Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

«Qars müqaviləsi» belə imzalandı və ya Beriyanın güllələdiyi adam


ZSFSR-in və Türkiyənin Qars müqaviləsində göstərilən sərhədləri

ZSFSR-in və Türkiyənin Qars müqaviləsində göstərilən sərhədləri

-

«1921-ci ildə imzanmış Qars müqaviləsinin 5-ci maddəsinin 3-cü əlavəsinə əsasən, Naxçıvan Azərbaycanın tərkib hissəsi sayılıb, muxtar ərazi kimi təsdiq olunub və 5 dövlət bu müqaviləyə imza atıb»

Tarixçi-alim Nail Əliyev bu sözləri AzadlıqRadiosunun «İz» proqramında – Qars müqaviləsinə həsr olunmuş verilişdə söylədi. Veriliş 1921-ci il oktyabrın 13-də imzalanmış və Cənubi Qafqaz bölgəsinin tarixində önəmli rolu olan həmin dövlətlərarası bağlaşmaya həsr edilmişdi.

BİR SƏNƏDİN TARİXÇƏSİ

Lap uşaqlıqdan evlərində «Azərbaycan Cümhuriyyəti», «Qars müqaviləsi» ilə bağlı söhbətlər eşidən Nail bəy bu mövzuda 2003-cü ildə dissertasiya müdafiə etdiyini də bildirdi:

«Evimizdə bir sənəd vardı. Orada Qars müqaviləsinin xəritəsi əks olunmuşdu. Mənim babam – tarixçi alim Əli Əliyev, vaxtilə Naxçıvan Ali Sovetinin sədri olanda, Sov.İKP MK Siyasi Bürosunun üzvü, sovet dövlətinin xarici işlər naziri Qromıkonun rəhbərliyi ilə hazırlanan bir sənəd Naxçıvan Ali Sovetinə göndərilib. Üstündən bir neçə il ötəndən sonra – babam Naxçıvan Universitetinə rektor göndəriləndə, bu sənədi arxivdən götürüb özüylə aparıb».

XƏRİTƏDƏKİ ADLAR TÜRKMƏNŞƏLİDİR...

Nail Əliyev xəritədəki yer adlarına diqqət çəkdi: «Xəritədəki bütün yer adları türkmənşəlidir – Üşküdağ, Vəlidağ, Arazdəyən, Sərdarabad, Güllübulaq, Ortakilsə, Mollaqoca, Hacıbayram, Süleymandiva, Uluxanlı və s. Başlayır Sarpdan, qurtarır Naxçıvanda – Arazdəyəndə... Bir dənə erməni adı tapmazsan...».

SERV MÜQAVİLƏSİ VƏ OSMANLININ ÇÖKÜŞÜ

Nail Əliyev o dövrkü tarixi şəraiti belə açıqladı:

«1917-ci il Fevral Burjua İnqilabından sonra Romanovlar devrildi və Zaqafqaziya Seymi təşkil olundu. Oktyabr çevrilişindən sonra isə S.Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası yaradıldı. Gürcüstanda menşeviklər, Ermənistanda daşnaklar önə çıxdılar...1918-ci ildə Naxçıvanda Türkiyənin himayəsi altında Araz Türk Respublikası, daha sonra Azərbaycan Cümhuriyyətinin qubernatorluğu, amerikalıların və ingilislərin təkidi ilə, Cümhuriyyətin razılığı olmadan, Naxçıvanda bitərəf zona, Amerikan general-qubernatorluğu, daha sonra ingilis general-qubernatorluğu yaradıldı. Antanta həmin dövrdə Osmanlı İmperatorluğuyla mübarizə aparırdı və ermənilərlə müttəfiqlikləri vardı. Amma Atatürk Antantanın planlarını pozaraq, Serv Müqaviləsini ləğv etdi. Bu müqaviləyə görə, Osmanlını çökdürmüş – 9 vilayətə bölmüşdülər. O dövrdə Qafqaz İslam Korpusunun komandanı Kazım Qarabəkir Paşaydı. O, çox böyük bir şəxsiyyət olub, Naxçıvanın, Ermənistanın müsəlman əhalisini qırğınlardan qurtarıb».

36 YAŞLI PAŞA QARSI RUSLARDAN GERİ ALDI

Verilişin qonağı bu vaxt Antantaya qarşı Türkiyənin və sovet Rusiyasının mübarizə apardığını bildirdi: «Odur ki, Ankara ilə Sovet Rusiyası arasında əlaqə yaranır. Rusiya tərəfdən bu danışıqlara Yakov Qonetski adlı bir diplomat qatılır. Leninin yaxın ətrafından olan bu adamı 1937-ci ildə Stalin güllələdib. Danışıqlardan sonra Frunze ilə Budyonnı sovet Rusiyası tərəfindən Ankaraya göndərilir. Sovet Rusiyası Ankaraya kömək edir. Brest-Litovsk Müqaviləsindən sonra – 1918-ci ildə 36 yaşlı Kazım Qarabəkir ruslardan Qarsı geri alır və Qarsın ilk komendantı olur. 1878-ci ildən o vaxtadək Qars rusların əlindəydi».

TÜRKLƏR TƏLƏB EDİRLƏR Kİ...

Nail Əliyev Qarsdan sonra Kazım Qarabəkir paşanın Naxçıvana gəldiyini bildirir:

«İyulun 7-də Culfada olurlar. Amma Mudros Sazişinə görə, türk qoşunları Naxçıvandan və indiki Ermənistandan çıxmalıydılar. O dövrdə Mürsəl paşa İrəvanda otururdu. Əhalini müdafiə etmək lazım idi. Vəziyyət mürəkkəb idi, dediyim kimi, Araz Türk Respublikası, neytral zona, qubernatorluqlar yaranmışdı.

Hüquqşünas Səməd Vəkilov və tarixçi-alim Nail Əliyev

Hüquqşünas Səməd Vəkilov və tarixçi-alim Nail Əliyev

Gümrü Müqaviləsindən, 16 mart Moskva Müqaviləsindən sonra sentyabrdan Qarsda Rusiya və Türkiyə arasında intensiv danışıqlar gedir. Bu danışıqlara Kazım Qarabəkir, Qonetski, Paqos Makinzyan, Behbud Şahtaxtinski, Eliava, Svanidze, Veli Muxtar, Memduh Şevket qatılır. Türklər burada 3 respublikanın üçünün də iştirakını tələb edirlər. Kazım Qarabəkirin böyük səyi ilə 3 respublika da bura daxil edilir. 1921-ci il oktyabrın 13-də tarixi müqavilə imzalanır. Bu müqavilə, elə bil ki, Türkiyənin beynəlxalq aləmə çıxması idi. 3 respublikanın – Azərbaycan, Gürcüstan və Ermənistanın imzası bu müqavilənin necə əhəmiyyətli olduğunu göstərirdi».

MÜQAVİLƏNİN 5-Cİ MADDƏSİNDƏ YAZILIB Kİ...

Nail Əliyev indiyədək bu müqaviləyə qarşı çıxanlara belə cavab verir: «İndiki Ermənistan eyniadlı keçmiş sovet sosialist respublikasının varisidir. Müqavilədən sonra ovaxtkı adı ilə İrəvanda, İranda, Amerikada olan erməni təşkilatları buna qarşı çıxdılar. Amma Ermənistanın da iştirak etdiyi, imzaladığı bu müqavilənin 5-ci bəndinə əsasən, Naxçıvan Azərbaycanın tərkib hissəsi sayılıb, muxtar ərazi kimi təsdiq olunub və 5 dövlət bu müqaviləyə imza ataraq möhür vurub:

MADDƏ 5
Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 saylı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdırlar.

BU YOLDA CƏFA ÇƏKƏNLƏR: ƏLİ SƏBRİ QASIMOV

Nail Əliyev bu yolda mübarizə aparanlardan da danışdı: «1919-cu ildə Amerika general-qubernatorluğu yarananda, Naxçıvanın böyük bir ziyalısı vardı – Əli Səbri Qasımov. Əfsuslar ki, indi unudulub... O, Tiflisdə 17 bənddən ibarət ultimatum verdi ki, Naxçıvan Azərbaycanın tərkib hissəsidir, heç kim, hətta Azərbaycan hökuməti də onu heç yerə verə bilməz. Veriləcəksə, Naxçıvan camaatı son damla qanınadək vuruşacaq...».

TAĞI BƏY SƏFİYEV...

Verilişin digər qonağı «Qars Müqaviləsi» haqqında filmin müəllifi hüquqşünas Səməd Vəkilov bu müqavilənin hazırlanmasında böyük əməyi olan Tağı bəy Səfiyevdən danışdı:

«Bu şəxs o dövrdə diplomatik missiya daşıyan bir şəxs olub. Həm rus dilini yaxşı bildiyinə, həm də Naxçıvanın bütün bölgələrini yaxşı tanıdığına görə. Odur ki, filmin ikinci hissəsini Tağı bəyin 130 illiyinə həsr etmişik. Çəkdiyimiz filmdə sonda bir xanım çıxış edir – Leyla xanım Vəkilli. O, mənim bibim sayılır. Parisdə doğulub. Atası cümhuriyyətçilərdəndir – Həsən ağa Sultan Vəkilli. Həm də Tağı bəyin yaxın qohumlarındandır. Fikrimcə, belə tarixi müqavilənin ətrafında dövr edən tarixi şəxsiyyətlər araşdırılmalıdır».

SƏFİYEVLƏR REPRESSİYA MAŞININDA...

Nail Əliyev də Tiflis arxivlərində çalışarkən Tağı bəylə bağlı sənədlərə rast gəldiyini deyir:

«İlk dəfə sizin verilişdə söyləyirəm. Tağı bəy çox imkanlı adam olub. Qars Müqaviləsi imzalananda, bizim nümayəndə heyətinin ora getməsi, türk qoşunlarının Naxçıvanda yerləşdirilməsi onun üzərinə düşüb. Öz şəxsi vəsaiti hesabına fond yaratmışdı. Başqaları da fonda kömək edirdi. Həyat yoldaşlarının qızıl əşyalarınacan toplayıb bu yolda xərcləmişdilər. Səfiyevlər hamısı repressiyaya uğradı. Hər şeyləri əllərindən alındı. Güllələnən güllələndi, tutulan-tutuldu...».

BEHBUD ŞAHTAXTİNSKİ... ÜRƏYİNƏ 3 GÜLLƏ SIXAN ADAM?

Nail Əliyev Tbilisi arxivində müqaviləyə Azərbaycan tərəfdən imza atan Behbud Şahtaxtinskinin ölüm işi ilə bağlı sənədlə də tanış olub:

Behbud Şahtaxtinski

Behbud Şahtaxtinski

«Yazılıb ki, 1925-ci ildə özünü 3 dəfə güllə ilə vurub. Özünə güllə vuran adam 3 dəfə ata bilər? Ölümü araşdıran istintaq idarəsinin rəisi kimdir – Lavrenti Beriya! İşi o aparıb... Guya Behbud Şahtaxtinski özünü güllə ilə vurub. Bundan bir ay əvvəl də «Kommunist» qəzetində Nəriman Nərimanovun yazısı çıxıb. O, Behbud Şahtaxtinskini «oğru» adlandırıb. Guya o fondun pulunu xərcləyib. Müqavilədən əvvəl o pullar xərclənmişdi və qəpiyinəcən yazılmışdı. Azərbaycanın özündə də Qars Müqaviləsinə qarşı çıxanlar vardı – Zəngəzuru, Qarabağı vermək istəyənlər. Bunu demək lazımdır! İnanmışdılar Leninə, sosializmə. Zəngəzurla bərabər oralar da verilməliydi. Amma Behbud Şahtaxtinski buna imkan vermədi. O üzdən onu öldürdülər. O özünü vurmayıb! Bu məsələ araşdırılmalıdır! Stolun üstünə də o məqaləni atıblar ki, guya məqalədən kədərlənib özünü vurub...».

«QARS MÜQAVİLƏSİ» YETƏRİNCƏ ÖYRƏNİLMƏYİB

Səməd Vəkilovun fikrincə, Qars Müqaviləsi yetərincə öyrənilməyib: «Behbud ağanın şəxsiyyəti öyrənilməlidir. Bu, ayrıca film mövzusu ola bilər. Ümumiyyətlə, bu müqavilədən bizim çəkdiyimiz filmdən başqa filmlər çəkilməlidir. Filmlər bir neçə seriya olmalıdır. İndi siz bir sorğu aparsanız, 10 nəfərə yanaşıb bu müqavilə barədə soruşsanız, olsa-olsa, bir nəfər «Qars Müqaviləsi»ndən məlumatlı ola bilər. Filmi də şəxsi vəsait hesabına çəkdik – Tağı bəyin qohumları dəstək oldu. Təəssüf ki, bizim tarixçilərin taktikası müdafiə üzərində qurulub. Erməni tarixçilər bizə nə isə deyirlər, biz də özümüzü müdafiə edirik. Bir Əziz Ələkbərlini ayırmaq istəyirəm. O, qədim oğuz-türk abidələri ilə bağlı araşdırmalar aparıb və bu araşdırmaya görə Ermənistanda ona qarşı böyük kin formalaşıb».

Verilişi dinləsəniz, müqavilə ilə bağlı daha maraqlı mətləblərdən xəbər tuta bilərsiniz. «İz»i buradan dinlə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG