Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

X.İsmayıl: «Dövlət orqanlarının bu dərəcədə operativ işlədiklərini bilmirdim»


-

Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb. Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.

10.10.2014

Xədicə İsmayılın məhkəməsi saat 18:15-də başa çatıb. Onun bildirdiyinə görə, prosesdə qarşı tərəfin vəsatəti əsasında MTN-in göndərdiyi məktub təqdim olunub:

«Dünənki prosesdə Elman Türkoğlu sənədlərin guya mənim yaydığımla bağlı MTN-in arayış verməsi üçün vəsatət qaldırmışdı. Vəsatət təmin olunmuşdu. Fikir verin ki, iş günün başa çatmasına baxmayaraq, elə həmin gün məhkəmə vəsatət əsasında nazirliyə sorğu göndərib. MTN də dərhal, elə həmin gün müraciətə cavab yazıb. Mən dövlət orqanlarının bu dərəcədə operativ işlədiklərini təsəvvür etmirdim. MTN-in məktubunda deyilir ki, guya mən həqiqətən 2011-ci ildə iki sənəd yaymışam və sonradan silmişəm. Ancaq, bunu sübut edən heç bir fakt göstərməyiblər. Əslində isə mən 2011-ci ildə yox, 2014-cü ildə, həm də iki deyil, bir məlumat yaymışam. Bu məlumatda da bəzi adları qaralamışam».

Növbəti məhkəmə prosesi oktyabrın 13-ə təyin olunub.

***

Binəqədi rayon Məhkəməsində Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə proses davam etdirilir.

Proses saat 17:00-da başlayıb və hazırda davam edir.

09.10.2014 - Əvvəlki prosesdə nələr oldu

Xədicə İsmayıl məhkəmənin suallarını cavablamaqdan imtina edib.

Bu haqda qapalı keçirilən məhkəmədən sonra AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. X.İsmayıl yalnız bir halda sualları cavablayacaq: Məhkəmə ona bu işə aidiyyəti olması barədə sübut təqdim edərsə:

«Mənim, ümumiyyətlə, bu işə aidiyyətim yoxdur. İşə əlavə olunan və «sənəd» kimi təqdim olunan məlumatları mən yaymamışam. Həmin məlumatlardan biri Şəkidə zorlama halı ilə bağlıdır. Bu məlumatı mən, ümumiyyətlə, heç vaxt yaymamışam. Məhkəmə işində adlar olduğu kimi əlavə olunub. Mənim yaydığım məlumatda isə adlar və şəxsi məlumatlar silinib. Ona görə də mən məhkəmədən bu işə aidiyyətim olması barədə sübut təqdim etməsini istədim».

Elman Türkoğlu məhkəməyə bildirib ki, o, agent olmaması ilə bağlı arayış verməsi üçün MTN-ə müraciət edib. MTN də ona məhkəməyə müraciət etməyi məsləhət görüb, o da məhkəməyə müraciət edib.

Məhkəmə oktyabrın 10 saat 5-də davam edəcək.

***

Oktyabrın 9-da Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı məhkəmə iddiası üzrə iclas başlayıb.

Binəqədi rayon məhkəməsində qapalı keçirilən prosesə hakim Sədrəddin Hacıyev sədrlik edir.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxslərin ələ alınması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir.

Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

Şərhləri göstər

XS
SM
MD
LG