Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:59

-

“Azadlıq” qəzeti Milli Şuranın sədri Cəmil Həsənlinin yeni bir təxribatla üz-üzə qaldığını yazır. Belə ki, onun qızı Günel Həsənli avtomobillə adam vurub, hadisəni gizlətməkdə ittiham olunur.

“Hiss olunur ki, Milli Şura sədrinə ondan qızı ilə intiqam ala biləcəkləri mesajını verirlər,” qəzet yazır. Cəmil Həsənli qəzetə müsahibəsində deyir ki, qızıyla bağlı baş verənlər daxili işlər nazirliyi və xüsusi xidmət orqanları tərəfindən başlanmışdı.

“Onun bütün hərəkət trayektoriyasını izləyirdilər. Əvvəlcə öz təbiətlərinə uyğun bir şey "tapmağa" üstünlük verirdilər. Belə bir hal aşkar edə bilmədilər və bu istiqamətdə ümidləri doğrulmadı. Lakin sentyabrın 15-də dərslər başlayandan sonra onun günortalar uşaqlarını hər gün məktəbdən gətirməsi gündəlik hərəkət marşurutu idi. Çünki bizim binanın və xüsusilə qarajın qarşısında çoxdan nəzarət qoymuşdular. Üzərinə taksi tanınma nişanı qoyulmuş maşınlarda oturub gözləyirdilər. Bəzən maşınların üzərinə Rusiya nömrələri də yapışdırılırdı. İzləməni itirəndə guya “uqon” maşın axtarışı məqsədilə qaraja girib Günelin və mənim maşınımın yerində olub olmadığını dəqiqləşdirirdilər. Nə vaxt gedib gəldiyimizi qeydə alırdılar. Hadisənin törədildiyi cümə günün özü də təsadüfü seçilməmişdi. Sadəcə həmin vaxt qonşuluğumuzda olan İlahiyyat məscidinə cümə namazına gələnlərin sayı çox olduğundan adam və maşın əlindən tərpənmək mümkün olmur. Əməliyyatın məhz həmin yerdə və həmin saatda həyata keçirilməsi təsadüfü deyildi. Təsəvvür edin ki, hər gün yüzlərlə belə və bundan daha ağır hadisələr baş verir. Daxili işlər nazirliyi bunların hansı haqqında xüsusi açıqlama ilə çıxış edir? Elə son bir ay ərzində son dərəcə ağır, çoxlu sayda insan itkisi ilə nəticələn yol-nəqliyyat hadisələri baş verib. Belə hadisələr olsa-olsa avtomobil müfəttişliyinin, Yol Patrul Xidmətinin məlumatlarında yer alır. Amma diqqət yetirin Günel Həsənli ilə bağlı baş verən olayda ölüm hadisəsi yox, xəsarət yox, lakin bilavasitə DİN özü açıqlama ilə çıxış edir. Bu yalnız mənə görə, mənim vətəndaş mövqeyimə, siyasi fəaliyyətimə görə idi.

- DİN-in sözçüsü Ehsan Zahidovun açıqlamasında isə deyilir ki, Günel həkimə yalan danışıb, qadın yıxılıdığını bildirib...

- Biz ötən dəfə müayinə prosesində polisin iştirakını foto materialla ortaya qoyduq. Necə ola bilər ki, Daxili İşlər Nazirliyinin əməkdaşının iştirakı ilə Respublika Xəstəxanasının qəbul otağında belə bir söhbət olsun. Adilə xanım hələ maşında xəstəxanaya gedəndə özü deyib ki, sınığım olsa şikayətçiyəm, olmasa deyəcəm yıxılmışam. Günel xəstəxananın qəbul otağında sorğulara cavab olaraq deyib ki, bu qadın mənim maşınıma toxunub. Müayinədən sonra sınıq və xəsarət izləri olmadığından, məhz Adilə xanım özü deyib ki, mənim başım fırlanıb yıxılmışam və bu qız da məni gətirib bura. Onun sözləri qeydiyyat kitabına yazılıb, xanım da imzası ilə onu təsdiq edib. Bu qeydin surəti bizdə var və lazım olsa, ortaya qoyulacaq. Yəni cənab Zahidovun açıqlamasının bu hissəsi də bizə münasibətdə böhtan xarakteri daşıyır.

- Bəs onda DİN niyə qəflətən bu məsələyə qayıtdı?

- Bunun səbəbi başqadır. İndi mən sizə izah edim ki, DİN-in mətbuat xidməti niyə axıra qədər öyrənmədiyi və müvafiq orqanların bilərəkdən qeydə almadığı bu hadisə barədə yalan açıqlama verdi. Bu açıqlama Güneldən daha çox mənə aid idi. Məsələ burasındadır ki, biz sentyabr ayının sonlarında siyasi məhbusları müdafiə etmək məqsədilə mitinqlər barədə müzakirələr aparırdıq. Sentyabrın 29-da AXCP-nin Rəyasət Heyəti məsələni müzakirə edib müsbət qərar qəbul etmişdi. Bir gün sonra isə Milli Şura qərar verməli idi. Məhz sentyabrın 29-da Güneli polisə çağırdılar və müvafiq polis orqanlarına məlum olan “hadisəni” rəsmiləşdirdilər. Adilə xanım isə məhz polis işçilərinin tövsiyəsi ilə “xəsarət aldığını” yenidən xatırlamış və hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdu. Təhqiqat zamanı əvvəlcə Günelin maşınına baxış keçirib onu buraxmaq istəsələr də, yuxarıdan gələn zəng maşının cərimə meydançsına göndərilməsi ilə nəticələnmişdi. Yeri gəlmişkən, baxış keçirilməsi başa çatdırılsa da, hadisə yerində və maşında hər hansı bir izin olması müəyyən edilmədiyi mənim iştirakımla Günelə elan edilsə də, bu günə qədər onun maşını cərimə meydançasından buraxılmayıb.

Biz sentyabrın 30-da Landmarkın 19-cu mərtəbəsindəki restoranda çay stolu arxasında mitinqlərə başlamaqla bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin müzakirəsini keçirdik. Həmin vaxt DN-in müvafiq idarəsinin iki əməkdaşı da bizimlə bərabər qonşu stolda “çay içir” və şübhəsiz ki, bizi dinləməkdən ibarət olan vəzifələrini də yerinə yetirirdilər. Mən onları tanıyırdım və biz mümkün qaydada DİN əməkdaşlarının bizi dinləmələrini təsbit etdik. Görünür, dinlənilən müzakirənin nəticələri hakimiyyət orqanları üçün elə də ürək açan olmayıb və məhz bundan sonra bizə qarşı əməliyyatın ikinci mərhələsinə start verildi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG