Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:19

Britaniya parlamenti Fələstin dövlətinin tanınması təşəbbüsünü səsə qoyacaq


Britaniya parlamenti
Britaniya parlamenti

-

Britaniya parlamenti Fələstin dövlətinin Birləşmiş Krallıq tərəfindən rəsmən tanınması üçün hökumətə müraciət qərarını qəbul etməyə hazırlaşır.

Ölkə siyasətçilərini iki cəbhəyə ayırmış bu incə məsələ barədə parlament təşəbbüsünün qəbul ediləcəyi indi çox az şübhə doğurur, çünki ölkənin əsas müxalifət partiyası olan leyboristlərin lideri Ed Miliband parlamentdəki partiyadaşlarını qərarı dəstəkləməyə çağırıb.

Bazar ertəsi parlamentdə müzakirə olunacaq xüsusi qətnamə hakim koalisiyaya daxil liberal demokratların da əksəriyyəti tərəfindən dəstəklənir və hakim Mühafizəkarkar Partiyası öz millət vəkillərinə istədikləri kimi səs vermək sərbəstliyi tanıyıb.

İsveç Fələstini tanıyacağını elan edib

Siyasi təhlilçilər bildirirlər ki, Fələstinin birtərəfli qaydada tanınmasına dair parlament qətnaməsi hökumət üçün icbari olmasa da, onun uzaqgedən beynəlxalq nətəcələrə səbəb olacağı gözlənilir.

Ötən həftə İsveç Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu elan edən ilk Avropa İttifaqı ölkəsi olub.

Bu bəyanatla bağlı İsveçin İsraildəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.

İsrailin rəsmi mövqeyinə görə, Fələstinin rəsmən tanınması yalnız yəhudilər və ərəblər arasında əldə olunmuş saziş əsasında elan edilə bilər.

İsrail hökumətinin lobbiçiliyi

Bəzi xəbərlərə görə, İsrailin hökumət kabineti birbaşa lobbiçilik edərək Britaniya leyboristlərinin qətnamə əleyhinə səs vermələrinə çalışır.

İsraili daha çox narahat edən budur ki, leyboristlər hakimiyyətə gəldikləri təqdirdə İsveçdən nümunə götürərək Fələstini rəsmən tanıya bilərlər.

Britaniyanın bu məsələdəki rəsmi mövqeyini hələ keçmiş xarici işlər naziri William Hague elan edərək demişdi ki, “biz Fələstini ikitərəfli qaydada, öz seçdiyimiz vaxtda və bunun sülh işinə yardımı olacağı təqdirdə tanıyacağıq”.

Tarixi addım

Yerusəlimdə Britaniyanın baş konsulu olmuş iki şəxs də daxil olmaqla bir qrup pensiyada olan diplomat “The İndependent” qəzetinə yazdığı açıq məktubda parlamenti qətnamə təşəbbüsünü dəstəkləməyə çağırıb.

Onlar bu qətnamənin qəbulunu hökumətin tarixi addım atmasına yardım edəcək fürsət kimi qiymətləndirirlər.

Təşəbbüsün müəllifi, leyborist millət vəkili Grahame Morris deyib ki, Fələstinin dövlət kimi tanınması çoxdan bəridir dalanda olan sülh prosesinə yeni nəfəs verə bilər.

Təşəbbüsdə deyilir: “Parlament inanır ki, hökumət İsrail dövləti ilə yanaşı Fələstin dövlətini də tanımalıdır”.

Sərhədləri olmayan dövləti tanımaq

Bəzi Britaniya ekspertlərinin fikrincə, Fələstin təşəbbüsnünün dəstəklənməsi leyboristlər arasında dərin ixtilaf və parçalanmaya səbəb ola bilər. Onlardan biri bu təşəbbüsün dəstəklənməsini “divanə ideya” adlandırıb.

Müxalifət partiyasının kölgə hökumətinə daxil iki millət vəkili İsrailin Leyborist Dostları parlament qrupunun üzvüdür.

Mühafizəkar millət vəkili Alan Duncan isə deyib ki, hazırda sülh prosesi getmir və Fələstinin tanınması üçün İsrailin razılığına ehtiyac yoxdur.

Lakin hakim partiyanın bəzi üzvləri bildirirlər ki, təşəbbüs Britaniyanın rəsmi siyasətinə tam ziddir.

Onların fikrincə, sərhədləri bilinməyən bir ərazini dövlət kimi tanımaq mümkün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG