Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:20

SSRİ dövründə çəkilən filmlərin rəqəmsal surəti hazırlanacaq


Rusiya Dövlət Film Fondu

Rusiya Dövlət Film Fondu

-

Rusiya Dövlət Film Fondu yaxın günlərdə bütün keçmiş SSRİ məkanına daxil olan ölkələrə filmlərini rəqəmsallaşdırmaq üçün maliyyə ayırmaq barədə rəsmi təklif göndərəcək.

Xəbəri “İzvestiya” qəzeti bu qurumun başçısı Nikolay Borodaçova istinadla yayıb.

Pul ödəsələr, əvəzində respublikalar keçmiş SSRİ dövründə çəkilən filmlərin rəqəmsal surətini ala biləcəklər.

Xəbərdə deyilir ki, artıq Ukrayna və Litva filmlərinin rəqəmsal versiyasını əldə etmək istədiklərini bildiriblər.

Gürcüstan da bu təklifə qoşulmaq arzusunu dilə gətirib.

Rusiya Dövlət Film Fondunun bu qərarı verməsinə səbəb fondda saxlanan və rəqəmsallaşmanı gözləyən 50 min kinolentə ayrılan dövlət maliyyəsinin yetərsizliyidir.

Fond bu işə görə dövlətdən 5-6 milyard rubl istəsə də, bu prosedura cəmi 2 milyard ayrılıb.

Bu səbəbdən, Azərbaycanın, Ermənistanın, Belarusun, Latviyanın və b. keçmiş sovet ölkələrinin filmlərinin rəqəmsallaşmasına pul çatmaya bilər.

Dövlət Film Fondunda bu ölkələrin 6 minə qədər filmləri saxlanılır. Onlardan 2 mini Ukraynanın, 700 –ü Gürcüstanın, 600-ü Belarusun, 500-ü Özbəkistanın, 200-300-ü isə yerdəqalan respublikalarındır.

Xəbərdə vurğulanır ki, rəqəmsallaşma işi ləng gedir. 2002-ci ildən bəri arxivin cəmi üçdə ikisi müasir formata salınıb.

Rusiya Dövlət Film Fondu bu işi öz gücünə ancaq 30-40 ilə başa çatdıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG