Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Ukraynanın ən böyük düşməni: korrupsiya - Mətbuat icmalı


-

Ukraynada əsgərliyə gedən öz puluna 2 min dollarlıq güllə buraxmayan jilet, ayaqqabı, dəbilqə almalıdır.

ABŞ İslam dövləti yaraqlılarını bombalayır, onlar isə şəhərləri tutmaqda davam edir.

Putinin növbəti hədəfi Qazaxıstan ola bilər.

Terrorçuluğu hələ heç kim hərbi yolla məğlub edə bilməyib.

Dünya mediası bu gün nədən yazır?

ABŞ qəzetləri son vaxtlar Ukraynanın ən qatı düşməni adı altında yazılar yazırlar. Bu qatı düşmən korrupsiya və rüşvətdir.

NATO-nun Ukraynadakı nümayəndəliyində köməkçi-mütəxəssis vəzifəsində işləyən Aleksandr Lapko New York Times qəzetində yazır ki, müharibə vaxtı korrupsiya ölümcül təhlükədir. O yazır ki, onun 33 yaşı var, Ukrayna uğrunda vuruşmaq istəyir və müharibəyə getməyə hazırdır. Ancaq dilemma ilə üzləşib: O bilir ki, əsgərin hərbi təchizatına lazım olanları almağa öz cibindən 2 min dollar pul verməlidir.

Niyə öz cibindən pul verib almalıdır? Çünki əsgərliyə yeni çağırılanları Ukraynanın müdafiə nazirliyi lazım olan müdafiə ləvazimatı ilə təchiz edə bilmir. Onlar bunu öz pullarına almalıdırlar. Ancaq onun 2 min dolları olsaydı, bundan istifadənin başqa yolu da var. O bu 2 min dolları verib, tibbi arayış ala bilərdi ki, guya sağlamlığı onun əsgərliyə getməsinə imkan vermir.

Müəllif yazır ki, o bunları göydən götürməyib. Onun öz qardaşı Ukraynanın şərqində Ukrayna ordusunda vuruşub.

Onu orduya göndərəndə onun ailəsi ona lazım olan hər şeyi öz puluna aldı. Artıq istifadədə olmuş, “secondhand” NATO uniformasına, bədəni güllədən qoruyan jiletə, dəbilqəyə, ayaqqabıya, dizliklərə 2400 dollar pul verdilər.

Müəllif yazır ki, bu pul onun ailəsində xoşbəxtlikdən var idi.

Bəs başqa ailələr? Ukraynada orta maaş ayda 260 dollardır.

Ukryanın baş prokurorluğu bu yaxınlarda elan etdi ki, Müdafiə nazirliyinin bəzi rəsmilərinə cinayət işləri açılıb. Həmin rəsmilər 5,6 milyon dollar pul xərcləyib, 17 min zirehli geyim alıblar, bunun isə keyfiyyəti aşağıdır, güllə bu jileti deşib-keçir. Şərq regionunda hərbi əmıliyyat zamanı bunlar onlarla əsgərin ölümünə səbəb olub.

Avqust ayında prezident Poroshenko müdafiə nazirliyinin ordunun təchizatı ilə məşğul olan iki rəsmisini korrupsiyaya görə işdən çıxartdı.

Ancaq onlar dövlət pullarının düzgün istifadə olunmamasında ittiham olunurlar, ölümlərə gətirən cinayətlərdə yox.

HAVA ZƏRBƏLƏRİ MƏQSƏDİNƏ ÇATMIR

Washington Post qəzeti yazır ki, ABŞ-ın İslam Dövləti yaraqlılarına qarşı hava zərbələri öz məqsədinə çatmır. 2 aydır ki, ABŞ İraqda hava zərbələrinə başlayıb, İslam Dövləti yaraqlıları isə irəliləməkdə davam edir. Keçən həftə Bağdadın şimalında Hit və Kurbaisa şəhərləri İD yaraqlıları alıb. Onlar Suriya ilə Türkiyə sərhəddində olan Kobani şəhərini də almaq üzrədir.

Bütün bunlar onu deməyə imkan verir ki, ABŞ-ın hava zərbələri hətta öz minimal məqsədlərinə çatmadı. Minimal məqsəd onların irəliləməsini dayandırmaq idi, maksimal hədəf isə onları dağıtmaqdır.

Qəzetin fikrincə, Obama hökuməti İraqa quru qoşunları yeritməlidir.

NÖVBƏTİ HƏDƏF KİMDİR?

Wall Street Journal qəzeti yazır ki, etnik rusların çox olduğu Estoniya qorxur ki, Ukraynadan sonra Rusiyanın hədəfi Estoniya olsun. Ancaq qəzet hesab edir ki, növbəti hədəf Estoniya yox, Qazaxıstan ola bilər.

Qazaxıstanın əhalisinin dörddə biri ruslardır. O, NATO-nun üzvü deyil, NATO-nun onu qorumaq öhdəliyi yoxdur.

Qazaxıstan SSRİ dağılandan sonra Ukrayna kimi bütün nüvə silahlarını Rusiyaya verdi. Ukrayna kimi Qazaxıstan da Rusiya üçün qiymətlidir.

QAZAXISTAN AVROPAYA YAXINLAŞIR

Wall Street Journal qəzeti Qazaxıstan prezidenti Nursultan Nazarbayevin məqaləsini dərc edib. Məqalə Qazaxıstanla Avropa Birliyi arasındakı münasibətlərə aiddir. O yazır ki, bu həftə Brüsselə gedir. Tərəfdfaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqları yekunlaşdırmaq üçün.

Prezidentin fikrincə, bu saziş Qazaxıstanın Avropa Birliyi ilə 20 illik sıx əlaqələrinin nəticəsidir və əlaqələri gücləndirəcək.

Qazaxıstanın ən böyük xarici ticarət tərəfdaşı Avropa Birliyidir. Qazaxıstanın xarici ticarətinin yarıdan çoxu Rusiya və Çinin yox, məhz Avropa Birliyinin payına düşür. Keçən il Qazaxıstanın Avropa Birliyi ilə ticarət dövrüiyyəsi 53,4 milyard dollar olub.

Qazaxıstana qoyulan birbaşa xarici investisiyaların yarıdan çoxu- 100 milyard dolları Avropa Birliyi ölkələrindən gəlib.

Nazarbayev yazır ki, Brüsseldə Qazaxıstanla Avropa Birliyi arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmsı Qazaxıstan-Avropa Birliyi əlaqələrində yeni mərhələ açacaq.

TERRORÇULUĞU HƏLƏ HEÇ KİM HƏRBİ YOLLA MƏŞLUB EDƏ BİLMƏYİB

Guardian qəzeti yazır ki, terrorçuları heç vaxt hərbi yolla məğlub etmək mümkün olmayıb. Vaxtilə Şimali İrlandiyada sülh prosesinə vasitəçilik etmiş Jonathan Powell yazır ki, terrorçuluğu kəşfiyyat və polislə də məğlub etmək mümkün deyil. Hərçənd polis və kəşfiyyat terror hadisələrinin qabağını alır. Bu isə siyasi prosesə vaxt qazanmaq üçün çox mühümdür. Müəllif yazır ki, Şimali İrlandiyada, Basklar ölkəsində hər şey sonda danışıqlarla həll olundu.

Siyasi yolun tərəfdarı olan müəllif yazır ki, hərbi yolla müvəqqəti uğur qazanmaq olar, bir neçə ildən sonra isə problem yenidən baş qaldırır. 1982-ci ildə Suriya lideri Hafez Assad Hama şəhərində minlərlə insanı qırmaqla sünni üsyanını yatırtdı, 30 ildən sonra onun oğlu Bashar Assad eyni üsyanla üzləşdi.

Müəllif yazır ki, o, 2008-ci ildə Britaniya hökumətini tərk edib. O həmin vaxt Guardian qəzetində hamı ilə mübahisə edirdi ki, Hamasla da danışmaq lazımdır, Talibanla da. Bunu Britaniya hökumətinin üzvləri heç vaxt qəbul etməyiblər. Onların arquimenti budur ki, Şimali İrlandiya və Badk terrorçuları ayrı, Taliban, Hamas ayrıdır. Powell isə yazır ki, onlar iki məsləsni qarışdırılar. Terrorçu ilə danışqmaq onunla razılaşmaq demək deyil.

O yazır ki, indi dünya terrorizmin 4-cü dalğasını yaşayır. Əvvəlkilər anarxistlər, millətçilər və marksistlər idi. Bu dalğa o birilərdən doğrudan da o qədərmi fərqlidir ki, əvvəlkilərlə mübarizədən heç nə götürmək mümkün olmasın. Bəziləri deyir ki, uzaqbaşı maşında bomba partladan Şimali İrlandiya terrorçularından fərqli olaraq indiki terrorçular minlərlə insanı qırmaq istəyir. Ancaq müəllif yazır ki, bu da yeni deyil. Anarxistlər və ya marksistlər də vaxtilə eynilə belə idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG