Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Bakı şəhər sakini, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 80 ünvanda yerləşən “Ortaçala” kafesinin sahibi Emilla Fərəcova AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib.

Deməsinə görə, 2013-cü ilin avqust ayında Eldəniz İbadov adlı bir nəfər onların işlətdikləri iaşə obyektinə bitişik, M.Qaşqay küçəsi, ev 78 ünvanındakı həyəti alıb:

TİKİNTİNİ APARANA İRAD BİLDİRİLSƏ DƏ...

“Həmin ünvan ümumi həyət idi, orada beş ailə yaşayırdı. İbadov onların hamısının istədikləri məbləği verib razı saldı, evlərini aldı. Bir aydan sonra isə həmin ünvandakı köhnə birmərtəbəli evlərin söküntüsunə başlandı. Əvəzində ikimərtəbəli ofisin tikilməsinə start verildi. Dəfələrlə etdiyim şikayətlərdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iki nümayəndəsi, sonradan isə Bakı Şəhər İcra Hakimiyyətinin iki nümayəndəsi gəlib ora baxış keçirərək tikinti sahibinə iradını bildirdilər. Lakin bu tikinti yenə də davam etdirildi”.

Şikayətçi deyir, bu ilin avqust ayında sözügedən yarımçıq tikili sökülüb və növbəti dəfə qazıntı işlərinə başlanılıb:

“Bir ay bundan əvvəl Eldəniz İbadov fikrini dəyişib, ikimərtəbəli yarımtikilini söküb yerlə-yeksan edib. İndi də deyir ki, yeraltı qaraj və üçmərtəbəli ofis tikəcəyəm. Bizə çatan məlumata görə, orada çoxmərtəbəli bina tikməyi planlaşdırıb. Biz faktiki olaraq ortada qalmışıq. Əvvəlcə layihəni üçmərtəbə götürürlər, sonra qaldırırlar. Eşitmişik ki, 10 mərtəbə tikəcəklər. Məqsədsə odur ki, biz məcbur olub obyektimizi dəyər-dəyməzinə sataq. Çünki sabah mənim yerim heç kimə lazım olmayacaq. Ortada qalan yerdən heç kim heç nə tikə bilməz axı. Əgər belə getsə, bu şəhər bir neçə ildən sonra nə günə qalacaq? Biz demirik ki, sökməsinlər, söksünlər, amma heç olmasa divarını bizdən aralı tiksin. Heç olmasa bircə metr. Divarlarımız köhnədir. Şəhərsalma və Tikinti Məcəlləsinin 69,4-cü maddəsinin tələbinə görə, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir”.

"PULUNU VERDİ, MÜLKÜNÜ TİKDİ"

E.Fərəcovanın sözlərinə görə, qonşu sarıdan elə əvvəldən bəxtləri gətirməyib. Belə ki, hələ 2005-ci ildə digər qonşusu Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə dördmərtəbəli mülk tikib. Həmin vaxt Fərəcovlar nə qədər şikayət etsələr də onları dinləyən olmayıb: “Naxçıvanlı iş adamı idi, pulunu verdi, mülkünü də tikdi. İndi bu biri qonşudan da pul alıb icazə veriblər. Dördmərtəbəli mülkün bizim obyektə bitişik tikilməsi nəticəsində havasız qalmağımız aydın görünür. İndi o biri tərəfdən də tikintiyə icazə verilərsə, mənim mülküm iki çoxmərtəbəli binanın arasında qalacaq, yararsız, havasız, qaranlıq vəziyyətə düşəcək. Buradan Hacıbala Abutalıbova səslənirəm:

“Hacıbala müəllim, mən orada heç nə tikmirəm. Elə-belə, qanuna riayət etmək üçün sizə pul verməyə də hazıram, amma nə olar, qanuna riayət edin! Bunu bacarmırsınızsa, onda sahibkarlara açıq şəkildə deyin ki, Azərbaycanda heç kimin mülkü qorunmur”.

Gürcü milli xörəkləri ilə məşhur olan “Ortaçala” kafesinin sahibi 15 ildən artıqdır ki, bu obyekti işlətdiklərini, üç ailənin - özünün və övladlarının yalnız buradan dolandıqlarını dedi: “Prezidentin fərmanına məhəl qoymurlar. Hacıbala Abutalıbovun yanına gedirik, məktubları qapıçının üstünə göndərib deyir ki, gedin, o baxacaq. Kimə yazaq? Kimə müraciət edək? Prezident Aparatına yazdığımız məktublar ünvanına yetişmir. Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyimiz müraciətlər yenidən Nəsimi RİH-ə göndərilir, Nəsimi RİH-dən də öz növbəsində mənzil-istismar sahəsinə”.

Emilla Fərəcova üzləşdiyi problemlə bağlı ölkə başçısı İ.Əliyevə, BŞİH başçısı H.Abutalıbova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri A.Ələsgərova müraciət edib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə həftələrlə əlaqə saxlasaq da, qurumdan şikayətə aydınlıq gətirmək istəyən tapılmadı.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG