Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

Rusiya qoşunlarının Ukrayna yaxınlığından geri çəkildiyi xəbər verilib


Rusiya tankı Rostov vilayətinin Kamensk-Şaxtinski məntəqəsində.
Rusiya tankı Rostov vilayətinin Kamensk-Şaxtinski məntəqəsində.

Putinin sözüçüsü Rostov regionunda hərbi təlimdə olan 17 min 600 hərbçinin öz bazalarına qayıdacağını söyləyib.

-

Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədi yaxınlığında yerləşdirilmiş minlərlə əsgərdən ibarət qoşun birləşmələrinin regiondan çıxarılmasını və daimi dislokasiya bazalarına qayıtmasını əmr edib.

Britaniya mətbuatı Rusiya mediasına istinadən yazır ki, Putinin sözüçüsü Rostov regionunda hərbi təlimdə olan 17600 hərbçinin öz bazalarına qayıdacağını söyləyib.

Atəşkəs pozulmaqda davam edir

BBC diqqəti belə bir məqama çəkir ki, qoşunların Rostovdan çıxarılması Vladimir Putinlə Ukrayna prezidenti Petro Poroshenko arasında bu cüməyə planlaşdırılmış görüşün ərəfəsinə təsadüf edir.

Ukraynanın şərqində Rusiyanın təşəbbüsü ilə sentyabrın 5-dən elan edilmiş atəşkəs pozulmaqda davam edir.

Bununla belə, Rusiya prezidentinin sözçüsü Dmitry Peskov bildirib ki, qoşunların Rostov vilayətindən çıxarılması orada keçirilən təlim məşqlərinin başa çatması ilə əlaqədardır.

BBC bildirir ki, ötən mart və may aylarında da Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılması eyni səbəblərlə izah olunmuşdu.

Bununla belə, NATO və ABŞ rəsmiləri bildiriblər ki, kəşfiyyat kanalları qoşunların yerindən tərpəndiyini müşahidə etməyiblər.

Çətin danışıqlar

Prezidentlər Putin və Poroshenko-nun cümə günü İtaliyada keçiriləcək Asiya-Avropa Görüşündə danışıqlar aparacağı gözlənilir.

“Mən asan danışıqlar gözləmirəm – deyib Ukrayna prezidenti jurnalsitlərə - sülhün bərqərar edilməsində Rusiyanın rolunu nəzərə almamaq çətindir”.

Cənab Poroshenko həmçinin deyib ki, Rusiya prezidenti ilə qaz qiymətləri barədə yaranmış mübahisələri müzakirə etmək niyyətindədir.

Rusiya Ukraynaya verilən qazı iyun ayından kəsib və bildirib ki, Kiyev qaz üçün yığılıb qalmış borclarını ödəmədikcə təchizat bərpa olunmayacaq.

Bu məsələ barədə razılığa gəlinməzsə, Ukraynanı qış aylarında ciddi enerji çatışmazlığı gözləyir.

Ukraynanın müdafiə naziri istefaya getdi

Bu arada Ukrayna prezidenti Petro Poroshenko ölkənin müdafiə naziri Valery Geletey-i istefaya göndərib.

Ukrayna prezidentinin mətbuat xidməti bildirir ki, bundan əvvəl cənab Geletey istefa ərizəsini təqdim etmişdi.

Xəbər verilir ki, bu bazar ertəsi Poroshenko Ukrayna parlamenti – Verhovna Radaya təsdiq üçün yeni müdafiə nazirinin namizədliyini verəcək.

Valery Geletey müdafiə naziri vəzifəsinə bu ilin iyulunda təyin edilmiş və Ukraynanın ərazi bütövlüyünü bərpa edərək Krımda qələbə paradını keçirmək vədini vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG