Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09

XİN: «Qondarma rejim ilə sənəd imzalaması Fransa qanunvericiliyinə ziddir»


-

Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qeyri-qanunidir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev açıqlama yayıb. Həmin səfər zamanı Şuşa şəhəri ilə Burq Le Valans arasında “dostluq haqqında bəyanat” da imzalanıb. Açıqlamada deyilir:

“Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının qanunun pozulmasıdır. Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejim ilə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir”.

XİN bildirir ki, “Fransa Prezidenti Francois Holland-ın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır. Marlen Muryer işğal olunmuş qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir”.

“Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır,” açıqlamada daha sonra deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG