Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:40

Latviya Putin-in növbəti hədəfi ola bilərmi?


-

Keçmiş sovet respublikası, indi isə NATO üzvü olan Latviyada şənbə günü keçirilmiş parlament seçkilərində ölkənin sağ-mərkəzçi hökumətinin uğur qazandığı xəbər verilib.

Maliyyə böhranının gətirdiyi çətinliklər hazırkı hökuməti elektoratın gözündən salmışdı, lakin Ukraynada baş verən hadisələr adamları iqtisadiyyata yox, siyasət və təhlükəsizliyiə səs verməyə vadar etdi – deyilir Reuters agentliyinin xəbərində.

Xəbərdə bildirlir ki, Rusiyanın Baltikyanı regiondakı niyyətlərindən xofa düşən elektoratın 58 faizi koalisiya hökumətinə daxil üç partiyaya səs verib.

Latviyanın Mərkəzi Seçki Komissiyası səslərin 98 faizindən bir qədər azının hesablandığını elan edib.

MSK-nın məlumatına görə hakim koalisiyaya daxil Birlik Partiyası, Millətçi Alyans və Yaşıllar və Fermerlər Alyansı səslərin 58 faizini toplaya bilib.

Lakin ölkənin rusdilli və rus əhalisi tərəfindən qızğın dəstəklənən Yekdillik və ya Harmoniya partiyası bu seçkilərdə səslərin 24 faizinə sahib olub və təklikdə ən çox dəstək almış partiyadır.

Baş nazir Laimdota Straujuma vəziyyəti səmimi izah edib: “Bu seçki Ukraynada baş verənlərə görə fərqli seçkidir. Vəziyyət yenidən gərginləşir və adamlar narahatdırlar. Axı biz Rusiya ilə həmsərhədik”.

Mətbuat yazır ki, hazırkı hökumət ölkənin avrozonaya daxil olması və böhrandan çıxarılması üçün qənaət siyasəti yürütməyə məcbur olub, bu isə əhalinin gəlirlərinin azalmasına gətirib çıxarıb.

Bununla belə, Latviya indi Avropanın ən sürətlə artan iqtisadiyyatlarındandır.

Rusiyadan qorxu seçkinin qalibi oldu

Yekdillik partiyasının tərəfdarları əsasən 2 milyonluq ölkə əhalisinin dörddə birini təşkil edən ruslardır.

Bu partiya rus dilinin Latviyada ikinci dövlət dili olmasını istəyir və Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən parlament qətnaməsinin əleyhinə səs verib.

Yerli təhlilçilər bildirirlər ki, Kremlin “xaricdəki rusları qorumaq” siyasəti, Krımın ilhaqı və Rusiyanın Şərqi Ukraynada törətdiyi qanlı münaqişə latışları əməlli-başlı qorxuya salıb.

Parlament seçkilərində hazırkı hökumətə daxil üç partiya yalnız koalisiyada rusofil Yekdillik partiyası üzərində üstünlük qazan biliblər.

Putin - Latviya ruslarının prezidenti

Qərb mətbuatı yazır ki, Yekdillik Partiyasının lideri, paytaxt Riqa şəhərinin meri, milləyyətcə rus Nil Ushakovdur.

Ushakov Latviya ruslarının yeni nəslini təmsil edir. Artıq qeyd olunduğu kimi, böyük bir ehtimalla onun partiyası parlament mandatlarının dörddə birinə sahib olacaq.

Millətçiləri də ən çox narahat edən budur ki, əgər bir gün Ushakovun partiyası hökumət təşkil edəcək olarsa, Latviyada Kremlin nüfuzu daha da artacaq.

Bu da vurğulanır ki, Yekdillik Partiyası Rusiya prezidenti Vladimir Putinin Vahid Rusiya Partiyası ilə sıx əlaqələrə malikdir.

Lakin bundan da qorxuducu məqamlar var. Ushakovun özü Rusiya telekanallarından birindəki çıxışında Vladimir Putinə münasibəti barədə suala onun “hazırkı Latviya üçün ən münasib Rusiya prezidenti” olduğunu söyləyib.

Mətbuat yazır ki, Ushakov latışca səlis danışır və əgər rus dilinin ikinci dövlət dili kimi tanınmasına cəhdlər etməsəydi, onun Yekdillik Partiyası seçkilərdə daha çox səs qazana bilərdi.

Latviyanın səssiz rusları

Bu da nəzərə alınmalıdır ki, Latviyada etnik rusların böyük bir qisminin hələ də səsvermə hüququ yoxdur.

Latviya Sovet dövrünü “işğal” hesab etdiyindən 1991-ci ildə müstəqil olarkən əcdadları Latviyada 1940-cı ildən əvvəl Latviyada yaşamayanların vətəndaşlığını ləğv edib. “Qeyri-vətəndaş” sayılan bu şəxslər vətəndaşlıq əldə etmək üçün Latviya tarixi və mədəniyyətindən, habelə latış dilindən imtahan verməlidirlər.

Etnik rus olan tarixçi və insan haqları fəalı Viktor Gushchin deyir ki, əhalinin 10 faizinin səsvermə hüququ olmayan ölkədə demokratik seçkidən söhbət gedə bilməz.

O Latviyanı “faşist qayda-qanunu üzərində qurulmuş” ksenofob və rusofob ölkə adlandırır.

Bu isə artıq Moskvanın Ukraynaya qarşı işlətdiyi dava-dava ritorikasını xatırladır.

Putin sağ olsun ki…

Mətbuat xəbər verir ki, müstəqillik tarixində ilk dəfə olaraq Latviyada rusdilli radioteleviziya yayınına vəsait ayrılıb.

“The Guardian” qəzeti yazır ki, seçkiqabağı debat proqramı aparan milliyyətcə rus jurnalist Oleg İgnatiev radikal millətçiləri çıxmaq şətilə ilıə bütün iştirakçılardan rusca danışmağı tələb edib.

“Latviyadakı rusların əksəriyyəti daha avropapərəstdirlər və onlar Latviyada yaşamağı xoşlayırlar, lakin hökumət onları 5-ci dəstə kimi qiymətləndirir, - deyib İgnatiev, - Vladimir Putinə Ukraynadakı hərəkətlət üçün təşəkkür düşür ki, birdən birə ruslar prosesə daxil edildilər, səsləri lazım oldu”.

Latviya siyasətçilərinin əksəriyyəti bu cür iddiaları rədd edir və bildirirlər ki, Latviyada heç bir etnik problem yoxdur. Onların fikrincə, problem cəmiyyətdə yox, hər iki tərəfdən olan ekstremist siyasətçilərdədir.

Latviya Ukrayna deyil

Latviya parlamentinin xarici işlər komitəsinin sədri Ojars Kalnins deyir ki, heç kəs Rusiyanın Latviyanı işğal edəcəyi barədə versiyalara ciddi baxmır. Ən azı Latviya Ukraynadan fərqli olaraq NATO üzvüdür.

Bununla belə Kalnins narahatdır ki, Rusiya Latviyanın daxili işlərinə siyasət vasitəsilə müdaxilə edə bilər.

“Real strategiya Balltikyanı ölkələri hərbi qüvvə ilə işğalı etməkdən yox, ölkə üçün uzunmüddətli problemlər yaratmaqdan gedir” – deyir Kalnins.

Onun fikrincə, Putin Baltikaya nifrət edir və Sovet İttifaqının bərpasına çalışır.

“Çox mühümdür ki, biz Rusiya siyasətçilərinin siyasi hakimiyyətə gəlib bizi Kremlə satmalarına və müstəqillyimizi məhv etmələrinə imkan verməyək” – deyir Ojars Kalnins

Bəzi təhlilçilər isə bildirilər ki, Latviyada rusların səs verə biləcəkləri latış partiyası sadəcə olaraq yoxdur və səslər milli mənşə əsasında verilir.

Onların fikrincə, bu mənada Nil Ushakov-un partiyası vakuumu doldurur. Bu, ən azı rusların hər hansı Kremlpərəst divanəyə qoşulmalarından yaxşıdır.

Rusiya partiyası üstün gəlib, amma…

Seçki nəticələri göstərib ki, Ushakov-un qeyri-rus elektoratın səslərini qazanmaq cəhdləri baş tutmayıb.

Onun partiyası 100 deputatlıq parlamentdə 25 mandata malik ola biləcək. Bu ötən seçkilərdəkindən 6 mandat azdır.

“Rusiya partiyası” bu seçkidən də ən böyük siyasi partiya kimi çıxsa da, başqa heç bir partiya onlarla koalisiyaya girmək istəmir.

Latviya prezidenti Andrins Berzins seçki nəticələri barədə şərh verərkən deyib ki, hakim koalisiyaya daxil partiyalar seçkilərdən aşkar və inandırıcı çoxluqla çıxıblar.

Konstitusiyaya görə indi siyasi partiyalar arasında gələcək koalisiyaya dair danışıq və məsləhətləşmələr aparılacaq.

Lakin əksər təhlilçilərin fikrincə, Latviyada siyasi balans əvvəlki kimi qalacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG