Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

Daşlı Çalağanda qorxu içində yaşayan bir ailə var...


Səkina Abbasova, Daşlı Çalağan sakini

Səkina Abbasova, Daşlı Çalağan sakini

-

Gecələri qorxu içərisində yuxuya gedib, səhərləri eyni hisslərlə açan Abbasovlar...

“Allaha yalvarırıq ki, ev başımıza uçmasın... Buyurun, bu yataq otağımızdır, baxın... Burda insan yaşayar?”

Qapıdan girənin ilk gördüyü mənzərə heç ürək açan deyil. Üzərinə linonium döşənmiş beton döşəmə, aralanmış divarlar, kif atmış tavan ... Siyəzən rayonunun Daşlı Çalağan kəndində hər üçü əlil olan, ata tərəfindən atılmış Abbasovlar ailəsi bax bu daxmada yaşayır.

Abbasovlar ailəsinin evi, Siyəzən rayonu

Abbasovlar ailəsinin evi, Siyəzən rayonu

Ana və bir neçə xəstəlikdən əziyyət çəkən iki azyaşlının hər səhər yuxudan ayılanda gözünə ilk sataşan üstlərinə çökməkdə olan tavandır. Onlar bir neçə ildir ki, axşamlar bu təlaş içərisində yuxuya gedib, səhərlər eyni hisslərlə oyanırlar.

Səkinə xanım bizi evinin şəraiti ilə tanış edir, o otaqdan bu otağa keçir, divarları, döçəmələri göstərir, birini qoyub, birini danışır.

İstəyir ki, yaşadıqları şəraiti tam dəqiqliyi ilə çatdıra bilsin:

“İKİSİNİN DƏ CİYƏRLƏRİ XƏSTƏDİR,...”

“İki xəstə uşaqla bu vəziyyətdə yaşayıram, ikisinin də ciyərləri xəstədir, hər il müalicə etdirirəm. Bu nəmişlikdə üstəlik qaşınma xəstəliyi də tapıblar”.

Ailənin dolanışığı çox çətindir. Ana deyir ki, mağazadan şirniyyat alır, üstünə 5-6 qəpik qoyub kənd məktəbinin bufetinə “satır”. Bu “kommersiya” ona hec ayda 50 manat qazandırmır.

Bir də evin küncündə anasından miras qalmış, üç nəfəri acından xilas edən köhnə tikiş maşını:

“ARADA YORĞAN, DÖŞƏK TİKİB SATIRAM”

“Arada yorğan, döşək tikib satıram. 100 manat alimetlə uşaq saxlamaq mümkün deyil. Sosial yardım da vermirlər ki, VÖİN-in yoxdur”.

Abbasovlar ailəsinin evi, Siyəzən rayonu

Abbasovlar ailəsinin evi, Siyəzən rayonu

Səkinə Abbasova kasıb, uçulub dağılmaqda olan mənzilinin təmir edilməsi, ya da başqa yerdə evlə təmin olunması üçün illərdir ki, yerli bələdiyyə və icra hakimiyyətinə yollanır. Onu indi bələdiyyə fonduna yığılıan pulların və yerli icra hakimiyyətində belə məsələlərə görə ayrılan vəsaitin hara xərclənməsi maraqlandırır.

Qəzəblə danışır:

“BƏS BU QƏDƏR PULU HARA XƏRCLƏYİRLƏR?”

“Gedirəm icra nümayəndəliyinə, deyirəm evim başıma uçulur, deyir, neyləməliyəm, gəlib səninçün şifer vurmalıyam? Qurbanı kəsirlər, özləri yeyirlər, hər şeyi qohum-əqrəbaları üçün edirlər. Mənimkimilərə növbə çatanda deyirlər, imkan yoxdur. Bəs bu qədər pulu hara xərcləyirlər?”

Daşlı Çalağan bələdiyyəsindən isə deyirlər ki, bu ailəyə kömək etməyə imkan yoxdur:

“ELƏ VƏSAİTİMİZ HARADAN?...”

“Bizdə o imkan yoxdur ki, gedək onun evinin üstünü düzəldək. Elə vəsaitimiz haradan?... Bizə belə təyinatlar üçün pul ayrılmır.

- Bu ailəyə hər hansı şəkildə yardım mümkün deyilmi?

- Biz onun müraciətini yerli icra hakimiyyətinə göndərmişdik.Ordan da cavab belə oldu ki, o evin başqa mülkiyyətçisi var. Səkinə xanım isə o evin yalnız istifadəçidir. Yəni evin təmir-bərpasını yalnız mülkiyyətçi tələb edə bilər. Bəlkə heç mülkiyyətçi bunu istəmir...”

Qarşıdan qış gəlir. Bu isə o deməkdir ki, iki azyaşlı və ananın vəziyyəti bu qəzalı evdə daha da çətin olacaq. Bu qışı da onları aralı divarlardan külək, beton döşəmədən soyuq, dağılmış tavandan yağış, qar suları əhatə edəcək. Üç əlilin “necə yaşamalı” sualı isə deyəsən bu qış da cavabsız qalacaq...

XS
SM
MD
LG