Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:05

İranlı tələbələrin aksiyasına ATU-dan reaksiya gəldi


Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

-

«İRAN ATU-YA, BİZİM MÜTƏXƏSSİSLƏRƏ QISQANCLIQLA YANAŞIR»

«Yeni Müsavat» qəzeti Azərbaycan Tibb Universitetində təhsil alan iranlı tələbələrin öz ölkələrinin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməsi səbəblərindən yazıb. Qəzet bildirir ki, İranın ATU-nun verdiyi diplomları tanımaqdan imtina etməyə hazırlaşması tələbələri narazı salıb:

«İran Təhsil Nazirliyinin əməkdaşı İran saytlarına açıqlamasında Azərbaycanda Tibb Universitetinin diplomunu bir həftənin içində pulla almağın mümkün olduğunu deyib və bu səbəbdən də ATU-nun diplomlarının rəsmi İran tərəfindən tanınmamasına çağırıb. ATU rektorunun köməkçisi Rafiq Bayramov «Yeni Müsavat»a açıqlamasında deyib ki, İran ATU-ya, onların mütəxəssislərinə qısqanclıqla yanaşır: «Ona görə də istəmirlər tələbələr burda oxusunlar. Diplomu 1 həftə ərzində almaq kimi iddialar isə ümumiyyətlə, cavablandırılmağa dəymir. Çünki çox absurddur. Bunun belə olmadığını hamı bilir».

«YENİ TİKİLƏN BİNALARDA MTK-LAR KÖHNƏLƏRDƏ İSƏ «JEK»LƏR PUL YIĞIR»

«Bizim yol» qəzeti çoxmərtəbəli binaların idarəolunması ilə bağlı vəziyyəti araşdırıb:

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, bu gün köhnə binaların idarə olunması Mənzil İstismar Sahələri (MİS) tərəfindən həyata keçirilir. Yeni binalar isə MTK-lar tərəfindən idarə olunur:

«Halbuki, Mənzil Məcəlləsinə görə, yeni binalar istifadəyə veriləndən 6 ay sonra kondominium həmin müştərək cəmiyyətlərə çevrilməlidir. Vəziyyət belədir ki, yeni tikilən binaların əksəriyyəti istifadəyə verilməyib.

Samir Əliyev

Samir Əliyev

Yəni, istifadəyə verilməyib o demək deyil ki, insanlar o evlərdə yaşamırlar. Sadəcə, dövlət gəlir təhvil götürür. Həmin binanın istifadəyə verilməsi ilə bağlı akt verir. Sonra da həmin binalarda yaşayan insanlara «kupça»lar verilir. Deyərdim ki, yeni binaların 90 faizi hələ də istifadəyə verilməyib. Buna görə də həmin binalarda MTK-lar fəaliyyət göstərir və sakinlər də onlara müdaxilə edə bilmir. Köhnə binaların «JEK»lər tərəfindən idarə olunması da qanunaziddir. Yeni məcəllə «JEK» adlı qurumun fəaliyyətini nəzərdə tutmur. Bu gün bizim mənzil sahəsində çox böyük problemlər var. Binalar başlı-başına qalıb».

«ETİRAZ ETMƏMƏK ZALIMIN ƏMƏLİNƏ ŞƏRİK OLMAQDIR»

«Azadlıq» qəzeti Milli Şuranın sədri Cəmil Həsənlinin müsahibəsini yayıb:

- Adamlar mitinqə niyə gəlməlidir? Mitinqdən gözləntiniz nədən ibarətdir?

Ölkədə böyük bir ədalətsizlik baş verir. Bu ədalətsizliyə etiraz əlaməti olaraq adamlar mitinqə gəlməlidir. Camaatımız imanlı camaatdır. Zülmü görüb ona etiraz etməmək zalımın əməlinə şərik olmaq deməkdir. Buna görə mitinqə gəlməlidirlər. Ölkənin hakim elitası bu ölkənin sərvətlərini talayır, heç bir qanuna əməl edilmir. Məsələn, icra başçısı yerinin satılması ilə bağlı baş verənlər. Bir az əvvəl parlament deputatının mandatının satılmasıyla bağlı faktlar açıqlanmışdı. Hakim elitanın sərvətləri barədə dəfələrlə mətbuat orqanlarında araşdırmalar aparılıb, açıqlamalar olub. Ancaq millətin günü nədən ibarətdir? Cəmiyyətin özünü müdafiə hissi olmalıdır.

Milli Şuranın mitinqi - 27 oktyabr 2014

Milli Şuranın mitinqi - 27 oktyabr 2014

İnsanlar etiraz haqqından istifadə etməlidir. Gənclərlə bağlı baş verənlər, gənc insanlar təhsil alır, ancaq iş tapa bilmir, kütləvi şəkildə təqib olunur. Onların ən yaxşı nümayəndələri bu günləri həbsdədir. Dindarlarla bağlı repressiya siyasəti aparılır. Sonuncu dəfə 30-cu illərin sonunda dindarlar kütləvi repressiyaya məruz qalıb. Hər bir mömin insanı narkotik ittihamıyla tutmaq onun imanının, etiqad etdiyi dinin narkotikə bulaşdırılmasıdır. İnsanların içərisində islama hörmət hissi varsa, bir müsəlman təəssübkeşliyi varsa, o adamlar öz din qardaşlarını müdafiə etməlidir.

«MİLLİ ŞURA»NIN MİTİNQ TAKTİKASININ NÖVBƏTİ DƏFƏ İFLASA UĞRAYACAĞI ŞÜBHƏSİZDİR»

«Yeni Azərbaycan» qəzetində bu başlıqla dərs olunan məqalədə deyilir:

«Əslində, həmin mitinqin də iflasa uğrayacağı indidən bəllidir. Çünki indiyə qədər radikal düşərgənin keçirdiyi mitinqlərə bu qondarma qurumda təmsil olunanların ailə üzvlərindən və yaxın qohumlarından başqa heç kim gəlməyib. Bunu nəzərə alsaq, 12 oktyabrda radikalların daha gülünc vəziyyətə düşəcəklərini söyləyə bilərik. Ona görə ki, ötən ilin prezident seçkilərindən sonra radikalların bir qismi «Milli şura»nı tərk edib. Hazırda bu oyuncaq qurumda AXCP, həmçinin, digər bir neçə cırtdan təşkilat qalıb».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG