Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

Sahilə İbrahimovadan yeni roman


-

Gənc yazar Sahilə İbrahimovadan yeni roman gəldi.

"Çevriliş" AYBkitab layihəsi çərçivəsində nəşr edilib.

Bundan əvvəl gənc yazarın "Varlı kişinin portmanatı" hekayələr toplusu, "Yuxarı və aşağı ətraflar" nəsr kitabı çap olunub.

S.İbrahimovanın 2 hekayəsi — "Mən deyildim""Avqustun iyirmi üçünə üç gün qalmış" 2009-cu ildə "Ədəbi Azadlıq" müsabiqəsinin 10-luğuna düşüb.

Kitabın redaktoru Qismət romanı belə təqdim edir:

“Sahilə roman üçün çox maraqlı, bizim ədəbiyyatda yetərincə araşdırılıb yazılmamış bir dövrü – sovetlərin dağılması, müstəqilliyin ilk illərini mövzu kimi seçib.

Romanın qəhrəmanı Zərifə yazıçı ola bilmədiyi üçün tərcüməçi (Sahilə çevirici yazmağı sevir) olmaq qərarına gəlir və bunu belə əsaslandırır ki, yazıçı olmadan yazmağın, bədii mətn yaratmağın yeganə yolu bəlkə tərcüməçilikdir.

Bu maraqlı yanaşma roman boyu imperiya buxovundan qurtulub müstəqilliyini yenicə əldə etmiş ölkənin, zorlanıb namusu ləkələnmiş Zərifənin taleyi ilə paralellik təşkil edir; yəni ölkə də qabıq verib dəyişir, başqa mərhələyə keçir, çevrilir, Zərifənin həyatı da.

Və bütün bunları yaşamış roman qəhrəmanı qərara gəlir ki, yaradıcı olmadan yaradıcılıqla məşğul olmağın ən yaxşı yolu, bir növ yaradıcılığı imitasiya etməkdir. Müstəqilliyini yenicə əldə etmiş, keçid dövrü deyilən uzun və ağrılı mərhələni yaşayan hər bir xalqın taleyində mütləq mənada bu imitasiya/simulasiya dövrü olur.

Sahilə də həm sujetlə, həm eyhamlarla, həm də dil oyunları vasitəsilə vurğunu bu nöqtəyə salır. Zərifə çevirici, bir mətni başqa dilə çevirəndi, ölkə bir formasiyadan başqasına keçib, çevrilib və ən nəhayət qəhrəmanın öz həyatında da bir “çevriliş” baş verib.

Bütün zəngin təsvirləri, poetik pasajları, müxtəlif ədəbiyyatlardan əxz edilmiş və yaxşı da tətbiq edilmiş fəndləri ilə bərabər, düşünürəm ki, Sahilənin romanın onurğasında, həyatımızdakı baş tutmuş, yaxud alınmamış, alayarımçıq metaformozlar durur. Hətta bu çevrilmə(k) düşüncəsi o qədər müəllifin fikrindədir ki, romanın bir yerində təbiət filosofu Falesi xatırladan bir bənzətməylə rastlaşırıq: “Yaşıl köynəyimə düşən göz yaşına ütü çəkəndə, göz yaşım buxarlandı.”

Sahilə sanki demək istəyir ki, hər şey – hətta kədərli bir qadının gözlərindən köynəyin üstünə düşən göz yaşı da başqa hala düşür, dəyişir, amma biz dəyişə, çevrilə bilmirik. Biz nə Qreqor Samsayıq, nə də ki, böcək. Biz həm körpüyük, həm də yolu keçənik. Və Sahilə deyir ki, bu körpünü – özümüzü birinci elə biz keçməliyik.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG