Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:34

«Parisdən məktublar»... Parisdə oxundu


Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Topçubaşov

-

Oktyabrın 6-da dövlət xadimi, Azərbaycan davasının fədakar mübarizlərindən olan Əlimərdan bəy Topçubaşovun həyatı və siyasi fəaliyyətinə həsr olunmuş “Parisdən məktublar” sənədli film Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilib.

AzərTAc-ın yaydığı xəbərə görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək “Parisdən məktublar” filminin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun əziz xatirəsinə həsr olunduğunu, ötən il bu görkəmli siyasi xadimin anadan olmasının 150 illiyinin təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.

Əlimərdan bəy Topçubaşovun 1863–cü il mayın 4-də Tiflisdə anadan olduğunu xatırladan səfir, onun qısa bir vaxtda siyasətə gəldiyini, xarici işlər naziri vəzifəsindən sonra Xalq Cümhuriyyəti parlamentinin sədri seçildiyini, Parisdə keçirilən sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyini xüsusi vurğulayıb.

Səfir Fransada mühacirət həyatı yaşayan Ə. Topçubaşovun dövrün tanınmış siyasətçiləri və dövlət başçıları ilə --J. Klemanso, L. Corc, V. Vilson, F. Nitti və s. keçirdiyi görüşlərdən danışıb.

Sonda səfir uzun illər Fransada diplomat kimi fəaliyyət göstərən və azərbaycanlı mühacirlərin tapılıb üzə çıxmasında xüsusi əməyi olan filmin məsləhətçisi Ramiz Abutalıbova, rejissor Tahir Əliyevə və ssenari müəllifi İntiqam Qasımzadəyə belə dəyərli filmi ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib.

Ramiz Abutalıbov yaradıcı kollektiv adından iştirakçıları salamlayıb, Ə. Topçubaşovun oğlu Ələkbər bəylə özünün və Aleksandr Nikolskinin yaxından dostluq etdiyini xatırladıb.

Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Ələkbər bəy Topçubaşovun tələbəsi olan Aleksandr Nikolski çıxışında müəllimi barədə xatirələrini bölüşüb. Sonradan yalnız müəllimi deyil, həm də, dostu olan Ələkbər bəyin ona atası Əlimərdan bəy Topçubaşovdan bəhs etdiyini bildirib.

Xəbərdə bildirilir ki, “Parisdən məktublar” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

XS
SM
MD
LG