyətindən gəlib təkrar baxış keçirdilər, evin qəzalı olmağına dair akt tərtib olundu. Amma bundan sonra da nə tədbir görülüb, nə də cavab verilib. Sonuncu zəlzələdən sonra evin yardımçı tikilisi uçdu.

FHN-in “qaynar xətt”inə- 112-yə zəng edib məlumat verəndə, deyildi ki, müraciətinizə bir ay ərzində baxılacaq. Daha bunun harası “qaynar” oldu?”.

FƏLAKƏT QURBANLARINA 4256 EV TİKİLİB

Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsindən oxuyuruq. 2010-cu ilin may-iyun aylarında baş vermiş daşqınlar nəticəsində respublikanın 11 rayonu ərazisində subasmaya məruz qalmış minlərlə fərdi yaşayış evi və sosial obyektlərin bərpası məqsədi ilə dövlət büdcəsindən umumilikdə 323 557 200 manat vəsait ayrılıb. Həmin vəsaitlə 5 rayon (Saatlı, Salyan, Sabirabad, İmişli və Zərdab) ərazisində infrastruktur obyektləri ilə birlikdə, ümumi yaşayış sahəsi 427 942,26 kv.m. olan 4256 ədəd fərdi yaşayış evi tikilib. Hazirda biri Sabirabadda, səkizi isə Kürdəmirdə olmaqla ümumilikdə 9 evin tikintisinə başlanılıb.

İmişli Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, bu ilin sentyabr ayında FHN-dən ezam olunmuş mütəxəssislər tərəfindən rayon ərazisində yerləşən 24 evə baxış-müayinə keçirilib. Lakin onun nəticəsi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son 2 ildə İmişli rayonunda yerləşən yüzlərlə evə bu cür baxış keçirilsə də, onların heç birinin dövlət hesabına tikilməsi barədə qərar verilməyib. Müstəqil ekspertlər bunu FHN-ə məlum təyinatla ayrılan pulun xərclənib qurtarmağı, hökumətin bu məqsədlə yeni vəsait ayırmadığı ilə əlaqələndirirlər.

AVROPA MƏHKƏMƏSİ “KÜR İŞİ” İLƏ BAĞLI 2 ƏRİZƏNİ İCRAATA GÖTÜRÜB

“Kür” vətəndaş cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev FHN- ə və digər aidiyyatı qurumlara qarşı 119 nəfərin məhkəmədə iddia qaldırdığını bildirir: “50-dək işlə bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var. Hazırda 13 nəfərin işi bu məhkəmənin icraatındadır.”

Oqtay Gülalıyevin sözlərinə görə, “Kür işi” ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 3 nəfərin müraciəti göndərilib, onlardan 2-si icraata götürülüb.

O, dəyən ziyanın obyektiv qiymətləndirilməsi, şikayətlərin ədalətli idarə olunması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işində şəffaflıqla bağlı hökumətə təkliflər ünvanladıqlarını bildirir:

“Aran ölkəmizin ən böyük, əhəmiyyətli iqtisadi bölgələrindən birdir. Biz hökumətə həm də bunu təklif etmişik ki, Kür- Araz daşqınlarından sonra bölgə infrastrukturunun bərpası və inkişafı ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilsin. Gələcəkdə oxşar problemlərin baş verməməsi və ya fəlakətdən minimum itkilərlə çıxmaq üçün tədbirlər planı hazırlanılmasını da tövsiyə etmişik.”

Azərbacanda fövqəladə korrupsiya fontanı - Araşdırma

Şərhləri göstər

XS
SM
MD
LG