Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Leyla Yunus tibbi müayinəsinin qərəzli olduğunu yazır – MƏKTUB


Leyla Yunus
Leyla Yunus

-

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus həbsxanadan mediaya məktub göndərib.

AzadlıqRadiosunun məlumatına görə, L.Yunus tibbi müayinəsinin qərəzli olduğunu yazır.

Oktyabrın 10-da Kürdəxanı təcridxanasının tibb mərkəzinə aparıldığını yazan L.Yunus onu müayinə edən “10-12 nəfər hündürboy, cantaraq kişinin” həkimə oxşamadıqlarını iddia edir:

“Onların heç biri adını, hansı sahədə mütəxəssis olduğunu demədi. ”

L.Yunus qeyd edir ki, gözündə iki dəfə əməliyyat olunsa da, özünü oftalmoloq kimi təqdim edən şəxs onu müayinə etdikdən sonra “gözlərinizlə bağlı hər şey qaydasındadır, hər şey gözəldir” deyib: “Bundan sonra anladım ki, onların məqsədi mənim tam sağlam olmağım, lap kosmonavt kimi sağlam olmağım haqda “sənəd” tərtib etməkdir”.

L.Yunus həmin şəxslərə deyib ki, onlar müstəqil ekspert deyillər, halbuki vəkili Baş Prokurorluğa onun müstəqil həkimlər tərəfindən müayinə edilməsi üçün müraciət edib.

Sülh və Demokratiya İnstitutunun direktoru yazır ki, bundan sonra həmin şəxslər ona rişxənd etməyə başlayıblar, hətta biri məhkəmədə iddia qaldırmaqla hədələyib. Bundan başqa L.Yunusa bildirilib ki, sidik analizi də onun sağlam olduğunu göstərir.

L.Yunus yazır ki, ədalətsizliyə dözməyərək ağlamağa başlayıb, amma özünü həkim kimi təqdim edən şəxslərdən heç biri onu sakitləşdirməyə, su, yaxud sakitləşdirici dərman verməyə çalışmayıb.

Sülh və Demokratiya İnstitutunun direktoru yazır ki, həmin şəxslərin hərəkətləri onu dindirən zaman rişxənd edən müstəntiqlərin hərəkətləri ilə səsləşir.

Bazar günü olduğu üçün Penitensiar Xidmətin məsələyə münasibətini öyrnmək mümkün olmayıb.

Azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus hazırda həbsdədir. Onlar vətənə xəyanətdə ittiham olunurlar. Özləri isə siyasi sifarişlə tutulduqlarını bildirirlər.

XS
SM
MD
LG