Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

Ağsu sakinləri: "Məmur da özləridir, sahibkar da..."


Ağsunun Kalva kəndində mədəniyyət evi
Ağsunun Kalva kəndində mədəniyyət evi

"Ağsu sakinləri göydə Allaha, yerdə prezidentə güvənir. Ona görə də icra başçısının zülmündən prezidentə şikayət edirik. Səsimizə səs versin”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə bir qrup Ağsu sakini yazıb. Onlar rayondakı vəziyyətdən narahatlıqlarını bildirirlər:

“BURADA HAMI ƏMLAKINI ARTIRMAQLA MƏŞĞULDUR”

“Bütün vəzifələrdə demək olar ki, başçının və icra hakimiyyətində yüksək vəzifə tutanların qohum-əqrəbaları, dost tanışları yerləşdirilib. Ağsu bir qrup insanın əlində qalıb. İstədikləri kimi idarə edirlər. Daha doğrusu, bu məkanda idarəçili itib. Hər kəs cibini doldurmaqla, əmlakını artırmaqla məşğuldur. Rayonda arxası olmayan şəxsin iş qurması, böyük təsərrüfat sahibi olması isə sadəcə xəyaldır. Əgər kimsə bu işə qol qoyarsa, dərhal başçının şəbəkəsi tərəfindən çökdürülür. Bir sözlə, məmur da özləridir, sahibkar da..."

“SAHİBKARLAR BEZİBLƏR”

Fermerlər yazırlar ki, rayonda hətta kiçik sahibkarlıqla məşğul olanları dab u işdən bezdirirlər. Tez-tez yersiz pullar yığmaqla…

“Sahibkarlar icra başçısının “rasxodlarını” ödəməkdən beziblər. Bu pullar abadlıq işləri adıyla yığılır, ortada isə hansısa abadlıq işi yoxdur”.

Yazılanlara görə, rayonda yol, qaz, işıq, su, kanalizasiya problemləri illərdir ki, həllini tapmır:

“Qarşıdan qış gəlir. Biz yenə də meşələrə ümid bağlayırıq. Hesabatlarda Ağsunun kəndlərinə qaz çəkildiyi göstərilsə də, ağ yalandır. Bu hesabatları yoxlayan olsa, görərlər ki, hamısı saxtadır. “Qaz borularının əksəriyyəti qaz verilmədiyindən paslanıb, çürüyüb”.

Yazırlar ki, rayonun mərkəzində bir müddət əvvəl başlanan qazıntı işləri yarımçıq qalıb. Yağışlar yağdısa, yollar keçilməz olur. Sakinlər bu qazzıntıların rayonda iş getdiyini sübut etmək üçün görüntü olduğunu hesab edirlər.

PREZİDENTDƏN KÖMƏK İSTƏNİLİR

Məktub belə bitir: “Cənab prezident. Xahiş edirik, Ağsuya diqqətinizi artırasınız, qarşıdakı qışda donmamağımız üçün əlaqədar təşkilatlara taspşırıqlar verəsiniz. Sahibkarlara sərbəst fəaliyyət üçün mane olanları cəzalandırasınız”.

Ağsu sakinləri icra başçısının nazirlərdən birinin qohumu olduğunu və ona güvəndiyini yazırlar.

Rayonun icra başçısı Ənvər Seyidəliyev isə bu ilin birinci rübünün yekunlarına dair yığıncağında başqa sözlər deyib. O, bildirib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən (2004-2013) iki Dövlət Proqramı uğurla başa çatdırılıb. Bu müddətdə yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb. Yollar, küçə və meydanlar asfaltlanıb. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri yaradılıb.

Əhalinin və iqtisadiyyatın bütün sahələrinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun tikintisi və əsaslı təmiri istiqamətində xeyli işlər görülüb.

Başçının hesabatına görə, bu müddət ərzində kənd təsərrüfatının inkişaf etdirilməsi də diqqət mərkəzində olub. 2014-cü ilin məhsulu üçün 36708 ha sahədə payızlıq taxıl əkilib. Bundan da 17869 ha buğda, 18839 ha arpa əkini təşkil edir.

”Aqrolizinq” yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 352,8 ton azot fosfor gübrəsi satılıb. Yazlıq bitkilərin əkin kompaniyasına başlanılıb, 01.04.2014-cü il vəziyyətinə rayonda 617,4 ha sahədə əkin aparılıb.

Başçı bildirib ki, bu ilin birinci rübündə də rayonda sahibkarlığın inkişafı dəstəklənib. Ağsu şəhərində və kəndlərində onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri açılıb.

XS
SM
MD
LG