Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

-

AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun avtomobili saxlanıb və cərimə duracağına aparılıb. Yafəz Əkrəmoğlunun dediyinə görə, DYP əməkdaşları saxlanma ilə bağlı heç bir rəsmi səbəb göstərməyiblər:

«Oktyabrın 4-də Babək prospektində Bakı şəhər DYPİ-nin əməkdaşları heç bir əsas olmadan avtomobilimi saxladılar. Mənə bildirdilər ki, avtomobilə həbs qoyulub və cərimə duracağına aparılacaq. Tələb etsəm də tutarlı səbəb göstərə bilmədilər. Bunun qanunsuz olduğunu bildirib, həbslə bağlı rəsmi sənəd tələb etsəm də məhəl qoymadılar. Onların məni provokasiyaya çəkmək istəklərini duyub, mübahisəni kəsdim. Avtomobili əlimdən alıb, duracağa gətirdilər. Burada da hüquqlarım pozuldu. Avtomobilin duracaqda saxlanmasına dair heç bir akt təqdim etmədilər».

Jurnalist məsələni dərindən araşdırmaq üçün vəkil Yalçın İmanovla birgə oktyabrın 8-də Respublika DYPİ-də olub. Vəkil avtomobilin saxlanmasını qanunsuz sayır:

«Rəsmilərlə görüşdük. Tələb etdim ki, avtomobilin saxlanması ilə bağlı qərarın surətini göstərsinlər. Tutarlı bir səbəb açıqlamadılar. Məlum oldu ki, avtomobilin saxlanması tam qanunsuz və absurddur. Bu qanun pozuntusu ilə bağlı məhkəməyə müraciət edəcəyik».

«İNANMAQ İSTƏRDİM Kİ, FƏALİYYƏTİMLƏ ƏLAQƏSİ YOXDUR»

Jurnalist avtomobilinin saxlanmasında bəzi şübhəli məqamlara da diqqət çəkir:

«Artıq 4 gündür avtomobilim qanunsuz olaraq duracaqda saxlanır. Bu, məndə müəyyən suallar doğurur. İnanmaq istərdim ki, bu qanunsuzluq qəsd deyil və fəaliyyətimlə əlaqəsi yoxdur. Çünki oxşar vəziyyətlə bir neçə dəfə Naxçıvanda da rastlaşmışam. Sonradan məlum olub ki, baş verənlər mənim peşə fəaliyyətimi əngəlləmək məqsədi daşıyıb».

Yafəz Əkrəmoğlu indiyədək dəfələrlə təqib, təzyiq və hədələrə məruz qalıb. O, özəlliklə hədələrlə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına üz tutub. Müxbirə hədə-qorxu gələn şəxslərin telefon nömrələri həmin orqanlara təqdim olunsa da, onlar hələ hər hansı tədbir görməyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG