Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:08

İmişlidə yaşayan söz adamı haqqında bir neçə söz... [Video]


İmişlidə yaşayan söz adamı haqqında bir neçə söz...
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

İmişlidə yaşayan söz adamı haqqında bir neçə söz...

-

Mirzeynal Fəttahovu İmişlidə hamı tanıyır. Təkcə ona görə yox ki, 27 ildir orta məktəblərdə ana-dili və ədəbiyyatı fənnini tədris edir. Həm də ona görə ki, rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir.

Ancaq bu hələ hamısı deyil. O, İmişlidə “söz xiridarı” kimi də tanınır.

Şerləri ağır məclislərdə ustadnamə, toylarda xeyir-dua əvəzi olaraq, yas məclislərində isə ağı kimi deyilir. Misraları nota da düzülüb, məzar daşlarına da yazılıb. Həyətində saldığı bağda Aran bölgəsi üçün nadir hesab edilən meyvə ağacları və gül kolları yetişdirib.

Təhsil işçilərinin peşə bayramı ərəfəsində onun qonağı olduq. Söhbətimiz bağla tanışlıqdan başladı, həyətdə açılmış çay süfrəsi başında davam etdi.

ŞƏXSİ TƏSƏRRÜFATDA EHSANLIQ BAĞ

Bağ sahəsi elə də böyük deyil. Amma kiçicik bir yerdə nələr yoxdu: növbənöv alma, armud, alça, gavalı, ərik, nar, əzgil, qarağat. Üzüm tənəkləri xar tutun başına dolanıb. Ağacların altında nərgiz, qarçiçəyi, zanbaq, nanə, reyhan, cəfəri, çiyələk boy verib. Yaz aylarında lalələr dizə çıxır, yemlik qalxır.

Mirzeynal Fəttahov meyvə bağında
Mirzeynal Fəttahov meyvə bağında

Mirzeynal müəllim deyir ki, bağ-bağat mətbəxlərini də ədviyyatla zəngin edib:

“Bizdə dovğaya, kətəyə bəzən 28 adda tərə qatılır. Bəzi qazan yeməklərinə meyvə də əlavə edirik.”

O, bu bağı 1987-ci ildə Bakıdan rayona qayıdandan sonra saldığını deyir:

“Burada atamın əkdiyi bircə armud ağacı qalıb. Bəzi ağacların isə tumunu quşlar dimdiyində gətirib atıb. Yetişən meyvələri təkcə ailə üzvlərim istifadə etmir, validieynlərimin, baba və nənələrimin ehsanı kimi paylanılır. Təzə yurda köçənlərə ağacların çiliyindən, balalarından verirəm ki, aparıb əksinlər.”

AĞACLARIN NAZI İLƏ OYNAYIR...

Mirzeynal Fəttahov hər ağaca övladı kimi baxır:

“İnanın ki, onların nazı ilə oynayıram. Ağacların da, digər canlılar kimi, qayğı ummağı, küsməyi var. Hansısa ağaca bir müddət əlim dəyməyəndə, budağını, yarpağını oxşamayanda gözümə bikef görünür. Meyvəsini rahat yığmağım üçün alça ağacının kiçicik budağını kəsmişdim, ondan sonra qurudu.”

Nə qədər qəribə olsa da, onun bağındakı meyvələr ildə adətən iki dəfə məhsul verir. Amma deyir ki, ayrıca götürülən bir il heç də bütün meyvə ağacları üçün düşərli olmur:

İmişli, üzüm
İmişli, üzüm

“Bu il üzüm ağaclarından biri bəlkə 1 ton bar gətirmişdi. Amma meyvə tam yetişməmiş zaval gəldi və məhsul elə ağacın üstündəcə xarab oldu.”

Amma o, bir inanclı insan kimi ağacların ömrünün, hansının nə qədər məhsul gətirməyini Allahdan asılı olduğunu düşünür:

“Düzdür, zəhmət çəkirəm, amma yetirən Allahdır. Sərf etdiyim əməyə görə meyvəsi, çiçəyi ilə məni mükafatlandırır.”

Bağda artezian quyusu var, ağac və ot bitkiləri yerin 40 metr dərinliyindən çıxan su ilə suvarılır. Bundan ötrü dəmir borulardan supaylayıcı şəbəkə yaradılıb. Budaqları sınmasın deyə çox zaman nərdivandan istifadə edilir.

O, bu bağı ilk və son mənzili kimi görür:

“Vaxtilə bu bağın yerində, bax bu armud ağacının altında torpaq kərpicdən tikilmiş, ikimərtəbəli evimiz olub. Anamın quru ayaqları üstünə başımı qoyub, onun laylası ilə yatmışam. Bu, indiyədək ən rahat yerim olub. Yaxınlarıma demişəm ki, öləndə məni çöl-biyabanda yox, elə bu yerdə basdırın.

ÖMÜR KİTABI

Stol arxasına keçərkən eynəyini taxır. Əvvəlcə əlinə səliqəli şəkildə əlyazmaları toplanılan iş dəftərini götürür. Bu, onun cəmi 1 nüsxədən ibarət olan ilk kitabı da hesab oluna bilər. Deyir sağlığında kitab çap etdirmək niyyəti olmayıb:

“Sizinləyəm mən”, Mirzeynal Fəttahov
“Sizinləyəm mən”, Mirzeynal Fəttahov

“Bacım qızı dedi, dayı, sənin mətbuatda çap olunan şerlərini başqasının adına çıxırlar, yaxşı olar ki, onları bizə ver, kitab nəşr etdirək. Onun sözündən keçə bilmədim. Beləcə “Sizinləyəm mən” adlı şer kitabım araya-ərsəyə gəldi. Məktəbimizdə müəllim yoldaşlarım və şagirdlərim onun təqdimatını təşkil etdilər.”

Mirzeynal Fəttahov deyir ki, söz sənətinə lap uşaq yaşlarından bağlanıb: “Orta məktəb illərində yazdığım şerdə bu misra var:

“Nəğməkar desinlər mənə də bir gün.” Bəlkə də bu avaz Allahdan idi. Ola bilsin ki, anamın bayatılarından, atamın öyüd-nəsihətlərindən ilk misramı tapmışam.

Amma Şəhriyarın sözündə həqiqət var: şair anadan şair doğulur.”

“MƏN MƏSUL VƏZİFƏ DƏ DAŞIMIŞAM, AMMA...”

Pedaoji fəaliyyətə 1987-ci ildə İmişli şəhərindəki 5 saylı orta məktəbindən başlayıb. Hazırda şəhərin 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində ana dili və ədəbiyyatı fənnini tədris edir. O, bu işi də ruhunun ehtiyacı hesab edir:

“Mən məsul vəzifə də daşımışam, ictimai işlərdə də iştirak etmişəm. Amma daha çox müəllim olmaq, lövhə qarşısında dayanıb bildiklərimi xalqın balalarına öyrətmək istəmişəm. İnsanlar üçün bir xeyirxah iş görəndə, yıxılanı qaldıranda, büdrəyənin qolundan tutanda, dilbilməzə dil öyrədəndə rahatlıq tapıram.”

“TUTDUĞUM HAQQ YOLUDUR”

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı başlananda, o da bu hərəkata ilk qoşulanlardan olub. Özü də sıra nəfəri olaraq yox, Azərbaycan Xalq Cəhhəsi İmişli rayon şöbəsinin ilk idarə heyətinin üzvü kimi. 1990-cı ilin 20 yanvar hadisəsindən sonra İmişli şəhərinin baş meydanında keçirilən izdihamlı mitinqlərdə alovlu çıxışları, mübarizəyə çağırış ruhlu şerləri ilə yadda qalıb. Şəxsi bioqrafiyasına yazılan yeganə cəza da bu fəaliyyətinə görə olub:

İmişli,1 saylı məktəb-lisey.Mirzeynal Fəttahov
İmişli,1 saylı məktəb-lisey.Mirzeynal Fəttahov

“Şahverdili kəndindəki meşədə konfransımız olmuşdu. Tədbirdən sonra mən də daxil konfrans iştirakçılarının bir neçəsi həbs olundu. 13 gün bizi həbsdə saxladılar. Mən oğruluq, əliəyrilik, saxtakarlıq üstə yox, xalqımın azadlığı yolunda tutulduğuma görə fəxr edirəm. O çətin günlərdə yoldaşlarım anamı darıxmağa, dərd çəkməyə qoymayıb.

Çıxanda anam dedi ki, oğul, maşallah, sənin nə çox dostun, istəyənin varmış!”

Onun haqq savaşı bu gün də bitməyib. Bir şerində deyir:

“Tutduğum haqq yoludur, mən bilirəm, çox da uzun,
Bu yolun məslək üçün darlığını görmədim heç.”

Başqa bir şeri isə onun bütün bu verdikləri əvvəzində “qazancından” xəbər verir:

Əl-ələ, baş-başa çatır aylığım,
Ay atam ocağı, məni bağışla.

“AYLAR, İLLƏR NƏ TEZ GƏLİB ÖTÜŞDÜ...”

Mirzeynal Fəttahov 62 yaşının içindədir. 2 oğlu, 1 qızı, 4 nəvəsi var. Amma o, bu yaşda da hər kəsi təəccübləndirən hərəkətlərdən qalmır: ağaca dırmaşır, turnikdə dartınır, ağır daşları qaldırır, ov edir. Deyir:

“Qocalıq da bir nemətdir, görən gözün, yeriyən ayağın, quran əlin, bir də bal dilin ola...”

XS
SM
MD
LG